Məhkəmə qərarları › İş №2(067)-1629/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1629/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1629/2025 28.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh əmlakına vurulmuş zərərin əvəzi olaraq 4000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumu pulun, cəmi 4060 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 ona qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilməsinin qarşısının alınması və həmin gediş-gəliş yolunun bərpa edilərək maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin olunaraq İddiaçı tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolundan maneəsiz və sərbəst istifadəyə törədilən maneələrin aradan qaldırılması, yolun daralmış hissəsinin əvvəlki vəziyyətə bərpa edilməsi qət edilmişdir (hakim Fizuli Mirzəquliyev). Hakim iddiaçının əsassız iddia tələbini təmin edərkən iş üzrə keçirilmiş ekspertizasının rəyini əsas götürmüşdür ki, həmin rəydə “cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluq var və cavabdeh tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolu daraldılmışdır”. Ekspert rəyində və qətnamədə onun tərəfindən gediş-gəliş yolunun konkret olaraq hansı hissəsində və hansı ölçüdə qanunsuz istifadə edilməsi göstərilməmişdir. Halbuki məhkəmədə o, iddianı qəbul etməmiş və sübutları təqdim etmişdir. Buna baxmayaraq, iddia tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış və qətnamə üzrə verilmiş icra sənədi icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi cavabdeh icra məmuru Cavabdeh icraatına verilmişdir. Cavabdeh icra sənədinin icrası ilə bağlı əraziyə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İlkin adlı mütəxəssisini dəvət etmiş, həmin mütəxəssis ölçmə işlərini apararaq bildirmişdir ki, İddiaçı ictimai yolun hər hansı hissəsini zəbt etməmiş, əksinə iş üzrə iddiaçı X4 özü yolun bir hissəsini zəbt etmişdir. Bundan müəyyən müddət keçəndən sonra cavabdeh yenidən mübahisəli əraziyə gələrək bu dəfə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Salman adlı mütəxəssisi dəvət etmiş, həmin mütəxəssis də ölçmə işləri apararaq bildirmişdir ki, İddiaçı yolun hər hansı hissəsini zəbt etməmiş, əksinə X4 özü yolun bir hissəsini zəbt etmişdir (1.55 metr enliyində). Bütün bunlardan sonra cavabdeh Xaçmaz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin izah edilməsini xahiş etmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(067)-88/2021 saylı qərardadı ilə cavabdehin təqdimatı təmin olunmamışdır. Baxmayaraq ki, məhkəmənin qətnaməsində və onun əsasında verilmiş icra sənədində tərəfindən ictimai yolun konkret olaraq hansı hissəsinin zəbt olunduğu və “yolun daralmış hissəsinin əvvəlki vəziyyətində bərpa edilməsi” hansı ölçülərdə olması qeyd edilməmişdir, cavabdeh vəzifələrindən sui-istifadə edərək və dəfələrlə tələbkar X3 evində qonaq olduğu üçün 21 aprel 2022-ci il tarixdə əraziyə tələbkarın qardaşının idarə etdiyi ekskavator traktoru gətirərək onun torpaq sahəsinin mişar daşından çəkilmiş hasarını traktorla dağıtdırmışdır. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əmlakına ziyan vurulmuşdur. Cavabdehin yuxarıda göstərilən hərəkətlərini ona görə qanunsuz hesab edir ki, məhkəmənin qətnaməsində torpaq sahəsinə çəkilmiş mişar daşından olan hasarın sökülməsi göstərilməmişdir. Bundan da əlavə qətnamədə və icra sənədində yolun hansı hissəsinin tərəfindən zəbt olunduğu qeyd edilməmiş, icra məmuru olaraq cavabdeh məhkəməyə qətnamənin izah edilməsi barədə təqdimatla müraciət etməsi, həmin qətnamənin qeyri-müəyyən olmasına dəlalət edən hallardan biridir. İcra məmuru olaraq cavabdeh icra sənədini icrası mümkün olmayan sənəd kimi geri qaytarmaq əvəzinə özünün hansısa şəxsi maraqlarından onun torpaq sahəsinin hasarını traktorla dağıtdırmışdır. Hasarın uzunluğu 78 metr, hündürlüyü 1.70 metr olmuşdur. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakına dəymiş ziyanın məbləği 4000 manat təşkil edir. Bura həmin hasarın yenidən tikilməsi xərcləri (usta pulu, sement və qum pulu) aiddir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh qanunsuz olaraq hasarını söküb. Onu 2 dəfə məhkəməyə çağırsa da özü gəlməyib. Ekspert rəyi də yox idi. Yol asfalt olub və 1960-cı ildə tikilib. Onun hasarı yolda deyil. İddiaçının qardaşının ekskovatoru ilə onun hasarını söküb. İcra məmuru barədə dəfələrlə şikayət etmişdir. Ona sökmə barədə xəbərdarlıq olunmuşdur. 2021-ci ildə cavabdeh reyestrdən 2 nəfər adam gətirib ölçmə işləri apardı. Onlar onun haqlı olduğunu dedilər. Rəsmi heç bir sənəd verməyiblər. Cavabdeh akt tərtib edib məhkəməyə verib. Cavabdeh hasarını qanunsuz olaraq söküb. Ona maddi ziyan vurub. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, icra sənədi üzrə xitam qərarı olub. İddiaçı narazı idisə həmin qərardan vaxtında şikayət verməli idi. xx.xx.2017-ci il tarixdə icra sənədi olub. İddiaçı istifadəsində olan ümumi istifadə üçün olan gediş-gəliş yolunun əvvəlki vəziyyətə qaytarılması və tam bərpa olunması qeyd olunmuşdur. Həm məhkəmə qərarı qəbul edilərkən, həm də icra mərhələsində ekspert rəyi olub. O, məhkəmə qərarı əsasında icra sənədini icra edərək xitam vermişdir Rəyə əsasən işi icra etmişdir. Akt da tərtib olunub. Akta icra məmurları və polis əməkdaşları imza edib. Bundan əlavə də akt var. Həmin aktdan da görünür ki, tələbkar Şeydayev Əmrah müraciət edərək, evinə gediş-gəliş yolunun İddiaçı tərəfindən zəbt olunaraq istifadə olunduğunu bildirmişdir. İddiaçının həmin qərardan verdiyi şikayətlər təmin olunmayıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən öz torpaq hüdudlarından kənara çıxmaqla ümumi istifadədə olan yolun qanunsuz zəbt edilməsinin qarşısının alınması və həmin gediş-gəliş yolunun bərpa edilərək maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolundan maneəsiz və sərbəst istifadəyə törədilən maneələrin aradan qaldırılması, yolun daralmış hissəsinin əvvəlki vəziyyətində bərpa edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu Şıxlı (Qırmızı Xutor) kəndində xüsusi mülkiyyətində 0.4905 ha torpaq sahəsi vardır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 11874 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİnin mütəxəssisi A.İbadov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********49 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, cavabdehin mülkiyyət sənədində göstərilən torpaq sahəsinin cizgiləri ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. Cavabdeh tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolu tam olaraq tutulmasa da, həmin yol daraldılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-819/2020 saylı qərarından müəyyən olunur ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-84/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin, Xaçmaz RPŞ-nin, Xaçmaz rayonu İcra Hakimiyyətinin Uzunoba İƏD, Xaçmaz rayonu Uzunoba Bələdiyyəsinin və tələbkarın nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Xaçmaz rayonu Şıxlı (Qımızı Xutor) kəndində gediş-gəliş yolundan maneəsiz və sərbəst istifadəyə törədilən maneələr aradan qaldırılmışdır. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cavabdeh tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, icra sənədi üzrə tələb təmin olunduğundan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, xx.xx.2022-ci il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cavabdeh həmin şöbənin digər əməkdaşları, Xaçmaz RPŞnin, Xaçmaz rayonu İcra Hakimiyyətinin Uzunoba İƏD, Xaçmaz rayonu Uzunoba Bələdiyyəsinin və tələbkarın nümayəndələrinin iştirakı ilə xüsusi texnika (traktor) ilə ümumi istifadədə olan yolun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, İddiaçı tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolundan maneəsiz və sərbəst istifadəyə törədilən maneələrin aradan qaldırılması təmin edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələb təmin olunduğundan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1317/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəf ona zərər vurulduğunu və bu zərərin cavabdeh tərəfindən vurulduğunu iddia etsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar