Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1666/2023 10.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2340 manat dəymiş ziyanın, 2228 manat hesablanmış cərimə faizinin və 66,08 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsində icarəyə götürdüyü Həyat mebel mağazasını işlədir. 26 oktyabr 2022-ci il tarixində Xaçmaz rayon Rəhimoba kənd sakini Cavabdeh icarəyə alaraq işlətdiyi mağazadan 10/26 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında 3100 manat məbləğində anası Şahid ilə birlikdə özlərinin seçib bəyəndikləri cehizlik mebel dəstini almışdır. O, ilkin olaraq 600 manat ödəniş etmişdir. Qalan 2500 manat məbləği isə müqavilənin 3-3.4. bəndinə əsasən xx.xx.2023-ci il tarixinə kimi ödəniş cədvəlinə əsasən tam şəkildə ödəməyi öhdəsinə götürərək müqavilə bağlamışdır. Anası Şahid ilə birlikdə mağazada görüb bəyənib seçdikləri mebeli xx.xx.2022-ci il tarixində əlavə olaraq 100 manat da ödəniş edərək mebeli cavabdehin özünün gətirdiyi yük avtomobilinə yükləyərək Saatlı rayonuna göndərmişlər. Göndərdiyi usta X4 yataq-qonaq mebel dəstini müştərinin dediyi ünvanda tam olaraq quraşdırmışdır. Şahid onlara çatdırdığı məlumata görə mebel tam yığıldıqdan sonra bəyin və bəyin anasının xoşuna gəlməmiş, iki qohum arasında narazıçılıq yaranmışdır. Cavabdeh anası Şahid və xalası xx.xx.2022-ci ildə iş vaxtının sona çatdığı vaxtda mağazaya gəlmiş və yüksək tonla danışaraq onları təhqir edərək bəy evinin mebeli bəyənmədiyini bildirmişdir. İş vaxtının bitdiyini nəzərə almayaraq müdiriyyətin mağazaya gəlməsini tələb etmiş, müdiriyyət gəlib vəziyyəti araşdırdıqdan sonra yeni qurulmuş ailənin söz-söhbət yaşamağına razı olmamış və icazə vermişdir ki, yeni mebel seçsinlər. Özləri bəyənib apardıqları mebeli usta tərəfindən sökülməyinə razılıq verilmişdir. Yenidən digər fabrikdən seçim etdikləri 3500 manat məbləğində yeni yataq- qonaq dəstini sosial şəbəkə vasitəsi ilə qızı və bəy tərəflə razılaşdıqdan sonra digər müqavilə imzalanmışdır. Yenidən digər fabrikdən seçim etdikləri yeni yataq-qonaq dəstini həmin ünvana gecə oımasına baxmayaraq yük maşını ilə çatdırmışlar. Göndərdikləri usta sökdüyü mebeli yük maşını tutaraq Xaçmaz rayonuna gətirmişdir. Digər rayondan danışıb göndərdikləri usta X1 gece ilə yeni mebeli yığaraq bəy evinə təhvil vermişdir. Bəy evinin bu mebeli bəyəndiklərini, artıq hec bir problem olmadıqını bildirmişlər. 2-ci müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinədək hər ay 400 manat ödəniş etməli idi. Heç bir dəfə də ödəniş etməmişlər. Dəfələrlə zəng edərək xəbərdarlıq etmişlər. Hər dəfə danışanda ödəniş edəcək demişdir. Müqaviləyə əsasən cavabdeh müəyyən edilmiş müddətdə aldığı malın ödənişi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə, Satıcı ödəniş müddəti ötmüş məbləğə, gecikdirilmiş hər bir ödəniş gününə görə, gecikdirilmiş ödəniş məbləğinin 1 % miqdarında cəriməni hesablayaraq əlavə etmək hüququna malikdir. Bundan sonra israr edərək cavabdehi mağazaya dəvət etmişlər, lakin cavabdeh gəlməmiş, anası Şahid gələrək qızının boşandığını bildirərək heç bir pul ödəməyəcəyini demişdir. Onlar bildirmişlər ki, mebeli Cavabdeh və anası Şahid satdıqlarına görə onların iştirakı olmadan mebeli sökə bilməzlər. Cavabdeh və anası Şahid iştirakı ilə xx.xx.2023-cü il tarixində ustaları Saatlı rayonuna mebeli sökmək üçün göndərmişlər. 10/29/2 nömrəli müqaviləyə əsasən Alıcı müqavilə ilə müəyyən edilmiş müddətdə növbəti ödənişi həyata keçirməzsə, Satıcı satılmış malın geri qaytarılmasını tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixində cavabdeh və anasının iştirakı ilə mebeli çatdırılmış ünvandan tam şəkildə geri götürmüşlər. Mebeli götürdükdən sonra Şahid bir neçə dəfə mağazaya gələrək təhqiramiz ifadələrdən istifadə edərək onları təhqir etmiş, satıcıdan və digər işçilərdən pul tələbi etmişdir. Müqavilə şərtləri cavabdehə tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də tamamilə pozulmuşdur. Müqavilənin şərtlərinin tam şəkildə pozulmasına görə hər iki müqavilədə olan üzərlərinə düşən öhdəlikləri tam şəkildə həyata keçirmişlər. Öhdəlikləri tam şəkildə həyata keçirmək üçün çəkdikləri əlavə xərclər, hesablanmış cərimə faizlər və ödənilmiş dövlət rüsumu tam şəkildə cavabdehdən alınaraq onlara ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə barışıq əldə etməmişlər. Cavabdeh 3100 manata onların mebel salonlarından mebel dəsti almışdır. Həmin puldan ilkin ödəniş olaraq 700 manat pul ödənilmişdir. Müştəri mebeli Saatlı rayonuna aparılmalı idi. Məsafə uzaq olduğundan müştəri ilə belə razılığa gəlinmişdir ki, mebel Saatlı rayonuna “166 yük daşıma” xidməti vasitəsilə çatdırılacaq və xidmət haqqını müştəri özü ödəyəcək, qalan xərclər isə yükləmə, boşaltma və quraşdırılma onların öhdəsində idi və satış qiymətinə daxil idi. Daha sonra, mebel Saatlıya aparılmış, yerində quraşdırılmışdır. Lakin bir müddət sonra, cavabdeh tərəf mebeli bəyənməmiş və cavabdehin anası onların mebel salonlarına gələrək, yeni mebel ilə əvəz olunmasını xahiş etmişdir. Belə bir razılığa gəlinmişdir ki, əvvəlki mebel qaytarılacaq, əvəzində isə 3500 manat dəyərində yeni mebel veriləcək. Tərəflər arasında yeni müqavilə bağlandı və müqaviləni Cavidin əvəzinə anası Yasəmən imza etmişdir. Bu dəfə qarşılıqlı razılaşmaya görə, mebeli onlar öz hesablarına Saatlı rayonunda söküb, yük maşınına yükləyib, Bakıya gətirmişlər, yeni mebeli isə müştəriyə Cəlilabad rayonunda yerləşən anbardan müştərinin Saatlı rayonunda olan evinə öz vəsaiti hesablarına çatdırıb quraşdırmışlar. Buna baxmayaraq, müştəri aylıq ödənişləri vaxtında etməmiş və bir neçə aydan sonra mebel dəstini mebel salonuna qaytarmaq istədiyini bildirmişdir. Onlar isə məcbur olub mebel dəstini müştəridən təhvil almışlar və yenidən öz vəsaiti hesabına Saatlı rayonunda mebel dəstini söküb yük maşınına yükləyib Xaçmaz rayonuna gətirmişlər. Beləliklə də, müştəri, yəni cavabdeh 3500 manata onların salonundan mebel almağa razılaşmış, cəmi 700 manat pul ödəmiş, qalan pulları ödəməyərək mebel dəstini təhvil vermişdir. Buna görə də cavabdehdən 2340 manat dəymiş ziyan və 2228 manat cərimə faizi tutularaq iddiaçıya ödənilməlidir. Dəymiş ziyan məbləğinə mebel dəstinin mebel salonunda olan vitrindən sökülməsi, onun maşına yüklənməsi, Saatlı rayonuna çatdırılması, çatdırılma zamanı sərf olunan yanacağın dəyəri,yolda işçilərin yemək xərcləri, mebelin Saatlı rayonunda quraşdırılması, yenidən sökülməsi və Xaçmaz rayonuna geri qaytarılması və yenidən vitrinə yığılması həmçinin cavaddeh tərəfindən mebeldən 5 ay müddətində istifadə etdiyinə görə, həmin mebelin icarə haqqısı maddi ziyan məbləğinə aiddir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə barışıq əldə etməmişlər. İddiaçının dediyi kimi, həqiqətən də o, mebel salonundan 3100 manata mebel dəstini nisyə-alqı satqı müqaviləsinə əsasən almış, lakin çatdırılacaq nöqtə uzaq olduğundan, öz vəsaiti hesabına Saatlı rayonuna aparmışdır. O yalnız yol pulunu ödəmişdir, mebelin vitrindən sökülməsi, yığılması, usta xərcləri və ustaların yemək xərcləri buna aid deyildi. Bu xərclər barədə heç bir razılaşma yox idi. Mebel Saatlıya çatdırılıb, quraşdırıldıqdan sonra, onun bacısıgil mebeli bəyənmədikləri üçün anası Yasəmən mebel salonuna getmiş və orada mağazanın rəhbərliyi ilə danışıq aparmışdır. Həmin danışıqlarda o iştirak etməmişdir. Lakin sonradan anası onu məlumatlı etmişdir. Beləliklə də, anası rəhbərliklə razılaşmışdır ki, əvvəl alınmış mebel dəsti qaytarılacaq, əvəzində isə 3500 manata yeni mebel dəsti alınacaq. Bu dəfə, mebel salonu mebelin sökülməsini, quraşdırılmasını, aparılmasını və digər xərcləri öz üzərinə götürmüşdür. Yəni onlarla yalnız mebelin satış qiyməti danışılmışdır. Əlavə heç bir xərc tərəflər arasında müzakirə edilməmişdir. Nəticədə ikinci mebelə görə onlar tərəfindən aylıq ödənişlər edilə bilinməmişdir və onlar mebeli aldıqları kimi də, mebel mağazasına qaytarmışdırlar. İddiaçı tərəf Saatlı rayonundan gəlib mebeli aparmışdır və mebel təhvil alınarkən heç bir qüsur aktı tərtib edilməmişdir. Yəni bütün mebel dəsti tam sağlam vəziyyətdə idi. Onların mebelə görə etdikləri ilkin ödəniş məbləği də, iddiaçıda qalmışdır. Buna görə də, hazırda iddiaçının ondan hansısa məbləğdə pul tələb etməsi qanunsuzdur. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid iş üzrə Cavabdeh izahatı ilə eyniməzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, oğlu Cavid birinci mebeli 3100 manata razılaşaraq nisyə qaydada almışdır, lakin mebel qızı tərəfindən bəyənilmədiyindən, o, özü mebel salonuna getmiş və salonun rəhbərliyi ilə görüşərək, mebelin əvəz olunmasını xahiş etmişdir. İkinci mebel dəsti fərqli modeldə olduğundan, qiymətdə fərq yaranmışdır. Belə ki, birinci mebelə görə 3100 manat ödənilməli idisə, ikinci mebelin qiyməti 3500 manat idi. Lakin, tərəflər arasında heç bir müqavilə bağlanmamışdır və çatdırılma, quraşdırılma, usta və yoç xərcləri və s xərclər müzakirə edilməmişdir. Bütün xərclər satış qiymətinə daxil idi .Noyabrın 13-ü onun qızının toyu olmuş, noyabrın 16-da isə qızı Bakıya gedib kirayədə yaşamışlar. Bu səbəbdən də, mebel hem işlənilməyib. Ona görə də, mebelin qaytarılması ilə bağlı iddiaçıya müraciət etmiş iddiaçı da bunu qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli, 10/26 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, «Satıcı» Nümayəndə ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Satıcı Alıcıya malı satır, Alıcı isə həmin malı qəbul edir və müqaviləyə əsasən müəyyən edilmiş malın dəyərini Satıcıya ödəyir. Müqavilənin dəyəri 3100 manat təşkil etmişdir. 600 manat ilkin ödəniş olaraq ödənilmiş, qalan 2500 manat pul xx.xx.2023-cü il tarixədək hissə-hissə ödənilməsi razılığa gəlinmişdir. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli, 10/29/2 nömrəli malın nisyə alqısatqı müqaviləsindən müəyyən olunur ki, «Satıcı» Nümayəndə ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Satıcı Alıcıya malı satır, Alıcı isə həmin malı qəbul edir və müqaviləyə əsasən müəyyən edilmiş malın dəyərini Satıcıya ödəyir. Müqavilənin dəyəri 3500 manat təşkil etmişdir. 700 manat ilkin ödəniş olaraq ödənilmiş, qalan 2800 manat pul xx.xx.2023-cü il tarixədək hissə-hissə ödənilməsi razılığa gəlinmişdir. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli, 10/26 nömrəli malın alqı-satqı spesifikasiyasından müəyyən olunur ki, satıcı Nümayəndə tərəfindən Cavabdeh 1 ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 ədəd reşotka, 1 ədəd 160x200 ölçüdə döşək, 1 ədəd pufiq, 6 ədəd stul və 1 ədəd masa satılmışdır. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli, 10/29/2 nömrəli malın alqı-satqı spesifikasiyasından müəyyən olunur ki, satıcı Nümayəndə tərəfindən Cavabdeh 1 ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 ədəd reşotka, 1 ədəd 160x200 ölçüdə döşək, 1 ədəd pufiq hədiyyə , 6 ədəd parça stul satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsi alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsi alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[394] 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə sözügedən Plenumun Qərarının təsviri-əsaslandırıcı hissəsində yazılan şərhlərə əsasən hesab edir ki, iddiaçının mebel dəstini geri qəbul etməsi və ilkin ödənişin qaytarmaması nəticəsində tərəflər arasında müqavilə öhdəliklərinə xitam verilmşdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən iddiaçı müvafiq pul məbləğinin müqabilində cavabdehə mebel dəstini satmağı öhdəsinə götürmüşdür. İddiaçının izahatından məlum olur ki, mebel dəstinin çatdırılması və quraşdırılması satış qiymətinə daxildir. İşin mübahisəsiz halı odur ki, mebel dəstinin çatdırılacağı təyinat nöqtəsi Saatlı rayonu olduğundan tərəflər razılaşmışlar ki, çatdırılma xərci cavabdeh tərəfindən qarşılanacaqdır. Bu şərtə tam olaraq əməl olunmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilələrdən və iddiaçının izahatına əsasən tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən mebel dəstinin mağazanın vitrinindən sökülməsi, onun Saatlı rayonunda yığılması, bununla bağlı ustaların yol və yemək xərcləri satş qiymətinə daxil idi. Sonra onların aralarında narazılıq yarandığından, iddiaçı həmin xərcləri cavabdehdən tələb etməyə başlamışdır. Bundan başqa, işin əhəmiyyətli halı odur ki, mebel dəsti Saatlı rayonunda yığıldıqdan sonra cavabdeh onu bəyənməmiş və bu barədə iddiaçıya məlumat verməklə ortaq bir razılığa gəlmişlər ki, mebel dəsti əlavə məbləğ ödənilmək şərti ilə yenisi ilə əvəz olunacaq. Yenə də, bu şərtə əməl olunmuş və cavabdeh tərəfindən əvvəlki mebel dəsti Saatlı rayonundan yığılaraq mağazaya qaytarılmış, əvəzində isə yeni mebel dəsti Cəlilabad rayonunda yerləşən anbardan cavabdehin Saatlı rayonunda yerləşən evinə göndərilərək orada yığılaraq təhvil verilmişdir. Burada da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yol və usta xərci, quraşdrılma və sökülmə xərci, ustaların yolda yemək xərci tərəflər arasında razılaşdırılmamışdır və bu xərclər iddiaçının məhkəmə iclasında verdiyi izahatına əsasən satış qiymətinə daxil edilmişdir. Bundan başqa, iddiaçının tələbində cavabdehin mebel dəstinin bir neçə ay müddətində istifadə etməsinə görə 900 manat pulun ona verilməsi də qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh mebel dəstini iddiaçıdan kredit şərtləri ilə almış və pulu ona hissə-hissə ödəməli idi. Cavabdeh mebel dəstini aldıqdan sonra ilkin ödənişini həyata keçirsə də, qalan ödənişləri ödəyə bilmədiyindən mebel dəstini tam olaraq iddiaçıya qaytarmış və iddiaçı bunu qəbul etmişdir. Yəni, belə görünür ki, iddiaçı həm mebel dəstinə görə cavabdehdən həm 700 manat ilkin ödənişini almış, həm də mebeli tam şəkildə geri götürmüşdür. Xüsusilə diqqət yetirmək lazımdır ki, mebel dəsti iddiaçı tərəfindən geri təhvil alınarkən heç bir qüsur aktı tərtib olunmamışdır. Belə başa düşülür ki, mebel dəsti cavabdeh tərəfindən sağlam şəkildə qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmamış, iddiaçı özü göstərilən şərtlərlə razılaşmış və bu əqdin nəticəsində iddiaçı həm sağlam mebel dəstini geri almış, həm də ilkin ödəniş qismində ödənilmiş 700 manatı da qazanmışdır. Mebel dəstini tam şəkildə geri qabul etməklə, iddiaçı tərəflərin arasında olan bütün münasibətlərə son qoymuşdur. Ona görə də, hazırda cavabdehdən müqaviləyə əsasən cərimə məbləğinin də tələb etməsi əsassızdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1666/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1666/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver