Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1778/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh əmlakına dəyən zərərin əvəzi olaraq 416 manat pul, ödədiyi 20 manat xidmət haqqı pulu, eləcə də dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 466 (dörd yüz altmış altı) manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh 12 aprel 2024-ci il tarixdə, saat 11 radələrində, Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində, idarə etdiyi DAEWOO NEXİA MİNİK markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşınla, yolhərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq, onun idarə etdiyi “VAZ 21070” markalı, **-RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını qabaq sağ tərəfindən vuraraq hadisə yerindən də qaçmışdır. Yol polisi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, bununla bağlı sənədləşmə aparılmış və cavabdeh barəsində inzibati tənbeh vermə haqqında TR ******* saylı qərar tərtib edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci-327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktından da görünür ki, hadisə nəticəsində oa məxsus avtomaşına 416 manat ziyan dəymişdir. Cavabdeh könüllü qaydada dəymiş ziyanı ona ödəmək istəmir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, baş vermiş avtoqəza nəticəsində cavabdeh tərəfindən avtomobilimə vurulmuş ziyan məbləğinin ödənilməsini tələb edir. Cavabdeh avtomobilini vuraraq hadisə yerindən qaçıb getmişdir, cavabdehin icbari sığortası olmadığı üçün avtomobilini özü təmir etdirmişdir, ona dəymiş ziyanın ödəniməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddianı qəbul etmir. Yol-nəqliyyat hadisəsi olub, onun avtomobilini vurublar, yüngül zərər olub. Hadisə ilə əlaqədar onu cərimə ediblər, cəriməni ödəmişdir. O, avtomobili vurmamış, iddiaçı onun avtomobilini vurmuşdur. Hesablanmış ziyan məbləği ilə razı deyil, iddiaçının avtomobilinin farası sınmışdır, 50 manat ziyan dəyə bilərdi. Onun avtomobilinin də farası sınmışdır. Məhkəmə tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -xx.xx.2025-ci il tarixli 01225 saylı ziyan aktından görünür ki, “VAZ 21070” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 416 manat məbləğində zərər vurulmuşdur. -xx.xx.2025-ci il tarixli, TP-7172289 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.2, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. -fotoşəkillərdən görünür ki, “VAZ 21070” minik markalı avtomobilin ön sağ tərəfinə ziyan dəymişdir. -mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh, Cavabdeh 12 aprel 2024-ci il tarixdə, Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində, idarə etdiyi DAEWOO NEXİA MİNİK markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşınla, yol-hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq, onun idarə etdiyi “VAZ 21070” markalı, **-RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını qabaq sağ tərəfindən vurmuşdur. Hadisə nəticəsində “VAZ 21070” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 416 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 12 aprel 2024ci il tarixdə, idarə etdiyi DAEWOO NEXİA MİNİK markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçının idarə etdiyi “VAZ 21070” markalı, **-RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ön sağ tərəfindən vurmuşdur. Hadisə nəticəsində “VAZ 21070” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 416 manat məbləğində zərər vurulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin 416 manat məbləğdə hissəsi əsaslıdır, təmin edilməlidir. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ziyan aktının tərtib edilməsi ilə əlaqədar cavabdehdən əlavə olaraq 20 manat məbləğdə pul tələb etsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 416 manat məbləğdə pul və mülki işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 416 manat məbləğdə pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1778/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1778/2025
13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver