Məhkəmə qərarları › İş №2(067)-1745/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1745/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1745/2020 21.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh6 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh6 və qeyrilərinə qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxxx 2020-ci tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 267/SKMF-17 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 267/SKMF-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 Banka olan 4308.71 manat əsas, 165.58 manat faiz, 1268.18 manat cərimə faizi olmaqla, cəmi 5742,47 manat məbləğində borcun və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin "Xaçmaz" filialı ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 267/SKMF-17 nömrəli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh6 əsas borcdan 4191.29 manat və faiz borcundan 774.72 manat ödəniş etmişdir. Hazırda Cavabdeh6 Banka 4308.71 manat əsas, 165.58 manat faiz, 1268.18 manat cərimə borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6 və Cavabdeh1 iddianı qismən qəbul edərək 3650.16 manat məbləğində borcu ödəməyə etiraz etməmişlər. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 267/SKMF-17 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki xx.xx.2017-ci il tarixli 267/SKMF-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 3650.16 manat əsas, 0 manat faiz, 1268.18 manat cərimə borcu və 30 manat dövlət rüsumu vardır. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh6 arasında bağlanmış kredit müqaviləsi əsasında borcalanın kreditlə bağlı kreditor qarşısındakı öhdəliyini yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş xəbərdarlıq bildirişlərindən görünür ki, cavadehlərə müraciət olunmasına baxmayaraq onlar kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 267/SKMF-17 nömrəli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 3650.16 manat əsas, 0 manat faiz və 30 manat cərimə borcu birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun, ödənilmiş dövlət rüsumunun 5 manat isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar