Məhkəmə qərarları › İş №2(067)-1727/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1727/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1727/2022 07.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 400 manat əsas borcun, hesablanmış cərimə borcuna görə 3254 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddiasını onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində mebel mağası işlədir. xx.xx.2020-ci il tarixində Xaçmaz şəhər sakini Cavabdeh ona məxsus mağazadan 10\07 nömrəli xx.xx.2020-ci il tarixli, müqaviləyə əsasən 1200 manat məbləğində mebel dəsti almışdır. Cavabdeh ilkin olaraq ödəniş etməmiş, müqavilənin 3-3.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixinə kimi ödəməyi öhdəsinə götürərərk müqaviləyə imza etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində 250 manat, xx.xx.2020-ci il tarixində isə 150 manat ödəniş etmişdir. Müqavilənin son bitmə tarixindən xx.xx.2021-ci il tarixindən gecikdirmələrlə xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021ci il tarixində 50 manat , xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-ci il tarixində isə 150 manat ödənişlər etmişdir. Müqavilənin 3-3.4 bəndinə əsasən son ödəmə tarixi xx.xx.2021-ci il tarixində bitmişdir. Müqavilənin 4-4.2 bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə, aldığı malın ödənişi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə saıcı ödəniş müddəti ötmüş məbləğlə, gecikdirilmiş hər bir ödəniş gününə görə, gecikdirilmiş ödəniş məıbləğinin 1% miqdarında cəriməni hesablayaraq əlavə etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixində cavabdehin ona 400 manat əsas borcu, 3254 manat cərimə borcu, cəmi 3654 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehinxx.xx.2022-ci il tarixinə olan borcu 400 manat əsas, 3254 manat cərimə olmaqla, cəmi 3654 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan aldığı mebelin qiyməti 1200 manatdır. Borcunu hissə hissə ödəmişdir. Sonuncu dəfə 270 manat ödəmiş və iddiaçıya 60 manat borcu qalmışdır. Həmin borcu da yaxın vaxtlarda ödəyəcək. Cərimə məbləği ilə razı deyil. Çünki aldığı mebelin qiyməti 1200 manat olmuşdur. Cərimə məbləğinin azaldılmasını xahiş edir. İddiaçının nümayəndəsi cavabdehin dediklərinə uyğun izahat verərək, halhazırda 60 manat əsas borcun qalmasını təsdiq etmişdir. Cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli malın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, «Satıcı» X5 ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Satıcı Alıcıya malı satır, Alıcı isə həmin malı qəbul edir və müqaviləyə əsasən müəyyən edilmiş malın dəyərini Satıcıya ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli malın alqı-satqı spesifikasiyasından müəyyən olunur ki, satıcı X5 tərəfindən Cavabdeh oğluna 1 ədəd masa və 8 ədəd stul satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı X3 cəmi 60 manat ödənilməmiş borcu qaldığı müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 60 manat əsas borcun, hesablanmış cərimə borcuna görə 100 manat olmaqla cəmi, 160 manat borc pul və ödənilmiş dövlət rüsumundan 30 manat tutularaq iddiaçı X3 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 60 manat əsas borc, 100 manat cərimə borcu alınaraq iddiaçı X3 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilsin, 70 manatı isə iddiçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar