Məhkəmə qərarları › İş №2(067)-1784/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1784/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1784/2021 22.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 22 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 294,37 manat, faiz borcu üzrə 359,70 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 27 faiz ödəməklə 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Kredit müqaviləsinə əsasən Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə zamin borclu ilə birlikdə öhdəlikləri yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh ödəniş cədvəli üzrə öhdəlikləri vaxtında icra etməli olduğu halda o müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh əsas borcdan 569,14 manat, faiz borcundan isə 479,46 manat ödəmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, krediti və kredit üzrə hesablanmış faiz borcunu qaytarmamışlar. Məhkəmə iclasında iddiacı tərəf iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanılmış 23 sentyabr 2014-cü il tarixli 1579 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh2 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh1 zamin qismində çıxış etmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli 9/5866 nömrəli rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 23.02.2021-ci il tarixə olan borcu 239,54 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 212,56 manat, faiz borcu üzrə 26,98 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 212,56 manat əsas, 26,98 manat faiz borcu və 25 manat dövlət rüsumu alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. Dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı cavabdehlərdən və 50 manatı isə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatından alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar