Məhkəmə qərarları › İş №2(067)-1601/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1601/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1601/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh himayəsində olan yetkinlik yaşlnaa çatmamış uşağı 27 yanvar 2010-cu il təvəllüdlü X1 üçün Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(067)-527/2015 saylı qətnaməsinə əsasən qət edilmiş 100 manat sabit pul məbləğinin artırılaraq hər ay 300 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(067)-527/2015 saylı qətnaməsinə əsasən himayəsində olan uşaq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh ilə birgə nikahndan olan azyaşlı uşaq onun himayəsindədir. Hazırda 100 manat aliment pulu uşağın ehtiyaclarını ödəmir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğində alimentin artırılmasını istəyir. Hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay hər 300 manat aliment tutulsa uşağın ehtiyaclarını müəyyən qədər ödəyə bilər. 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Bildirir ki, cavabdehin gəlirləri qeyri müntəzəmdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında göstərmişdir ki, tərəflərin birgə nikahından 1 övladları var. Cavabdehlə rəsmi şəkildə ayrılıblar. 100 manat aliment təyin olunsa da, cavabdeh 60 manat aliment ödəyirdi. Daha sonra isə 70 manat aliment ödəməyə başladı. Bu vaxta kimi də alimentin artırılması ilə bağlı müraciət olunmayıb. Lakin cavabdehin verdiyi 70 manat uşağın xərclərini qarşılamır. Xahiş edir ki, iddia təmin olunsun. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-527/2015 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan 27 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Müzəffər qızının xeyrinə verilməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2010-cu ildə anadan olub. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan bir uşaq doğulmuşdur. Məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuş, cavabdehdən uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının müvafiq qanunu ilə 2024-cü il uşaqlar üçün yaşayış minimumu isə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-527/2015 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-527/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 235 manat məbləğinin 180 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də ana tərəfindən ödənilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-527/2015 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 180 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar