Məhkəmə qərarları › İş №2(067)-1721/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1721/2023

07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1721/2023 07.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə Həbubulla qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(102)-7470/2019 №-li qərarına əsasən cavabdehdən himayəsində olan yetkinlik yaşına çatmayan uşağı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün qət edilmiş 160 manat məbləğində sabit alimentin məbləğinin artırılaraq hər ay sabit pul şəkilində tutulmaqla 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bildirmək istəyir ki, 12 aprel 2019-cu il tarixli, 2(067)-1285/2019 №- li qətnaməsinə əsasən 31 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanilması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(105)- 2934/2019 №-li qətnaməsinə əsasən Xaçmaz rayon məhkəməsi 12 aprel 2019-cu il tarixli, 2(067)- 1285/2019 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, narazı qaldığı üçün kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2019cu il tarixli, 2(102)-7470/2019 №- li qətnaməyə əsasən Sumqayıt Apellyasiya məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(105)-2934/2019 №-li qətnaməsi dəyişdirilmiş 31 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanilması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bildirmək istəyir ki, cavabdeh alimenti vaxtı-vaxtında ödəmir, ödəsədə onun ödədiyi aliment məbləği məni qane etmir, hazırda heç yerdə işləmir, evdar qadındır, uşaq himayəsindədir, komunal xərclər qalxıb, ona görə də paltar və digər tələb olunan əşyaların alınmasında çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılması üçün ona əlavə köməklik etmir. 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdehin buna hər-cür imkanı vardır. Bələ ki, cavabdeh kənd təsərüfatı ilə məşğuldur, onun bundan əlavə mal-qarası, fıdıq və qilas bağları, öz şəxsi maşınları, evləri və gündəlik qəhrləri vardır. Hesab edir ki, onun bu vəziyətində uşağının saxlanılması üçün ayda ondan cəmi 300 manat aliment tutulmalıdır. Çünki onun qazancı qeyri-müntəzəmdir. Cavabdehlə aralarında alimentin ödənilməsinə dair saziş yoxdur. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 220 manat aliment tələb edir. Əvvəlki məhkəmə proseslərində cavabdehin gəlirləri barədə sənədlərini təqdim etmişdir. Cavabdeh ata kimi mənəvi cəhətdən borcunu yerinə yetirmirsə, heç olmazsa maddi cəhətdən uşaqlarının qarşısındakı borcunu yerinə yetirsin. Cavabdeh uşaqlarını görmür, ən azından 220 manat minimum məbləğdə alimenti ödəsin, həmin məbləği ən kasıb insan belə verir. 160 manatla uşaq saxlamaq olur? O, özü də işləmir. Ata öz uşağına aliment verməmək üçün sənədlər gətirir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə Həbubulla qızı iş üzrə izahat verərək, alimentin artırılmasını və 220 manat müəyyən edilməsini xahiş etmişdir. Cavabdehin uşağını görmək hüququ var. Lakin bir ata olaraq o, uşağını tanımır. Evləri ilə uşağın getdiyi bağça arasında 100 metr məsafə var. O, uşağını indiyədək görməyib. Uşaq gəlib sual verir ki, hamının atası var, mənim atam haradadır? Qayda qanunla 220 manat aylıq alimenti, uşağın haqqını tələb edir. Cavabdeh yalandan sənədlər gətirir ki, imkanı yoxdur. Onların bağları, avtomaşınları, evləri, imkanları var. Adına avtomaşını da olub, evləri də var, bağları da var. Yalandan deməsin. Alimenti öz uşağı üçün verir. Burada məhkəmə 120 manat aliment qət etmişdi, sonradan şikayət etmişlər. Ali Məhkəməyə, alimenti 160 manata qaldırdılar. İndi cavabdehdən başqa şey tələb etmir. Alimentin qaldırılmasını istəyir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, iş üzrə izahat verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində ailənin mülkiyyətində olan əmlakları yazır, halbuki ailəsini araya qatmağa ehtiyac yoxdur. İddiaçı 300 manat aliment tələb edir və bunun üçün də səbəb göstərir ki, bağları, avtomaşınları, evləri var. Onun bağları, avtomaşınları yoxdur. Bu barədə sənədləri var, onları məhkəməyə təqdim edir. Həmin sənədlərlə təsdiq olunur ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. 27 sot torpaq sahəsi var, alma bağı əkmişdir orada, heç bir iş yeri yoxdur. 4 nəfər ailə üzvüdürlər. Məşğulluq idarəsinə müraciət etmişdir, oradan 300 manat maaşı olan iş təklif edirlər, həmin maaşla necə aliment ödəsin? Onun 220 manat alimenti ödəməyə gücü yoxdur, heç yerdə işləmir. Keçən dəfə arayışlar da təqdim etmişdir. 330 manata işləsə , 220 manat aliment verib, 100 manata becə dolana bilər? O da ailə qurmalıdır, xahiş edir ki, bunu da nəzərə alınsın. 27 yaşı var. Fəhləlik edib 160 manat aliment ödəyir. Ayda 300-400 manat gəlir əldə edir maksimum. O da olur ya olmur, gedib onun bunu bağında işləyib qazanır. Xahiş edir alimenti 160 manatda saxlanılsın, ondan artığına gücü çatmır. 2019-cu ildə boşanmış, ötən illər ərzində uşağı heç görməmişdir. Uşağı heç görmək də istəmir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7470/2019 saylı qərarından müəyyən olunur ki, iddiaçı Ağabalayeva Güllər Qadir qızının kassasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(105)-2934/2019 saylı qətnaməsinə alimentin miqdarına aid hissədə dəyişiklik edilməsi, 31 dekabr 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan İV №226079 seriyalı X4 təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 160 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2018-ci il təvəllüdlü X3 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 60 manat artırıldığından, iddianın qiyməti 60 manat x 12 aya= 720 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(102)- 7470/2019 №-li qərarına əsasən Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar