Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1819/2020 02.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7269 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə ona məxsus olan Mitsubişi Airtrek markalı, 99BS627 nömrəli avtomobili əvvəllər tanıdığı Rəhim adlı şəxs vasitəsilə Xaçmaz şəhərində yerləşən avtotəmir sexində çilingər işləyən Cavabdeh təmir üçün vermişdir. Avtomobilin problemi sadəcə 1-2 damcı yağ axıtmaq idi, lakin cavabdeh 15 gün ərzində onu aldadaraq, 1000 (bir min) manatlıq ehtiyat hissələri aldırmış və 500 (beş yüz) manat zəhmət haqqı tələb etmişdir. O, ona ilkin olaraq 200 (iki yüz) manat beh vermişdir. Lakin, o, aldığı ehtiyat hissələrinin heç birini maşının üstünə qoymamışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh ona zəng edərək, maşının hazır olduğunu bildirmişdir. Bundan sonra o, Şabrandan taksi ilə Xaçmaza gəlmişdir. Maşını işə salarkən görmüşdür ki, maşın arxadan möhkəm tüstü buraxır. Məcbur olub maşını təzədən təmir sexinə aparmış və cavabdehdən maşını tam təmir edib ona təhvil verməsini tələb etmişdir. Hətta maşını sürüb sexdən aralı saxladığına görə iradını bildirmişdir. xx.xx.2020-ci il tarixdə telefonla cavabdehə 10 dəfə zəng etməsinə baxmayaraq, o, zənglərə cavab verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili Aydın ona zəng edərək, onun maşınını Əflatun adlı ustanın Rəhimoba kəndi yolunda aşırdığını bildirmişdir. Ümumilikdə cavabdeh ona 7269 (yeddi min iki yüz altmış doqquz) manat maddi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, cavabdehə ehtiyat hissələri verməyimə dair, həmin ehtiyat hissələrinin çeşidləri və dəyərlərinə dair sübutunun olmadığını bildirmiş, qeyd olunanlarla əlaqədar iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Mitsubişi Airtrek markalı, 99BS627 dövlət nömrə nişanlı avtomobilini təmir etdirmək üçün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Cavabdeh işlədiyi sexə qoymuş və avtomaşının təmir etdirmək üçün açarları təmirdən sonra sürərək yoxlaması üçün ona vermişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh İddiaçı məxsus olan avtomobili təmir etdikdən sonra sürüb yoxlayarkən Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində avtomobilin sol şaravoyu sınaraq yol kənarına çıxmış və avtomobil yanı üstə aşmışdır. Bundan sonra Cavabdeh avtomaşına vurduğu maddi ziyana görə İddiaçı 4000 manat pul təklif etmiş, lakin o, onunla razılaşmamışdır. Bu səbəbdən də Cavabdeh avtomobili təmir etdirməmiş, İddiaçı isə ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından alınmış xx xxxx 2020-ci il tarixli, 852 saylı ziyan aktından görünür ki, Mustafa Əhmədsafa oğluna məxsus olan Mitsubişi Airtrek markalı, 99BS627 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 6069 (altı min altmış doqquz) manat təşkil edir. Xaçmaz Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh ilkin olaraq iddiaçıdan 200 (iki yüz) manat məbləğində zəhmət haqqı aldığını etiraf etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Ona görə də, hazırki mübahisə ilə əlaqədar cavabdehdən tələb olunan məbləğdə ziyanın miqdarının nədən ibarət olması, necə formalaşması barəsində sübutlarını təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə prosesi zamanı tədqiq olunmuş sübutlarla İddiaçı xx.xx.2020-ci il tarixdə özünə məxsus olan Mitsubişi Airtrek markalı, 99BS627 nömrəli avtomobili əvvəllər tanıdığı Rəhim adlı şəxs vasitəsilə Xaçmaz şəhərində yerləşən avtotəmir sexində çilingər işləyən Cavabdeh təmir üçün vermişdir və cavabdehə ilkin olaraq 200 (iki yüz) manat beh vermişdir.xx.xx.2020-ci il tarixdə axşam saatlarında Cavabdeh avtomaşını Xaçmaz rayonunun Rəhimoba kəndi yolunda aşırmışdır və Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından alınmış xx xxxx 2020-ci il tarixli, 852 saylı ziyan aktına əsasən avtomaşına 6069 (altı min altmış doqquz) manat maddi ziyan dəymişdir. Beləliklə, işin hallarından Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı 6269 (altı min iki yüz altmış doqquz) manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Lakin, iddiaçı tərəfindən 1000 (bir min) manat məbləğində ehtiyat hissələrinin cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 6269 (altı min iki yüz altmış doqquz) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 6269 (altı min iki yüz altmış doqquz) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1819/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1819/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver