Məhkəmə qərarları › İş №2(067)-1834/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1834/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1834/2021 26.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 04.11.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinİn ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1413.98 manat məbləğində əsas borc, 20.48 manat faiz borcu və 691.41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2125,87 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 1413,98 manat məbləğində kredit verilmişdir. Həmçinin, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən o, Cavabdeh1 bank qarşısındakı öhdəliyinə görə müştərək qaydada məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit borcunun ödənilməsini gecikdirmişdir və hazırda onun 1413,98 manat əsas, 20,48 manat faiz, 691,41 manat cərimə borcu, cəmi 2125,87 manat kredit borcu qalmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Qeyd olunanlala əlaqədar məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək, izahatında ölkədə pandemiya ilə bağlı iş olmadığına görə krediti vaxtında ödəyə bilmədiyini, iş olan kimi krediti tez bir zamanda qaytaracağını, əsas borc və faiz borcu ilə razı olduğunu bildirərək, cərimə borcunun silinməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 1413,98 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 011G**********01 sayl zaminlik müqaviləsindən müəyyən olunur ki, digər Cavabdeh2 Cavabdeh1 ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 04.11.2019-cu il tarixli, 011A********** sayl kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 Banka olan borcu 04.12.2019-cu il tarixindən 04.11.2024-cü il tarixinə kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hesabına ödənilməlidir. İş materiallarında olan 25.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15.04.2021-ci il tarixinə olan borcu 1413.98 manat məbləğində əsas borc, 20.48 manat faiz borcu və 691.41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2125,87 manat təşkil edir. İş materiallarında olan kredit müqaviləsinin ləğv edilməsi və borcun tələbi barədə 30.03.2021-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ona borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir. İş materiallarında olan 31.05.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. İşin araşdırılmış hallarından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1413.98 manat məbləğində əsas borc, 20.48 manat faiz borcu tutulmalıdır. Lakin, məhkəmə Cavabdeh1 1413.98 manat məbləğində əsas borc, 20.48 manat faiz borcunun qalığına hesablanmış 527.51 manat məbləğində cəriməni bu borca mütənasib hesab etmir və cərimə borcunun məbləğini azaldaraq 50 manat müəyyən edir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1413.98 (min dörd yüz on üç manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 20.48 (iyirmi manat, qırx səkkiz qəpik) manat faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1484,46 (min dörd yüz səksən dörd manat, qırx altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 (iyirmi beş) manat məbləğində tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar