Məhkəmə qərarları › İş №2(067)-1843/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1843/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1843/2025 12.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızı X1 üçün müəyyən edilmiş alimentin miqdarını artıraraq uşağın saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1108/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə onun araslnda xx.xx.1997-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2009-cu il təvəllüdlü qızı X3 himayəsinə verilməsinə razılıq əldə olunmuş, uşağın saxlanılması üçün 160 manat aliment ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh aliment öhdəliklərini icra edir. Barışıq sazişi ilə müəyyən olunmuş 160 manat məbləğində aliment hazırki dövrdə uşağın ehtiyaclarını ödəmir. Məlum olduğu kimi sənayə və istehlak malları bahalaşmışdır. 160 manat aliment ilə uşağı saxlamaq mümkünsüzdür. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, alimentin artırılmasını istəyir. Aralarında barışıq sazişi olub. Cavabdeh ayda 160 manat ödəniş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, maddi vəziyyəti yol vermir. Xəstədir və müalicələr alır. Aralarında bağlanmış barışıq sazişinə əsasən ayda 160 manat ödəniş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. - Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1108/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. - Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızı X3 İddiaçı himayəsinə verilməsinə razılıq vermiş, uşağın saxlanılması üçün 160 manat aliment ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızı X1 üçün hər ay 160 manat aliment ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğinin artırılması xahiş edilsə də, iddiaçının irəli sürmüş olduğu tələb mahiyyət etibarı ilə aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının artımına uyğun təyin edilməsi barədədir. Bu növ tələblərə isə icra icraatı qaydasında baxılıb qiymət verilməsi nəzərdə tutulduğuna görə iş üzrə icraata xitam verilməli, iddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək və bundan sonra isə hazırki tələbi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə və bundan sonra aidiyyəti üzrə icra icraatı qaydasında məhkəməyə müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar