Məhkəmə qərarları › İş №2(067)-1763/2024

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-1763/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1763/2024 17.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu ümumilikdə 5.400 (beş min dörd yüz) manat pulun və ödədiyi dövlət rüsümunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh ona müraciət edərək ondan borca pul istəmişdir. O, ona etibar etdyi üçün və cavabdehin istədiyi məbləği cəmi 5.400 (beş min dörd yüz) manat pul vermişdir. Cavabdeh aldığı pulu 10 sentyabr 2022-ci il tarixə kimi vaxt istədi. Bu məqsədlə də onlar aralarında iltizam tərtib etmiş, həmin iltizama cavabdeh imza etdi, hətta qaytarmalı olduğu puldan əlavə ona hörmət əlaməti olaraq 900 (doqquz) manat pul qaytaracağınıda iltizama qeyd etdi. Bundan əlavə cavabdeh ailə üzvlərinə məxsus torpaq sənələrinin əslini də ona verdi, (iltizamı və topaq sənədinin surətlərini iddia ərizəsinə əlavə edir) Cavabdehin iltizamda yazdığı müddət tamam olduğda o, ona yığmışdır ki verdiyi pulu qaytarsın. Cavabdeh öz növbəsində ondan borc aldığı pulun qaytarılması üçün ondan 1 ay vaxt istədi. Lakin həmin müddətdən 1 ay keçməsinə baxmayaraq cavabdeh hal-hazıra kimi ondan aldığı ümumilikdə 5.400 manatı ona qaytarmır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, müxtəlif bahənalər gətirərək onun pulunu qaytarmaqdan yayınır. Cavabdehin onun pulunu qaytarmağa hər cür imkanı vardır, lakin o, pulunu qaytarmaq istəmir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehə 2022-ci ildə 5400 manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh hələ də borcunu geri ödəmir. Dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdehin öz adından yazdığı izahat da var. Xahiş edir ki, iddiası təmin olunsun. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 29 may 2022-ci il tarixli cavabdehin yazdığı iltizamdan müəyyən olunur ki, cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixdə qaytarmaq şərtilə 5400 (beş min dörd yüz) manat borc pul almışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 2022-ci ildə iddiaçıdan 5400 (beş min dörd yüz) manat borc pul almışdır. Lakin cavabdeh 5400 manat borcunu iddiaçıya qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların şifahi şəkildə bağladıqları borc müqavilələsidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olmuş, cavabdeh üzərinə aldığı pulu ödəməyi barədə öhdəlik götürmüş, bununla bağlı yazılı şəkildə iltizam yazmış,qaytarması barədə öhdəlik götürmüş, lakin həmin öhdəlik onun tərəfindən lazımınca icra edilməmiş, nəticədə 5400 manat borcu yaranmışdır. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.400 (beş min dörd yüz) manat əsas borc və ödənilmiş 35.40 manat məbləğində dövlət rüsumu pulun alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar