Məhkəmə qərarları › İş №2(067)-1710/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1710/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1710/2022 23.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh aktlar əsasında götürülmüş toyuq-cücələrinin cəmi dəyəri 9996 manat məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi Xaçmaz rayonu Gülalan kəndi ərazisində öz təsərrüfatında toyuq cücəsi, ördək və qaz cücələri yetişdirib satmaqla məşquldur. 09 aprel 2019-cu il tarixdə aralarında tərtib olunmuş akt əsasında Xaçmaz şəhəri M.Araz küçəsi, 43 saylı evdə yaşayan Cavabdeh ilə hər bir ədədinin qiyməti 0.60 manat olmaqla 7080 ədəd, cəmi dəyəri 4248 manat olan toyuq cücələrini cavabdehə təhvil vermiş, cavabdeh xx.xx.2019-cu il tarixə kimi pulu ödəməyi öhdəsinə götürmüşdür. Akt Qaraçı kənd bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. bundan əlavə xx.xx.2019-cu il tarixli akt əsasında isə hər bir ədədinin qiyməti 0.60 manat olmaqla 9580 ədəd, cəmi dəyəri 5748 manat olan toyuq cücələrini cavabdehə təhvil vermiş, cavabdeh xx.xx.2019-cu il tarixə kimi pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu vaxta qədər hər iki akt üzrə aldığı cücələrin pulunu ödəməmiş və qəsdən ödəməyərək aralarında olan aktın şərtlərini pozmuşdur. Hər iki akt üzrə cavabdeh ona cəmi 9996 manat pul ödəməlidir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, pulu ödəmir və ödəməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehi uzun illərdir ki, tanıyır, cavabdehlə işgüzar münasibətləri olub. 10 ilə yaxındır ki, cavabdehə cücə satıb, cavabdeh isə həmişə onun pulunu vaxtı-vaxtında qaytarmışdır. Son zamanlar bəzi insanlardan eşitmişdir ki, cavabdeh borclarını vaxtında qaytarmır və bununla bağlı bəzi problemlər yaşanır. Buna baxmayaraq cavabdehlə işgüzar münasibətlərinə son qoymaq istəməyib, lakin işini daha ehtiyatlı tutmaq qərarına gəlmişdir. Bunun üçün də, cavabdeh sonuncu dəfə ondan cücə istəyərkən, cücələri aktla təhvil vermək qərarına gəlmişdir. Tez-tez olub ki, cücələri cavabdehin oğlu gəlib aparıb. Sonuncu dəfə də, 09 aprel 2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə cavabdehin oğlu gəlib ondan cücələri alarkən o, akt tərtib etmişdir. Doğrudur, aktlarda cavabdehin adı yazılsa da, aktları cavabdehin oğlu imza etmişdir. Aktlarda cavabdehin oğlunun adını yazmaq onun ağlına gəlməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, işin halları İddiaçı iddia etdiyi kimi deyil. Onunla iddiaçı arasında uzun illərdir ki, işgüzar münasibətləri olmuşdur. O, daimi olaraq Böyükağadan cücələr alıb satmış və pulları Böyükağaya ödəmişdir. Heç vaxt aralarında yazılı müqavilə və aktlar bağlanmamışdır. Bütün razılaşmaları şifahi olmuşdur. Sonuncu dəfə iddiaçıdan cücə almaqla şifahi razılığa gəlmişdir. Bunun üçün oğlunu Böyükağanın yanına göndərmişdir. Oğlu Böyükağadan cücələri təhvil alıb, sonra gətirib ona vermişdir. Onunla iddiaçı arasında akt imzalanmayıb, həmin aktları onun oğlu imzalamışdır. Lakin oğlu ona cücələri təhvil verərkən bu barədə ona məlumat verməmişdir. İş gəlib məhkəməyə çatanda, xəbər tutmuşdur ki, oğlu aktlara imza edib. Aktlara o yox, oğlu imza etsə də, o, aktlarda göstərilən cücələri təhvil aldığını etiraf edir, bununla bağlı mübahisə yoxdur. Lakin, həmin cücələrə görə də o, pulları tam şəkildə iddiaçıya qaytarmışdır. Yadına gəlir ki, iddiaçıya zəng vurmuşdur və iddiaçı qardaşı oğlunun toyuna getdiyini bildirmişdir. 2019-cu ilin avqust ayı olardı. Sonuncu cücə partiyasından 3-4 ay sonra. O da, toy yerinə gəlib, şadlıq sarayının həyətində maşının içində Böyükağaya 50 ədəd yüz manatlıq, yəni 5000 manatı vermişdir. Bir müddət sonra isə, torpaq sahəsini satıb, pulu qalan hissəsini iddiaçıya ödəmişdir. İddiaçıya pulu ödəməsi ilə bağlı hər hansı bir şahidi və ya yazılı sübutu yoxdur. Pul haqq-hesablarında onlar yalnız ikisi olublar. Buna görə də, Böyükağaya borcu yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, o, 24 ildir iddiaçıya məxsus inkubatorda operator işləyir. İddiaçı həmin obyektin müdiridir. O, Cəllad Aslanovun cücə aparacağını ona bildirmişdir. Birinci dəfə onun işlədiyi obyektə Cəllad oğlu ilə birlikdə gəlmişdi. Cəllad müdiri İddiaçıla birlikdə otağa daxil olmuşlar, lakin aktı kimin imzaladığını bilmir. İkinci dəfə isə Cəlladın oğlu gəlib cücələri aparıb. Cücələri cavabdehə verəndə o, aktı imzalamışdır. Belə ki, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İş materialların araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ona verilmiş cücələrin pullarını tələb edir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırır ki, cavabdehlə aralarında yazılı akt mövcuddur və o, akt əsasında verilmiş cücələri pullarını tələb edir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, sözügedən aktı cavabdeh yox, cavabdehin oğlu imzalayıb. Buna baxmayaraq, nəticə etibarı ilə aktda qeyd olunan cücələr cavabdehə gəlib çatdığından, bu hal mübahisələndirilməmişdir. Məhkəmə iş materiallarında olan yazılı akta hüquqi qiymət verərək hesab edir ki, cavabdeh və iddiaçı arasında uzun illər “cücə alveri” işgüzar münasibətləri davam etsə də, sonuncu alışverişləri mübahisəli olmuşdur. Lakin mübahisə cücələrin təhvil verilməsi və ya alınması ilə bağlı deyil, mübahisə həmin cücələrə görə pulun ödənilib-ödənilməməsi ilə bağlıdır. Cavabdehin özünün verdiyi izahatdan da məlum olur ki, iddiaçı onun oğlunun vasitəsilə cücələri ona təhvil vermişdir. Yəni belə olan halda, artıq tərəflər arasında aktın olub-olmaması mühüm rol oynamır, çünki nəticə etibarı ilə alğı-satqının predmeti olan cücələr cavabdehə çatdırılmışdır. Tərəflər arasında olan mübahisə təhvil verilmiş cücələrə görə pulun ödənilib-ödənilməməsi ilə bağlı olduğundan, məhkəmə bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında həmin cücələrə görə iddiaçıya pulu ödədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh cücələri iddiaçıdan oğlu vasitəsilə almasını, habelə cücələrin dəyərini belə mübahisələndirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə belə hesab edir ki, Cavabdeh iddiaçı ilə olan işgüzar münasibətlərinin sonuncu dəfəsində öz oğlunun vasitəsilə iddiaçıdan cücələri təhvil almasını etiraf etməsi iddiaçını bu hissədə sübutetmə yükündən azad edir. Artıq alğı-satqının predmeti olan “cücələr” Cavabdeh tərəfindən təhvil alındığından, Cavabdeh alıcı olaraq, satıcının əşyaya görə pulunu ödəmək borcunu daşıyır. Belə olan halda, Cavabdeh “cücələrə” görə satıcı İddiaçı ödənilməsi alıcı tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli dövlət rüsumlarının ödənilməsi barədə qəbzlərdən müəyyən olunur ki, İddiaçı cəmi 120 manat dövlət rüsumu ödəmişdir. Belə ki, məhkəmənin fikrincə, hazırki iş üzrə cavabdeh iddiaçıdan cücələri təhvil aldığından, həmin cücələrə görə iddiaçıya pulu qaytarmasını sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9996 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9996 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar