Məhkəmə qərarları › İş №2(067)-1558/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1558/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1558/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Şıxəli qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Şıxəli qızının Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Şıxəli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8200 (səkkiz min iki yüz) manat pulun, 1800 (bir min səkkiz yüz) manat məbləğində vurulmuş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 10.030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şıxəli qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən “Arzu” Özəl Ticarət Mərkəzində alverlə məşqul olmuşdur. Cavabdeh həmyerlisi Alim Əhmədovun oğludur, o da bağ dərmanları və əkin toxumlarının satışı ilə məşquldur. Cavabdeh ondan əkin toxumları alaraq pulunu hissə-hissə ödəmişdir. Daha sonralar isə Cavabdeh ondan xarici toxumlar almaq məqsədilə borc pulda almışdır, artıq cavabdehin ona 6000 manat borcu vardır. Cavabdeh yenidən ondan 1000 manat borc pul istəmişdi. O, cavabdehin borcları qaytarmadığını bildiyi üçün ona 1000 manat pul vermək üçün girov qoymasını tələb etdiyində cavabdeh girov qoyacaq heç nəyinin olmadığını bildirmiş və ancaq yazılı qəbz verə biləcəyini demişdir. O, da cavabdehə xx.xx.2018-ci il tarixində yazılı qəbz imzaladaraq 1000 manat borc vermişdir. Cavabdeh əlavə olaraq dostunun 1200 manat borc istədiyini demiş və onada özü cavabdeh olacağını bildirmişdir. Həmin 1200 manat pulun alması ilə bağlı xx.xx.2018-ci il tarixli yazılı qəbz imzalamışdır. Belə ki cavabdeh Ramin əhmədovun ona 8200 manat borcu vardır. Lakin cavabdehin yazıb imzaladığı qəbzlər olduğuna baxmayaraq o borcunu qaytarmaq istəmir. Cavabdeh 2018-ci ildən bu günə qədər onaiki qat ziyan vurmuşdur. Lakin o, dəymiş maddi ziyanın bir az hissəsini yəni 1800 manat məbləğində pul tələb edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Borc qaytarılmadığına görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı Şıxəli qızı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehdən 6000 manat borc alması barədə heç bir yazılı sənəd almadığını göstərmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyib, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı pulu ona faizlə verib. O, iddiaçıdan 2017-ci ildə ayda 10%-lə 5000 manat boc pul almış, hər ay 500 manatdan 10 ay ərzində ona faiz ödəmişdir. Sonradan iddiaçı ilə razılaşmış ki, faizi dayandırılsın və gündə 20 manatdan onun 5000 manat pulunu ödəmişdir. 5000 manatdan əlavə iddiaçıdan 1000 manat borc pul almışdır. Hazırkı vaxtda iddiaçıya 2200 manat pul borcludur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2018-ci tarixli qəbzlərdən müəyyən olunur ki, Cavabdeh iddiaçıdan aldığı borc pulu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı Ceyran Ramazanov iddia ərizəsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) İş üzrə məhkəmə iclasında cavabdeh iddiaçıdan 2017-ci ildə ayda 10%-lə 5000 (beş min) manat boc pul aldığını, hər ay 500 manatdan 10 ay ərzində ona faiz ödədiyini, sonradan iddiaçı ilə faizin dayandırılması barədə razılaşaraq gündə 20 manatdan onun 5000 manat pulunu ödədiyini bildirmişdir. Məhkəmə MPM-in 77-ci maddəsinin tələbləri baxımından iddiaçıdan alınmış 5000 manat məbləğində pulun qaytarılmasına dair mötəbər sübutların cavabdeh tərəfindən təqdim edilməli olduğunu hesab edir. Lakin, cavabdeh qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, işdə olan yazılı qəbzlərdən cavabdehin iddiaçıdan ayrı-ayrılıqda 1000 (bir min) manat və 1200 (bir min iki yüz) manat məbləğində borc pul aldığı və həmin pulun iddiaçıya qaytarılmadığı müəyyən olunur. 1800 (bir min səkkiz yüz) manat məbləğində vurulmuş ziyanla bağlı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindəm, məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməməli olduğunu hesab edir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Şıxəli qızına ödənilməlidir. Rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Şıxəli qızına ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar