Məhkəmə qərarları › İş №2(067)-1561/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1561/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1561/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı Şıxəli qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Şıxəli qızının Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şıxəli qızı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şıxəli qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısı X1 ögey oğludur. Evlərində şadlıq məclisi keçirəndə pul yardımı etmişdir. Cavabdeh ondan 1500 manat pul almış, 200 manatını qaytarmışdı. Lakin qalan 1300 manatı gecikdirirdi, vermirdi. xx.xx.2019-cu il tarixdə cavabdeh onun yanına gələrək, yenə pul istəmiş və əvəzində maaş kartını girov qoyacağını demişdir. Ondan 500 manat da pul verməsini xahiş etmiş, sonra hər ay maaşını əvvəlki borclarla birgə götürməyi təklif etmişdir. O, da əvvəlki borcları almaq üçün cavabdehə 500 yox, 400 manat pul vermiş və onun dilindən zəmanət yazıb verməyi təklif etmişdir. Cavabdeh razılaşaraq 1700 manatlıq zəmanət kağızı və maaş kartını ona vermişdir. Maaş kartı barədə atasının bilməməsini xahiş etmişdir ki, onu danlamasın. Bir gün sonra bacısı ona atasının Kərimin maaş kartını mağazalara borcu olmasına görə aldığını bildirmişdir. O, çaşıb qalmış və maaş karına baxanda Kərimin köhnə iş yerinin işlənməyən kartı olduğunu görmüşdür. O, dəfələrlə cavabdehə bu barədə desə də, cavabdeh hər dəfə zarafatla nə vaxtsa verəcəyini deyir. Lakin, onun gözləməyə vaxtı yoxdur. O ancaq yalan vədlər verir. Məhkəmə iclasında İddiaçı Şıxəli qızıiddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddiaçıya 1700 manat məbləğində pul borclu olduğunu, maddi vəziyyəti ağır olduğuna görə borcunu qaytara bilmədiyini, yaxın zamanlarda borcunu tam qaytaracağını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh İddiaçı Şıxəli qızından 1700 manat məbləğində borc pul aldığını təsdiq etmiş və borcu 7 aya qaytaracağını vəd etmişdir. Dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli qəbzdən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Xaçmaz Rayon Məhkəməsinin hesabına 30 (otuz) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından cavabdehin iddiaçıdan 1700 manat məbləğində borc pul götürdüyü və həmin pulu qaytarmadığı müəyyən edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Şıxəli qızının xeyrinə 1700 (min yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Şıxəli qızının xeyrinə 1700 (min yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar