Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1741/2020 15.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-829/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 2000 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(067)-1117/2019 saylı qətnaməsi ilə onun cavabdehə qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2011-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-829/2019 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 100 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı çox cüzidir, uşağın saxlanmasına kifayət etmir. Nəzərə alınmalıdır ki, o, uşaqla birlikdə kirayə qalır. Cavabdeh qazancının heç olmasa ¼ hissəsini də ona vermir. Alimentlə əlaqədar icra vərəqəsi verilmişdir, lakin sonradan barışaraq birgə yaşamağa başladıqlarından aliment ödənilməsini tələb etməmişdir, 2016-cı ilin yay aylarına qədər birgə yaşamışlar. Sonradan münasibətləri pisləşmiş və ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh həmin vaxtdan uşağın saxlanması üçün könüllü aliment ödəmir, onun kifayət qədər aliment borcları yığılıb. Cavabdeh vaqonlarla Rusiyaya mal göndərməklə məşğul olur, qazancı yüksəkdir, hər ay uşağa 2000 manat aliment ödəmək iqtidarındadır. O, hazırda “S Klass”, “Mersedes”, Lexsus”, “Qalenvagen”, Range Rover” kimi bahalı maşınlar sürür. Cavabdehin gəlirləri və maddi vəziyyəti barədə heç bir sübutu yoxdur. Özü heç yerdə işləmir və uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında İddiaçıiddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq özünün heç yerdə işləmədiyini, kirayədə yaşadığını, cavabdehin gəlirləri barədə məhkəməyə təqdim edəcəyi heç bir sübutunun olmadığını bildirərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-829/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(067)-1117/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2009-cu il tarixdə anadan olmuşX2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 100 manatmiqdarında alimentin tutulmasıqət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən Cavabdeh iddiaçının xeyrinə xx xxxxxx 2009-cu il tarixdə anadan olmuşX4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 829/2019 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə tutulan 100 manat sabit pul məbləğində aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh oğlundan İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2009-cu il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-829/2019 saylıqətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1741/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1741/2020
15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver