Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-161/2022 27.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi çəkisi 80 qram olan qızıl-zinyət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh sələmçiliklə müraciət edən şəxslərə borca pul verməsini bildiyindən 2014-cü ilin oktyabrında ondan borca pul istəmişdir. Cavabdeh bildirmişdir ki, qızıl-zinyət əşyaları girov qoymaqla borca pul ala bilər. Razılıqlarına əsasən özünə və digər şəxslərə məxsus 97 qram çəkidə qızıl-zinyət əşyalarını cavabdehə girov qoyaraq ayda 10% ödəmək şərtilə cavabdehdən 1100 manat borca pul almışdır. Razılıqlarına əsasən pulu hissə-hissə faizi ilə birlikdə ona qaytarmalı cavabdeh isə qızıl-zinyət əşyalarını ona qaytarmalı olmuşdur. 08 ay ərzində cavabdehə 680 manat faiz borcu ödəmişdir, 08 aydan sonra cavabdehə əsas borcdan 1500 manat ödəyərək xahiş etmişdir ki, qızılları qaytarsın. Cavabdeh ona cəmi 17 qram qızıl qaytarmış və bildirmişdir ki, qalan 80 qram qızıl-zinyət əşyaları bankdadır, borcu tam ödəyən kimi qızılların hamısını ona qaytaracaq. Sonraki iki ay ərzində qalan borcu faizi ilə birlikdə 800 manat hazırlayıb cavabdehə təklif etmişdir ki, borc götürüb qızılları qaytarsın. Lakin cavabdeh bildirmişdir ki, pulun qaytarılmasını gecikdirdiyinə görə qızılları satmışdır. Halbuki cavabdeh özü onun telefon zənglərinə cavab verməmiş, onunla görüşməkdən yayınmış, evinə getdiyi zaman qapını açmamışdır. Onunla küçədə təsadüfən görüşərkən qızılları satdığını bildirmişdir. Cavabdehin götürərək qaytarmadığı qızıl-zinyət əşyalarını Nigar adlı şəxsdən götürmüşdür ki, girov qoyub cavabdehdən faizə pul alsın. Nigarın qızıllarını qaytara bilmədiyinə görə yəni cavabdeh girovda olan qızılları ona vermədiyinə görə Nigara qızılların əvəzinə xeyli miqdarda pul ödəmişdir. Cavabdehə girov verərək faizə borc aldığı qızıl-zinyət əşyaları 10 qram çəkidə briliant qaşlı 2 ədəd üzük, 25 qram çəkidə Türkiyə istehsalı 3 ədəd boyunbağı, 4.5 qram çəkidə Türkiyə istehsalı qolbaq, 6 qram çəkidə Türkiyə istehsalı qolbaq, 5 qram çəkidə Türkiyə istehsalı 2 ədəd uşaq üçün boyunbağı, 5.5 qram çəkidə Türkiyə istehsalı 1 ədəd üzük, 15 qram çəkidə Rusiya istehsalı klonlu boyunbağı, 4 qram çəkidə Türkiyə istehsalı 1 ədəd üzük, 5 qram çəkidə Türkiyə istehsalı sırqalardan ibarətdir. Cavabdeh ondan aldığı və qaytarmadığı 80 qram qızıl-zinyət əşyalarını vermədiyinə görə Xaçmaz rayon Prokurorluğuna, Xaçmaz rayon Polis şöbəsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna dəfələrlə şikayət ərizələri göndərərək, müvafiq tədbirlər görülməsini, qızıl-zinyət əşyalarının qaytarılmasına köməklik etmələrini habelə, barəsində dələduzluq etdiyinə görə cinayət işi açmalarını xahiş etmişdir. Başqa sözlə, bu vaxta qədər qızlılların qaytarılması üçün çalışmışdır. Hazırda qızılın qiymətində kifayət qədər yüksək artımlar var, cavabdehin mənimsədiyi qızıl-zinyət əşyalarının hazırki dəyəri 4000 manat civarındadır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçıya borc pul verməmiş və iddiaçıdan girov kimi heç bir qızıl-zinət əşyası almamışdır. İddiaçı, onun anasından pul alıb qaytarmamış, ona görə də anası onu məhkəməyə vermiş və anasının iddiası təmin olunmuşdur. Həmin vaxt o, anasının yanında olmuşdur, ona görə də iddiaçı ondan bunun qisasını almaq istəyir. İddiaçı ilə aralarında borc pul verilməsi ilə bağlı heç bir razılaşma olmayıb. İddiaçıya məxsus heç bir qızıl-zinət əşyası onda yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə nəzərə alır, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı iddia tələbini cavabdehə qızıl zinət əşyalarını verməsi və əvəzində ondan pul götürməsi ilə əsaslandırsa da, qeyd edilən halları təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini şərtləndirən hüquqi faktlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisədə iddiaçı və cavabdeh arasında cavabdehin iddiaçı qarşısında öhdəliyini yaradan hüquq münasibətlərini doğuran hüquqi fakt mövcud deyil. Məhkəmə tərəfi ancaq o zaman nəyəsə (məsələn, əşyanı qaytarmağa, ziyanı ödəməyə və s.) məcbur edə bilər ki, bunun üçün qanuni əsas olsun, yəni hakimin qərarı qanundan irəli gəlməlidir. Mülki işlər üzrə məhkəməyə bir tərəfin maraqları naminə başqa fiziki və hüquqi şəxslər barədə məcburetmə tədbirləri həyata keçirməyə səlahiyyət verən bu cür hüquq normaları tələbin qanuni əsasları adlanır. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qızıl-zinət əşyalarının alınıb ona verilməsi tələbinin təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-161/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-161/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver