Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1833/2021 26.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulmasına dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1152.4 manat məbləğində əsas borc, 15.61 manat faiz borcu və 527.51 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1695.52 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 0,0833 faiz dərəcəsi ilə 60 ay müddətinə 1152,4 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcunun ödənilməsini gecikdirmişdir və hazırda onun 1152,4 manat əsas, borc 15,61 manat faiz, 527,51 manat cərimə borcu, cəmi 1695,52 manat kredit borcu qalmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh iddianı qismən qəbul edərək, izahatında pandemiya ilə bağlı iş olmadığından, krediti vaxtında ödəyə bilmədiyini, iş olan kimi krediti tez bir zamanda qaytaracağını, əsas borc və faiz borcu ilə razı olduğunu, cərimə borcunun isə silinməsini istədiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh illik 0,0833 faiz dərəcəsi ilə 60 ay müddətinə 1152,4 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 10.01.2020-ci il tarixdən 10.12.2024-cü il tarixinə kimi kredit verilmişdir və müqavilə üzrə ödənişin şpon günü 10.12.2024-cü il tarixidir. İş materiallarında olan 25.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15.04.2021-ci il tarixinə olan borcu 1152.4 manat məbləğində əsas borc, 15.61 manat faiz borcu və 527.51 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1695.52 manat məbləğində təşkil edir. İş materiallarında olan kredit müqaviləsinin ləğv edilməsi və borcun tələbi barədə 30.03.2021-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ona borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir. İş materiallarında olan 31.05.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməlidir və Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1152.4 manat məbləğində əsas borc, 15.61 manat faiz borcu tutulmalıdır. Lakin, məhkəmə cavabdehin 1152.4 manat məbləğində əsas borc, 15.61 manat faiz borcunun qalığına hesablanmış 527.51 manat məbləğində cəriməni bu borca mütənsaib hesab etmir və cərimə borcunun məbləğini azaldaraq 50 manat müəyyən edir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdeh 1152.4 (min yüz əlli iki manat, qırx qəpik) manat məbləğində əsas borc, 15.61 (on beş manat, altmış bir qəpik) manat faiz borcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1218,01 (min iki yüz on səkkiz manat, sıfır bir qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1833/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1833/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver