Məhkəmə qərarları › İş №2(067)-1857/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1857/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1857/2021 22.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 22 iyul 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün Xaçmaz rayon məhkəməsinin 11 aprel 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat miqdarında alimentin miqdarı artırılaraq ondan hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 15.01.2015-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından olan 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Hazırda 100 manat pul ilə uşağın saxlanması qeyri mümkündür. Bir ana olaraq uşağını bacardığı qədər yaxşı dolandırır. Heç yerdə işləməsə də xırda ticarətlə məşğuldur. Cavabdeh isə bir ata olaraq alimenti vaxtlı vaxtında ödəmir. Cavabdeh hazırda usta işləyir və yaxşı qazanc əldə edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh oğludur, səhhəti ilə bağlı işləyə bilmir, qazancı yoxdur. Aliment ödəmək imkanı yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 2(067)-492/2014 saylı 11 aprel 2014-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 10 noyabr 2007-ci ildə anadan olmuş X2 atası olması faktı müəyyən edilmiş, 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün 10 fevral 2014-cü ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 2(067)-492/2014 saylı 11 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 10 noyabr 2007-ci il təvəllüdlü Abdulxalıqova (Rəhimova) Nuray Fəxrəddin qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar