Məhkəmə qərarları › İş №2(067)-1713/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1713/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1713/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehə verdiyi 1130 manat məbləğində pul, dövlət rüsumu kimi ödədiyi 32 manat olmaqla, cəmi 1162 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi 2020-ci ilin yanvar ayından tanıyır. Belə ki, ona vəkil lazım olmuşdur. Cavabdeh isə özünü vəkil kimi təqdim edərək, ona köməklik etməyinə, sənədlərinin düzgün tərtib olunması üçün vəkil kimi iştirak edəcəyinə söz vermişdir. Belə ki, onun mərhum qardaşı X2 birinci Qarabaq müharibəsində xidmət edərkən, vətənin müdafiəsi zamanı 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Mərhum qardaşına verilən 11000 sığorta ödənişi ilə atasının arzusu ilə torpaq sahəsinin alınması üçün məsləhət görmüşdür. Yaşadığı Xaçmaz rayonu, Yergüc kəndi ərazisində, həmkəndlisi Zaur Hacıyevdən 77 sot torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini adına rəsmiləşdirmək istərkən sənədlərdə müəyyən xırda uyğunsuzluqlar olmuşdur. Ona görə də, onlara bu iş üçün vəkil lazım olmuşdur. Cavabdeh ona bildirmişdir ki, o, bu məsələni həll edəcək və bunun müqabilində ondan1000 manat pulu o, Cavabdeh 28 fevral 2021-ci il tarixdə Xaçmaz şəhəri Mərkəzi Xəstəxananın yanında yerləşən kafedə vermişdir. 1000 manat verəndən sonra yenə də 130 mıanat lazım olduğunu demiş və o, cavabdehə 6-7 gün keçəndən sonra 130 manatı da vermişdir. beləliklə də, cəmi 1130 manat pulu o, Cavabdeh işinin həll olunması üçün verrmişdir. Cavabdeh bu günə kimi onun məsələsini həll etməmişdir. o, cavabdehdən ya işini həll etməsini, ya da ki verilmiş pulu qaytarmasını bildirsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh vəkil olduğunu bildirib və iş görmək məqsədi ilə onun pulunu alıb. İlk dəfə cavabdehə mart ayının 4-ü 800 manat pul vermişdir. Daha sonra 200 manat pul vermiş, ən sonuncu dəfə isə 130 manat pul vermişdir. Lakin bu pulun qarşılığında cavabdeh nə işini görmədi, nə də pulunu geri qaytarmadı. Ümumilikdə o, cavabdehə 1130 manat pul vermişdir. 800 manat pulu verərkən yanında Zaur da var idi. Zaur onun qonşusudur. Lakin digər pulları verərkən yanlarında heç kim olmayıb. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddiaçıdan 300 manat və 130 manat pul almışdır. Yəni 800 manat pul verməyib. Üstəlik bu işin qarşılığında onun üçün xidmət də göstərmişdir. O, vəkil deyil, lakin hüquqi işləri həll edə bilir. Bu pulun qarşılığında da iddiaçı üçün iş görmüşdür. Həmin iş torpaq sahəsinin sənədləri ilə bağlı olub. Sənədlər də gördüyü işi təsdiq edir. Ümumilikdə iddiaçıdan gördüyü işlərin müqabilində 430 manat pul almışdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, cavabdehi şəxsən tanımır. Onu bir dəfə görmüşdür. Mart ayının 4-də görüb. Vüsal onun yanında cavabdehə 800 manat pul vermişdi. Pulu dəqiq nə səbəbə verdiyini bilmir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbzdən görünür ki, İddiaçı 70 manat ödəniş etmişdir. Məhkəmə, cavabdehin sözügedən tələbi qismən təkzib, bunun əksini sübut edə bilməməsini, eyni zamanda iddiaçıdan ümumilikdə hüquqi xidmət göstərilməsinə dair cəmi 430 manat pul almasına dair verdiyi izahatı, eyni zamanda həmin puldan 70 manat kassaya pul köçürməsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh etiraf etdiyi məbləğdə, yəni 430 manat pul almışdır. Göründüyü kimi, tərəflər arasında podrat münasibələrindən irəli gələn münasibətlər yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh özünü iddiaçıya vəkil kimi təqdim etmiş, ona sənəd işlərində kömək göstərilməsinə, bu barədə xidmət göstərməsinə söz vermişdir. İddiaçı cavabdehə pul vermiş, lakin qarşılığında heç bir hüquqi xidmət göstərilməmişdir. Cavabdeh hazırda iddianı qəbul etmir, iddiaçıya heç bir borcunun olmadığını bildirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. -765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya ondan görəcəyi pulun müqabilində üzərinə götürdüyü xidməti göstərməyə dair öhdəliyin daşıyıcısı olduğuna baxmayaraq, bunu lazımi qaydada yerinə yetirmədiyindən, iddia 360 manat həcmində olmaqla, qismən əsaslıdır. Belə ki, iddiada tələb olunan 1130 manat pulun 700 manat hissəsi iddiaçı tərəfindən sübuta yetirilməmiş, cavabdeh tərəfindən 70 manat pul isə hüquqi xidmət göstərilməsinə dair kassaya ödəniş olunmuşdur ki, iddiaçı da həmin məbləğin ödənilməsini məhkəmə iclasında inkar etməmişdir. İş materialları və işin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh xidmət göstərməsi müqabilində İddiaçı 430 manat qəbul etmiş, lakin tərəflər arasında şifahi bağlanmış əqdlə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İş materiallarından görünür ki, qəbul edilmiş vəsaitdən cəmi 70 manat pul iddiaçının xeyrinə sərf edilmişdir. Lakin qalan 360 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 360 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə iddiaçı iddia etdiyi məbləğin cavabdehə verilməsini təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilmədiyindən,iddia tələbi qalan hissədə təmin olunmamalıdır.. Bundan başqa məhkəmə şahid X3 məhkəmə iclası zamanı vermiş olduğu ifadəsini mötəbər sübut kimi qəbul etmir, iddia tələbinin tam təmin olunması üçün heç bir sübuti əhəmiyyətə malik olmadığı qənaətinə gəlir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə pul mübahisələrində yazılı sübutlar mötəbərlik baxımından daha əhəmiyyətlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 360 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar