Məhkəmə qərarları › İş №2(067)-166/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-166/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-166/2023 10.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulxaliq qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona ödəməli olduğu 14400 (on dörd min dörd yüz) manat və 134 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, yuxanda göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də fərdi əmək fəaliyyəti ilə məşğul olur. Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan Cavabdeh2m çoxdan tanıyır. Cavabdeh1 onun əridir. 2021ci ilin yanvar-fevral ayında Cavabdeh2 əri Tahirlə birlikdə yaşadığı evə gələrək ondan borc pul istədilər. O, Gülnarəyə 14400 manat pul borc vermişdir. Gülnarə bildirdi ki, evini satıb tezliklə onun pulunu qaytaracaq. Onda məlumat var idi ki,Gülnarəgili evini satışa qoymuşlar. Onun Gülnarə ilə yaxşı münasibəti olduğu üçün ona inanmış və onlarla razılaşmışdır. O, bu məqsədlə səhərisi gün Rabitəbanka gedərək özünə məxsus qızılları banka girov qoyaraq 6000 manat kredit, götürmüşdür.Özündə də 2400 manat pul var idi. Çatışmayan 6000 manat pulu isə Xaçmaz şəhər sakini Səməndərdən borc olaraq götürmüşdür.Həmin günü də 14400 manat pulu Gülnarə ilə Tahirə vermişdir. Pulu götürdükdən sonra Gülnarə ilə Tahir ona söz verdikləri pulu qısa vaxtda geri qaytaracaqlarına söz verdilər. Üzərindən 7-8 ay keçdikdən sonra pulunu qaytarmadıqlarını görüb pulunu geri istdədikdə isə onlar yenə evlərini satıb qaytaracaqlarını ona bildirdilər. Bundan sonra Polis Orqanlarına müraciət etmişdir. Cavabdeh 14400 manat borcu qaytaracağına dair Xaçmaz RPŞ-nin İTB-nə yazılı iltizam vermişdir. Cavabdeh ona xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh ona vurduğu ziyanı yəni 14400 (on dörd min dörd yüz) manatı borclu olduğu pulu qaytarmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, mübahisələndirdiyi məsələni Mülki Məcəllənin 477-ci və 572-ci maddələrinin Plemium qərarları da açıq şəkildə təsdiq edir. Vərəsəliyi götürən şəxs digər öhdəlikləri də götürməlidir. Həmçinin pul tələbi üzrə məsuliyyəti də daşımalıdır. Artıq bu məsələ 2022-ci ildən mübahisələndirilir və düşünür ki, kifayət qədər müddətdir ki, proses davam edir. Eyni zamanda, Mülki Məcəllənin 1153-cü maddəsində göstərilir ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Xahiş edir, Cavabdeh2 Abdulxaliq qızı digər Cavabdeh1 prosesual hüquqi varisi kimi tanınsın. İddianı müdafiə edir. Cavabdeh1 prosesual hüquqi varisi olan Cavabdeh2 Abdulxaliq qızından 14400 manatın alınaraq iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 Abdulxaliq qızına(eyni zamanda Cavabdeh1 prosesual hüquqi varisi) lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan ümumlikdə 14400 manat borc pul almış, həmin pulu qaytaracağına söz vermişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə Cavabdeh2 Abdulxaliq qızı xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Cavabdeh1 özünə məxsus olan Xaçmaz rayon Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evini və 0.12 hektar torpaq sahəsini ünvan 1 ünvanında y aşayan arvadı Cavabdeh2 Abdulxaliq qızına vəsiyyət etmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 05 may 2023-cü il tarixli 518 saylı sorğuya cavabından müəyyən olunur ki, Cavabdeh1 miras qalmış hər hansı bir əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Xaçmaz rayon 1 saylı notariat ofisində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qaraçı kənd İƏD üzrə nümayəndəliyinin 12 iyun 2023-cü il tarixli, 29 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Baxşıyev X1 dəfn olunmuş, vəfat edən günədək Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Cavabdeh2 Abdulxaliq qızı ilə birgə yaşamış və hal hazırda Cavabdeh2 Abdulxaliq qızı həmin evdə yaşayır. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışdan müəyyən olunur ki, Cavabdeh1 vəfatından sonra ailə tərkibi olaraq Cavabdeh2 qalmışdır. Vəfatından sonra evi və təsərrüfatı həyat yoldaşı Cavabdeh2 idarə edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh iddiaçıdan borc almasına dair müvafiq iltizam (əqd) yazıb imzalayaraq iddiaçıya verdiyindən və cavabdeh borcunu ödəməsini təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, həmçinin cavabdeh özü də borcunu etiraf etdiyindən onun iddiaçı qarşısında pulun qaytarılmasına dair öhdəliyinin mövcud olduğu təsdiq olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəf iddiaçıdan 14400 manat məbləğində borc pulu qaytaracağı barədə öhdəlik verərək almışdır. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi qərarında da cavabdehlər iddiaçıdan borc pul aldıqlarını etiraf etmişlər.Tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdehlər üzərlərinə götürdükləri vəzifələrə dair öhdəlik götürmüşlər. Lakin nəzərdə tutulan öhdəlik onlar tərəfindən yerinə yetirilməmişdir.Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh2 Abdulxaliq qızından (eyni zamanda Cavabdeh1 prosessual hüquqi varisi) 14400 manat məbləğində pul və ödənilmiş 134 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar