Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1706/2023 07.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilmiş pul məbləğinin geri ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2701.98 (iki min yeddi yüz bir) manat 98 qəpik məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. Halhazırda əlaqələri yoxdur. Cavabdeh ona bildirdi ki, ona təcili pul lazımdır bankdan kredit almalıdır, iş yeri olmadığı üçün onun adına götürsün, o, ödəyəcək. O, da qohum olduğundan razılaşmışdır. O, gedib "xxxx" ASC-yə cavabdehlə bir yerdə ona zamin duraraq 3000 manat məbləğində krediti götürüb vermişdir. Cavabdeh bir müddət krediti ödəyib sonra ödəniş etməmiş və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3090 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən ondan və cavabdehdən cəmi 2701.98 manat məbləğində pulun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qətnamə icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və cavabdeh pulu ödəmədiyi üçün onun təqaüdünə icra yönəlmişdir. 2525.98 manat və 7 faiz yəni 176 manat icra ödənişi onun təqaüdündən tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Həmin kredit tək özü ödəmişdir. Cavabdehə inanıb ona zamin dayanmışdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, cavebdehə zaminlik etdiyi üçün təqaüdündən ümumilikdə 2701 manat pul tutulub. Artıq 2 ilə yaxındır ki, cavabdehdən pulunu istəsə də, heç bir ödəniş etmir. Xahiş edir, iddiası təmin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3090 saylı xx.xx.2015ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh müştərək qaydada 2064.14 manat. 231.84 manat faiz, 200 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli icra sənədindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh müştərək qaydada 2064.14 manat. 231.84 manat faiz, 200 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına tutulmalıdır. İş materiallarında olan İddiaçı oğlu tərəfindən "xxxx" ASC-nin xeyrinə ödənilən icra ödənişlərindən (qəbz) müəyyən olunur ki, İddiaçı "xxxx"” ASC-nin xeyrinə 1996 manat pulu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3090/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra sənədinin icrası tam təmin edildiyindən icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 11 iyul 2023-cü il tarixli, 571 saylı arayışından müəyyən olunur ki, İddiaçı təqaüdündən xx.xx.2020-ci il tarixində 180.43 AZN; xx.xx.2022-ci il tarixində 175.00 AZN; xx.xx.2023-cü il tarixində 175.00 AZN; İddiaçı XF-2605 saylı krediti üzrə 530.43 AZN pul tutulmuşdur.xx.xx.2023-cü il tarixində isə İddiaçı tərəfimdən XF-2605 saylı krediti üzrə Cavabdeh krediti üzrə 1996 AZN nəğd şəklində ödəniş edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 10 iyul 2023-cü il tarixli, 93549/03 saylı məktubundan görünür ki, borclu İddiaçı təqaüdündən 7% olan 176 manat məbləğində vəsait tutularaq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün icra sənədinə əsasən İddiaçı ümumilikdə 2701.98 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin hesabına və İcra İdarəsinin hesabına köçürülmüşdür. Hazırda da iddiaçı razılaşma üzrə cavabdehin əvəzinə "xxxx" ASC--yə ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin borcunun iddiaçı tərəfindən ödənilməsi işin faktiki halları və sənədlərlə sübuta yetirildiyindən, iddia əsaslıdır. Belə ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı zamin kimi qeyd olunan məbləği ödəmiş və nəticədə ona həmin həcmdə ziyan dəymiş, Cavabdeh qarşı tələb hüququ yaranmışdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır,təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2701.98 (iki min yeddi yüz bir) manat 98 qəpik pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1706/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1706/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver