Məhkəmə qərarları › İş №2(067)-1735/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1735/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1735/2021 15.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39853 olan Huawei Y5 Lite markalı telefon üçün 154 (yüz əlli dörd) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu, 06.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********11686 olan X3 8 markalı telefon, X1qlıq üçün 690 (altı yüz doxsan ) manat ödənilməmiş hissə 207 (iki yüz yeddi) manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Bornoz Tekstil üçün 126 ( yüz iyirmi altı) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 1184 (min yüz səksən dörd) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, Beurer Fen üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu olmaqla, ümumilikdə 2856 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC TELECOM" MMC-dən 28.09.2019-cu il, 06.11.2019-cu il, 26.11.2019-cu il və 28.12.2019cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********39853 olan Huawei Y5 Lite markalı telefon, İMEİ Kodu **********11686 olan X3 8 markalı telefon, X1qlıq, Bornoz Tekstil, LG LED TV, Beurer Fen almış və nəticədə 2856 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun 28.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 264 manat (12 ay x 22 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********9853 Huawei Y5 Lite markalı telefon üçün olan ümumilikdə, 200 (üç yüz doqquz) manat olmaqla 154 ( yüz əlli dörd) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu; 06.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 851 (səkkiz yüz əlli bir) manat (18 ay x 46 manat +23 manat ilkin ödəniş) İMEİ Kodu **********11686 olan X3 8 markalı telefon, X1qlıq üçün ümumilikdə, 897 (səkkiz yüz doxsan yeddi) manat olmaqla 690 (altı yüz doxsan) manat ödənilməmiş hissə, 207 (iki yüz yeddi) manat dəbbə pulu; 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 168 ( yüz altmış səkkiz) manat olan (12 ay x 14 manat + 0 manat ilkin ödəniş) Bornoz Tekstil üçün ümumilikdə, 163 ( yüz altmış üç) manat, 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə pulu; 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1332 (min üç yüz otuz iki) manat olan (18 ay x 74 manat + 0 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 1539 (min beş yüz otuz doqquz) manat olmaqla, 1184 (min yüz səksən dörd) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə pulu; 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 66 (altımış altı) manat (6 ay x 11 manat + 0 manat ilkin ödəniş) Beurer Fen üçün ümumilikdə, 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu məbləğində borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 483 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İsrafilzadə H.F məhkəməyə teleqramla müraciət edərək, nümayəndələrinin iştirakı olmadan işə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh “ABC TELECOM" MMC-dən 28.09.2019-cu il, 06.11.2019-cu il, 26.11.2019-cu il və 28.12.2019-cu il, tarixli müqaviləsinə, əsasən, İMEİ Kodu **********39853 olan Huawei Y5 Lite markalı telefon, İMEİ Kodu **********11686 olan X3 8 markalı telefon, X1qlıq, Bornoz Tekstil, LG LED TV, Beurer Fen almış və nəticədə 2856 manat borc yaranmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə borcun qaytarılması barədə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14.05.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, "xxxx" MMC cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddısinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə (nisyə alqı-satqı) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağlanılmış nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir və onun həmin müqavilələr üzrə borcları yaranmışdır. Lakin, məhkəmə 28.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39853 olan Huawei Y5 Lite markalı telefon üçün 46 (qırx altı) manat, 06.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********11686 olan X3 8 markalı telefon, X1qlıq üçün 207 (iki yüz yeddi) manat, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Bornoz Tekstil üçün 37 (otuz yeddi) manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 355 (üç yüz əlli beş) manat, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 13 (on üç) manat dəbbə pulunun məbləğlərini azaldaraq, hər müqavilə üzrə 5 manat, cəmi 25 manat məbləğində müəyyən edir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39853 olan Huawei Y5 Lite markalı telefon üçün 154 (yüz əlli dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 06.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********11686 olan X3 8 markalı telefon, X1qlıq üçün 690 (altı yüz doxsan) manat ödənilməmiş hissə 5 (beş) manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Bornoz Tekstil üçün 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 1184 (min yüz səksən dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, Beurer Fen üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 2224 (iki min iki yüz iyirmi dörd) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Midülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 2224 (iki min iki yüz iyirmi dörd) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar