Məhkəmə qərarları › İş №2(067)-1778/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1778/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1778/2020 26.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçının Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq təsərrüfatında mövcud olmuş 6 baş iribuynuzlu qaramalın, yəni 4 baş inək və 2 baş buzovun, 22 baş xırda buynuzlu davarların, yəni 15 baş qoyun və 7 baş keçinin dəyəri olan 9500 manat məbləğində pulun, həmçinin əldən çıxmış fayda kimi 0,53 ha həyətyanı torpaq sahəsindəki 60 ədəd məhsuldar fındıq ağaclarının bəhərindən 3 il ərzində əldə edə biləcəyi (1 il x 1000 manat) 3000 manat məbləğində pulun və 3,57 ha pay torpaq sahəsinin əkilməsindən 3 il ərzində əldə edə biləcəyi 30755 manat məbləğində pulun, cəmi 43255 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun mərhum qardaşı Bağır Laçınovun arvadı olub. O, 1995-ci ildə qardaşı ilə evlənib. Həmin vaxt o artıq ailəli olmuş və üç övladı var idi. Onun Xaçmaz rayonunun Qarabağlı kəndində 2 mərtəbəli, 24,8 kv.metr yaşayış, 74,8 kv.metr faydalı sahəyə malik evi olsa da, o Xaçmaz şəhərində işlədiyi üçün məcburiyyət qarşısında qalaraq 1999-cu ildə ünvan 1 ünvanında yerləşən evə kirayə yaşamağa köçmüşdür. Həmin vaxt qardaşı Bağır Laçınov ona müraciət edərək ailəsi ilə birlikdə onun Xaçmaz rayonunun Qarabağlı kəndindəki evində yaşamaq istədiyini bildirdi. Evinin 0,53 ha həyətyan ıtorpaq sahəsi və torpaq sahəsində 60 ədəd məhsuldar fındıq ağacları var. Bundan başqa həmin kənddə ailə üzvlərilə birlikdə paylı mülkiyyətə 3,57 ha pay torpaq sahəsi də verilib. Təsərrüfatında isə 6 baş iri buynuzlu qaramal, yəni 4 baş inək və 2 baş buzov, 22 baş xırda buynuzlu davar, yəni 15 baş qoyun və 7 baş keçi mövcud idi. Qeyd etdiyi fındıq ağaclarının bəhərindən hər il 1000 manat qazanc əldə edirdi. Qardaşı ondan evində qalmasını xahiş edəndə ona bildirmişdir ki, qeyd olunan meyvə ağaclarının bəhərindən hər il 1000 manat qazanc əldə edir, təsərrüfatındakı 6 baş iri buynuzlu qaramal, yəni 4 baş inək və 2 baş buzov, 22 baş xırda buynuzlu davar, yəni 15 baş qoyun və 7 baş keçinin dəyəri isə 9500 manat təşkil edir. Qardaşı dediki, evdə qalacaq və hər il meyvə ağaclarının məhsulunu yığıb sataraq pulunu ona verəcək, mal-qaranı isə əmanət kimi toxunulmaz saxlayacaq. O, qardaşının maddi vəziyyətinin ağır olduğunu görüb, ona demişdir ki, bağın gəlirini, həmçinin mal-qaradan törənəcək buzov və quzuları özünə götürsün, amma mal-qaranın sayına toxunmasın. O da onunla razılaşmış və bundan sonra ailəsi ilə birlikdə onun evinə köçüb, orada yaşamağa başlamışdır. O, isə öz ailəsilə ünvan 3 ünvanında kirayə evdə yaşamışdır. Qardaşı ailəsi ilə birlikdə evində yaşamaqla 2007-ci ilədək 2007ci ilin aprel ayında onun yanına gəlib demişdir ki, Qarabağ veteranlarına evlər verilir və o, da Qarabağ veteranı olduğu üçün ev almaq istəyir, lakin ona ev verilməsi üçün 3000 manat pul istəyirlər. Qardaşı ona demişdir ki, “Xaçmazda yaşayırsan, gəl 3000 manat xərci sən çək, evi alıb sənə verim, sən də kənddəki evi, torpağı, mal-qaranı ver mənə". Onunla razılaşmış və qardaşına veteranlar üçün verilən evi alması üçün 3000 manat pulu həyat yoldaşı Dürnisə Laçınovanın yanında vermişdir. Həmçinin qardaşı ilə aralarındakı anlaşma barədə onun həyat yoldaşı, hazırkı iddia üzrə cavabdeh olan Cavabdeh da bildirmişdir. O, dedi ki, hər şeydən xəbəri var və ərinin təklifi İlə o, da razıdır. 2007-ci ilin oktyabr ayının 29-da qardaşına ünvan 4 ünvanında ev verildi, noyabr ayının 3-də isə o qardaşının və onun arvadının razılığı ilə ailə üzvlərilə birlikdə həmin evə köçmüşdür. Bir müddət keçəndən sonra qardaşına dəfələrlə təklif etmişdir ki, evi onun adına rəsmiləşdirsin, o da kənddəki evi onun adına keçirsin. Lakin qardaşı dedi ki, “qızı köçürmüşəm, bankdan faizlə pul almışam, bankın pulunu qaytarandan sonra evin rəsmiləşdirilməsi ilə məşğul olacağam”. Bu səbəbdən bir müddət qardaşına möhlət verməli olmuşdur. 2014-cü ildə qardaşına demişdir ki, evi təmir etmək istəyir. O, da demişdir ki, “ev sənindir, necə istəyirsən təmir et”, hətta ona məsləhət görmüşdür ki, qohumları olan X6 yaxşı ustadır, onunla danışıb evi təmir etdirə bilər. Belə də etmiş və Romanla danışıb evin təmirinə görə zəhmət haqqısını 3000 manata razılaşmışdır. O, evi təmir etmiş və ona zəhmət haqqı olaraq 3000 manat pul vermişdir. Həmçinin təmir üçün materialların alınmasına 5000 manat məbləğində pul xərcləmişdir. Qardaşı ailə üzvləri ilə birlikdə 20 il ərzində evində yaşayıb, torpağından və əmlakından istifadə ediblər. Onlar torpaq sahəsini əkərək, oradan ildə 1000 manat, mal-qaradan ildə 1000 manat, bağının məhsulundan ildə 1000 manat qazanc əldə ediblər. Hər il cəmi 3000 manat olmaqla 20 il ərzində 60000 manat məbləğində qazanc əldə ediblər. xx.xx.2017-ci il tarixdə qardaşı vəfat etmiş, bundan sonra qardaşının həyat yoldaşı olmuş cavabdeh 2019-cu ilin iyun ayınadək onun Qarabağlı kəndindəki evində yaşayıb və evindən, yuxarıda qeyd etdiyi bağdan və pay torpaq sahəsindən, mal-qaradan istifadə edib və gəlir götürmüşdür. Cavabdeh ona məxsus evdən çıxanda evə lazımi səviyyədə baxılmadığına görə yararsız hala düşmüşdür. Bundan başqa o, istifadə etdiyi təbii qazın və işığın pulunu da ödəməmişdir. İşıq sayğacında 28 manat, qaz sayğacında isə 650 manat pul borc qalıb. Həmçinin cavabdeh evinin 0,53 ha həyətyanı torpaq sahəsindəki 60 ədəd məhsuldar fındıq ağaclarından, 3,57 ha pay torpaq sahəsindən gəlir götürsə də, ona həmin gəlirdən heç nə ödəməyib. O, təsərrüfatında olmuş 6 baş iri buynuzlu qaramalı, yəni 4 baş inək və 2 baş buzovu, 22 baş xırda buynuzlu davarı, yəni 15 baş qoyun və 7 baş keçini də satıb. Ötən dövr ərzində bütün bələdiyyə vergilərini, yəni torpaq və əmlak vergisini özü ödəmişdir. Mülkiyyətində olan torpaq sahəsi ailəsinə Xaçmaz rayon X5 tərəfindən kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə verilmiş və torpaqdan səmərəli istifadə etməklə ailəsinin dolanışığını təmin etməklə yanaşı xeyli gəlir əldə edəcəkdi. Mülkiyyətində olan torpaq əkin sahəsi olmaqla 2-ci keyfiyyət qrupuna və Şabran-Xaçmaz kadastr qiymət rayonuna aiddir. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1998-ci iltarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Qeyd olunan qərarda əkinə yararlı 2-ci keyfiyyət qrupuna, Şabran-Xaçmaz kadastr rayonuna aid suvarılan, düzən torpaqlarn 1,0 hektarının qiyməti 1281,24 manat, indeksləşdirildikdən sonra isə 2871,64 manat təşkil edir. Təkcə son 3 ildə mülkiyyətində olan 3,57 hektar torpaq sahəsinə görə o 30755 manat gəlir əldə edə bilərdi. Lakin torpaq sahəsi cavabdehin istifadəsində olduğuna görə bu gəlirdən məhrum olmuşdur. Xaçmaz rayonunun Qarabağlı kəndindəki ev, torpaq sahəsi və təsərrüfatındakı mal-qara ona məxsusdur və cavabdehin həmin əmlaklardan götürdüyü gəlirlərdə ona məxsus olmalıdır. Mülkiyyətçi hüquqları bilavasitə cavabdeh tərəfindən pozulduğundan, əmlaklarının satışından və istifadəsindən götürdüyü gəlirləri də cavabdeh ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilən ümumilikdə 28 baş mal-qaranı qardaşına, o cümlədən onun ailə üzvü olan Cavabdeh 1999-cu ildə əmanət kimi vermişdir. İddia ərizəsində göstərilən 3,57 ha və 0,53 ha torpaq sahəsini də onların istifadələrinə həmin il, yəni 1999-cu ildə vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı qeyd etdiyi torpaq sahələrini əri vəfat edəndən sonra ümumiyyətlə istifadə etməmişdir. Qeyd olunan torpaq sahələri 2019-cu ilin yay aylarında iddiaçıya qaytarılıb. O və mərhum əri heç kimin torpaq sahəsini qanunsuz zəbt və yaxud da istifadə etməyiblər. İddiada qeyd olunan mal-qara isə onlara heç vaxt verilməyib, bu da yalandır. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarıını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, tərəflərlə həmkəndlidir. Tərəflərin bir-birinə mal-qara verməsi barədə, eyni zamanda iddiaçının mərhum qardaşına mal-qara verməsindən dəqiq məlumatı yoxdur. Lakin 1999-cu ildə iddiaçının həyətində 4-5 baş inək, 10-15 baş qoyun, 3-5 baş isə keçi olması ona məlumdur. Göründüyü kimi, şahidin ifadəsinə əsasən iddiaçının cavabdehə və yaxud da cavabdehin əri olmuş mərhum qardaşına mal-qara verməsi öz təsdiqini tapmır. Bundan əlavə iddiaçı “təsərrüfatında mövcud olmuş 6 baş iribuynuzlu qaramalın, yəni 4 baş inək və 2 baş buzovun, 22 baş xırda buynuzlu davarların, yəni 15 baş qoyun və 7 baş keçinin” cavabdehə və yaxud da cavabdehin əri olmuş mərhum qardaşına verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddianın bu hissəsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddianın “əldən çıxmış fayda kimi 0,53 hahəyətyanı torpaq sahəsindəki 60 ədəd məhsuldar fındıq ağaclarının bəhərindən 3 il ərzində əldə edilə biləcək 3000 manat məbləğində pulun və 3,57 ha pay torpaq sahəsinin əkilməsindən 3 il ərzində əldə edilə biləcək 30755 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə hissəsi ilə bağlı isə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 085A saylı 30218038 kodlu şəhadətnamənin və JN 0091 saylı 30218038 kodlu dövlət aktının surətlərindən müəyyən olunur ki, X2 xx.xx.1997-ci il tarixli 16 saylı qərarına əsasən X1 və digər şəxslərin mülkiyyətinə 0,53 ha həyətyanı və 3,57 ha pay torpaq sahələri verilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdən də görünür ki, hər iki torpaq sahəsi X4 adlı şəxsin və digər şəxslərin mülkiyyətinə verilmişdir. İddiaçı isə qeyd olunan JN 085A saylı 30218038 kodlu şəhadətnamənin və JN 0091 saylı 30218038 kodlu dövlət aktının iddiaçıya, yəni İddiaçı məxsus olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçının izahatından və iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı qardaşının maddi vəziyyətinin ağır olduğunu görüb, ona demişdir ki, bağın gəlirini, həmçinin malqaradan törənəcək buzov və quzuları qardaşı özünə götürsün, amma mal-qaranın sayına toxunmasın. Qardaşı da onunla razılaşmış və bundan sonra ailəsi ilə birlikdə onun evinə köçüb, orada yaşamağa başlamışdır. Qardaşı ailə üzvləri ilə birlikdə 20 il ərzində evində yaşayıb, torpağından və əmlakından istifadə ediblər. xx.xx.2017-ci il tarixdə qardaşı vəfat etmiş, bundan sonra qardaşının həyat yoldaşı olmuş cavabdeh 2019-cu ilin iyun ayınadək onun Qarabağlı kəndindəki evində yaşayıb və evindən, yuxarıda qeyd etdiyi bağdan və pay torpaq sahəsindən, malqaradan istifadə edib və gəlir götürmüşdür. Təkcə son 3 ildə mülkiyyətində olan 3,57 hektar torpaq sahəsinə görə o 30755 manat gəlir əldə edə bilərdi. Bundan başqa iddiaçının izahatından müəyyən olunur ki, iddia ərizəsində göstərilən ümumilikdə 28 baş mal-qaranı qardaşına, o cümlədən onun ailə üzvü olan Cavabdeh 1999-cu ildə əmanət kimi vermişdir. İddia ərizəsində göstərilən 3,57 ha və 0,53 ha torpaq sahəsini də onların istifadələrinə həmin il, yəni 1999-cu ildə vermişdir. İddiaçının izahatından da göründüyü kimi, 3,57 ha və 0,53 ha torpaq sahəsini iddiaçı qardaşına əvəzsiz olaraq istifadəyə vermişdir. Beləliklə, işin yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 738-ci maddəsinə əsasən kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri əlavə sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e td i: İddiaçının Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar