Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1808/2024 21.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3947,80 manat və 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər tanış olmuşlar və bu tanışlıqdanda istifadə edərək kredit almaq üçün ona zamin durmasını xahiş etmişdir. Onunla Vüsal arasında şifahi olaraq razılaşma olmuşdur ki, Cavabdeh zamin dayanarsa kredit ödənişlərində heç bir gecikmə olmayacağına söz vermişdir. Cavabdeh da Molbulak BOKT-nın MMC-nın Xaçmaz filialından 4000 manat kredit almışdır. Cavabdeh bir neçə ay kredit borcundan ödədikdən sonra kredit borcunu ödəməkdən imtina etmişdir. Dəfələrlə Cavabdeh zəng edərək demişdir ki, kredit borcunu ödəsin, yoxsa Molbulak BOKT-nın MMC-nin Xaçmaz filialı onları məhkəməyə verəcək və qətnamədəki pul onun maaşından tutulacaq çünki, onun işi rəsmi işdir. Lakin Vüsal acılayaraq telefonda demişdir ki, pulu yoxdur. Molbulak BOKT-nm MMC-nm Xaçmaz filialı onları Xaçmaz rayon Məhkəməsinə verərək qətnamə qəbul etdirmiş və sözü gedən qətnamənin qət edən hissəsində göstərilir ki, Cavabdeh, İddiaçı və X2 3060,90 manat əsas, 856,90 manat faiz, 10 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Molbulak BOKT MMC-nın Xaçmaz filialına ödənilsin. Qətnamədə adı sadalanan şəxlərdən yalnız rəsmi işləyən odur deyə, icra məmuru bir başa onun əmək haqqısının 50% yönəltmiş və bir neçə ay tutulduqdan sonra o borc pul taparaq qalan məbləği ödəyib tam şəkildə kredit borcunu ödəmişdir. Ödədikdən sonra yenidən Cavabdeh zəng edərək demişdir ki, kredit borcunu tam ödəmişdir pulunu qaytarsın. Lakin Cavabdeh yenidən onu açılayaraq demişdir ki, get nə istəyirsən elə ona pul verməyəcək. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh bankdan kredit alarkən ona zamin dayanmışdır. Cavabdeh borcu ödəmədiyi üçün borcu o ödəməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə ödəniş barədə razılığa gələcəkdir. Bankdan kredit alıb borcu ödəyəcək. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-2100/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh, İddiaçı və X2 3060,90 manat əsas, 856,90 manat faiz, 10 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə tutulması qət edilmişdir. -Zaminin kredit öhdəliyi haqqında arayışdan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0803-026094-01 saylı kredit müqaviləsinə uyğun olaraq xx.xx.2014-cü il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı ilə №0803-026094-01/1 saylı “Zaminlik Müqaviləsi” bağlanmışdır. -Ödəniş qəbzlərinin surətindən müəyyən olunur ki, İddiaçı əmək haqqından "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulmalar edilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən zamin İddiaçı və X1 Vüsal Fikrət oğlunun xx.xx.2014-cü il tarixli 0803-026094-01 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh ilə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə, onun "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC -yə borcu yaranmışdır. Cavabdeh əsas borclu olaraq Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün İddiaçı əmək haqqından zamin olaraq silinmələr edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə onun tərəfindən zamin qismində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hesabına köçürülmüş ümumilikdə 3947,80 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nun Xaçmaz filialından aldığı 4000 manat krediti ödəməmiş, cavabdeh borcu ödəmədiyi üçün borcu zaminlərdən biri olan İddiaçı ödəməli olmuşdur. İş üzrə iddiaçı qeyd olunan zaminlik müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh pulu qaytarmamışdır, bununla da iddiaçının tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə istinadən qeyd edir ki, iddiaçı (zamin) İddiaçı (borclu) Cavabdeh əvəzindən sonuncunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC -yə olan borcunu və icra ödənişini tam olaraq ödədiyindən onun həmin məbləği Cavabdeh tələb etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə iddianı əsaslı hesab edir və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3947,80 manat və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1808/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1808/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver