Məhkəmə qərarları › İş №2(067)-1637/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1637/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1637/2020 04.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 502 (beş yüz iki) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi tanıdığına görə ona 1800 ABŞ dolları pul borc vermişdir. Həmin məbləğin 750 ABŞ dollarını xx.xx.2019-cu il tarixə kimi qaytarmışdır, lakin qalan 1050 ABŞ dolları qaytarmaqdan imtina etmişdir. O, xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, cavabdeh borcu qaytaracağına söz verdiyindən həmin iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin borcdan 2019-cu ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər hissə-hissə olaraq 548 ABŞ dolları qaytarmışdır, qalan 502 ABŞ dolları borcu qaytarmaqdan imtina etmişdir. O, borc qaytarılmadığına görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehdən borc alması barədə heç bir yazılı sənəd almadığını göstərmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdeh X2 iddianı qəbul etməyərək, həqiqətən iddiaçıdan 1992-ci ildə 1700 ABŞ dolları borc pul almışdır. Sonra həmin pulu şahidlərin yanında hissə-hissə qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçıdan 1992-ci ildə 1700 ABŞ dolları borc pul aldığını və həmin pulu qaytardığını bildirdiyi üçün özü üçün əlverişli olan halı, yəni iddiaçıdan aldığı pulu qaytardığını sübut etmə vəzifəsi bilavasitə onun üzərinə düşür. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmamasına baxmayaraq, məhkəmə cavabdehin iddiaçıdan borc pul almasını, lakin həmin pulu hissə-hissə tam olaraq qaytarmasını bildirməsini, onlar arasında faktiki olaraq borc münasibətlərinin yarandığını nəzərə alaraq, hazırkı mübahisəyə Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin borc müqaviləsinə aid normalarının tətbiq edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 266-cı maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borc verən) digər tərəfin (borc alanın) mülkiyyətinə, əməli surətdə idarə etməsinə pul və ya cinsi əlamətləri ilə müəyyən edilən şey verir, borc alan isə müqavilədə müddət göstərilmədikdə isə borc verənin tələbi üzrə (bu Məcəllənin 163-cü maddəsi), aldığı eyni pul məbləğini və ya şeyin miqdarına, keyfiyyətinə və cinsinə bərabər olan şeyi qaytarmaq öhdəçiliyini öz üzərinə götürür. Borc müqaviləsində müqavilənin predmeti ilə yanaşı onun pulla qiyməti də göstərilməlidir. Borc müqaviləsi pulun və ya şeylərin təhvil verildiyi vaxt bağlanmış hesab olunur. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən minimum əmək haqqının bir mislindən yuxarı məbləğə bağlanan borc müqaviləsi yazılı formada olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 266-cı maddəsinin tələbləri çərçivəsində borc məbləğini tələb etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçıdan 1992ci ildə 1700 ABŞ dolları borc pul aldığını və həmin pulu qaytardığını bildirdiyi üçün özü üçün əlverişli olan halı, yəni iddiaçıdan aldığı pulu qaytardığını sübut etmə vəzifəsi bilavasitə onun üzərinə düşür. Bu baxımdan məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən 750 ABŞ dollarının xx.xx.2019-cu il tarixə kimi iddiaçıya qaytarıldığı müəyyən edilir. Cavabdeh özü də yazılı ərizə verərək iddiaçıya 2019-cu il 28 may tarixinə kimi 750 ABŞ dolları qaytardığını göstərmişdir. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt (1996-cı il) qüvvədə olan qanunvericiliyin normalarından görünür ki, ümumi iddia müddəti 3 il müəyyən edilmişdir və 1964-cü il Mülki Məcəlləsinin 77-ci maddəsi imperativ qaydada müəyyən edilmişdir ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilməlidir. Lakin Həmin Məcəllənin 81-ci maddəsində göstərilir ki, müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia, iddia müddətinin axımı kəsmir. Tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcu etiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya 750 ABŞ dolları məbləğində pul ödənildiyi üçün hazırkı halda iddia müddətinin axımı kəsilmiş və yenidən başlanmışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 502 (beş yüz iki) ABŞ dolları məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 502 (beş yüz iki) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar