Məhkəmə qərarları › İş №2(067)-1684/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1684/2020

28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1684/2020 28.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış uşağı xx.xx.2005-ci il tarixdə anadan olan X2 üçün tutulan aliment məbləğinin artırılaraq, hər ay sabit pul şəklində tutulmaqla 200 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X5 anadan olmuşdur. Münasibətləri pozulduğundan Məhkəmə qətnaməsinə əsasən rəsmi nikahları pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-825/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü qızları X1 üçün onun xeyrinə hər ay 50 manat aliment tutulması qət edilmişdir. Cavabdeh alimenti mütəmadi ödəyib. O, qeyd etmişdir ki, hazırda xəstəxanada xadimə işləyir, uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün ona əlavə kömək göstərmir, ancaq cavabdehin buna maddi imkanı çatır. Onun bildiyinə görə cavabdeh ustadır, evi, mebel sexi və ayda xeyli gəliri olur. Keçmiş qaynanası ilə razılıqlarına əsasən cavabdeh tərəf qeyri-rəsmi olaraq ayda əvvəlcə 150 manatdan, daha sonra isə 100 manatdan aliment ödəyib, lakin son vaxtlar ödəməni dayandırıb. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra ölkədə əmək haqları dəfələrlə artırılıb və istehlak mallarının qiymətləri xeyli artıb. Uşaq böyüyüb və təlabatları da artıb. O, orta məktəbdə təhsil alır, müəllimlərlə hazırlaşır, ona görə də məsrəfləri yetərincə artıb. Cavabdehin ödədiyi 50 manat alimentlə uşaqları saxlaya bilmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddianı qismən qəbul etmiş və bildirmişdir ki, o, usta işləyir, ayda 400-600 manat gəliri olur. Uşağı üçün qət edilmiş alimenti ödəmişdir, hətta ayda 150 manatdan artıq aliment ödəyən vaxtları da olmuşdur. Amma hazırda o qədər aliment ödəməyə imkanı yoxdur. Ona görə ki, o, iddiaçı ilə boşanandan sonra yeni ailə qurmuş və onun 3 uşağı var. Bu səbəbdən də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəyini lakin 100 manat aliment ödəyə biləyəcəyini bildirmişdir. Ona görə də, iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan İ-AK seriyalı, 888008 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 097074 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli rəsmi nikah qeydi xx.xx.2009- cu il tarixdə ləğv olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-825/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə hər ay 50 manat aliment tutulması qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər İddiaçı adına cəmi 4900.0 manat pul baratları daxil olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 689129 saylı, AZ-İV seriyalı 207407 saylı, AZ-İİ seriyalı 207077 saylı, şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh ikinci nikahından 3 övladı var. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlikyaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehdən xx.xx.2011-ci ildən başlayaraq, bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 50 manat məbləğində aliment pulu tutularaq İddiaçı ödənilməsi qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildən 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, tərəflərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 2(067)-825/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimenttutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar