Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1603/2024 07.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış 10 avqust 2014-cü il təvəllüdlü X1 üçün Xaçmaz rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(067)-7083/2016 saylı qətnaməsinə əsasən qət edilmiş 90 manat sabit pul məbləğinin artırılaraq hər ay 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(067)-7083/2016 saylı qətnaməsinə əsasən himayəsində olan 10 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat sabit pul məbləğində aliment Cavabdeh tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh ilə birgə nikahdan olan azyaşlı uşaq onun himayəsindədir. Hazırda 90 manat aliment pul məbləği uşağın ehtiyaclarını ödəmir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğində alimentin artırılmasını istəyir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, alimentin məbləğinin artırılaraq ən azı 200 manat olmasını istəyir. Cavabdeh 2 ildir uşağı ilə maraqlanmır. Buna görə məhkəməyə alimentin miqdarının artırılması ilə bağlı ərizə ilə müraciət etmişdir. 90 manat aliment uşağın saxlanılması üçün son illər kifayət etmir. Cavabdehin 200 manat aliment ödəməyə maddi imkanı var. O, ustadır, santexnik işləri görür, istilik sistemləri çəkir, son 2 ildə istirahət mərkəzlərinə gedir. Sosial şəbəkələrdə işlərini nümayiş etdirir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 200 manat aliment ödəyə bilməyəcək. Ayda 120-130 manat aliment ödəyə bilər. Onun ikinci uşağı da var. Bəzən ayda 300 manat, bəzən 400 manat, bəzən 500 manat qazancı olur. Özü usta işləmir, usta yanında köməkçi işləyir, iş olanda bacardığı işləri görür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(067)-7083/2016 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 10 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 90 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X3 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X3 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 90 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 10 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 70 manat artırıldığından, iddianın qiyməti 70 manat x 12 aya=840 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(067)-7083/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 10 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1603/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1603/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver