Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1827/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 6909 manat pulun, habelə ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Xaçmaz rayon məhkəməsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi araşdırılır və həmin işdə o zərərçəkmiş şəxs qismində tanınmışdır. İttiham aktından da görünür ki, Cavabdeh toplanmış kifayət qədər sübutlarla təqsirləndirilir. Ona görə ki, o, təkrar xeyli miqdarda ziyan vurmaqla, dələduzluq, yəni, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui- istifadə etməklə aldatma yolu ilə ona “X2 Agentliyində” işə düzəldilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə onun 2023-cü ilin yanvar ayının ortalarında Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Qayalı” marketin içərsindəki “E-Manat” aparatı vasitəsi ilə onun göndərdiyi karta köçürdüyü 850 manat, 2023-cü ilin yanvar ayının sonlarında Xaçmaz ş. H.Z.Tağıyev küçəsində yerləşən Xaçmaz rayon Statistika İdarəsinin olduğu binanın 1 -ci mərtəbəsindəki kompüter kursunun qarşısında əlbəəl aldığı 1275 manat, 2023-cü ilin fevral ayının əvvələrində ünvan 1 ünvanındakı evin qarşısında 2100 manat, 2023-cü ilin fevral ayının ortalarında Xırdalan şəhərində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin həyətyanı sahəsində 500 manat, 2023-cü ilin fevral ayının sonlarında ünvan 1 ünvanındakı evin qarşısında 1800 manat, 2023-cü ilin mart ayının əvvələrində eyni ünvanda 384 manat pulu şəxsən alıb ələ keçirməklə ümumilikdə ona 6909 manat maddi ziyan vurmuşdur. Murada göndərdiyi pullarla bağlı qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İbtidai araşdırma dövründə və ya ondan sonrakı dövrdə cavabdeh ona vurduğu ziyanı ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və göstərmişdir ki, cavabdeh hazırda cəzaçəkmə müəsissəsindədir. Cəzasını çəkdikdən sonra ona borcu necə ödəyəcəyini bilmir. O, pulunu tələb edir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə cavabdeh cəza çəkdiyi 5 saylı CÇM-dən məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-23/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(027)-34/2019 nömrəli hökmü üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi olan 2900 (iki min doqquz yüz) manat cərimə cəzası ilə tam birləşdirilərək ona 04 (dörd) il (06) altı ay azadlıqdan məhrumetmə və 2900 (iki min doqquz yüz) manat cərimə cəzaları təyin edilmişdir. Cavabdeh ibtidai istintaq zamanı 27 aprel 2020-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə 26 aprel 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək 04 (dörd) ay həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ümumilikdə 04 (dörd) ay 02 (iki) gün olmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə və 2900 (iki min doqquz yüz) manat cərimə cəzaları saxlanılmışdır. -ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 90 manat rüsum ödənilmişdir. -Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul edir və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-23/2025 saylı hökmünə əsasən cavabdehin dələduzluq yolu ilə iddiaçıdan 6909 manat məbləğdə pul aldığı və həmin pulu geri qaytarmadığı, bununla da iddiaçıya maddi ziyan vurduğu təsdiq edilmişdir. Həmçinin, cavabdehin məhkəməyə ünvanlandığı ərizədən də görünür ki, cavabdeh iddianı qəbul edir, təmin edilməsinə etiraz etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6909 manat məbləğdə pul və mülki işə baxılması ilə əlaqədar ödənilmiş 90 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6909 manat məbləğdə pul və mülki iş üzrə ödənilmiş 90 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1827/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1827/2025
06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver