Məhkəmə qərarları › İş №2(067)-1867/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1867/2025

07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1867/2025 07.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icarəyə götürdüyü tikinti materiallarına görə ona vurduğu zərərin əvəzi olaraq 100 ədəd dirəyin dəyəri olan 1500 manat, bu günə kimi ödəmədiyi kirayə haqqına görə 1800 manat və tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 53 manat, ümumilikdə 3353 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o özünə məxsus tikinti ləvazimatları olan, beton işində istifadə olunan dəmir dirəkləri və fanerka taxtaları müxtəlif şəxslərə aylıq icarəyə verməklə məşğul olur. Əvvəllər tanımadığı Cavabdeh 13 iyun 2021-ci il tarixdə mebel ustası kimi işlədiyi, Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Həyat mebel salonuna gəlmiş, onda dəmir dirəklərin olduğunu öyrəndiyini və Xaçmaz rayonu Müqtədir qəsəbəsində ev tikintisi üçün 80 ədəd dəmir dirək lazım olduğunu bildirmiş və onlar razılaşmışlar. 15 iyun 2021-ci il tarixdə Namiq işlədiyi mebel salonuna gələrək əlavə 20 ədəd, yəni ümumilikdə 100 ədəd dəmir dirək lazım olduğunu demiş və özü ilə gətirdiyi Qazel markalı avtomobilə yükləişdir. Hər bir dəmir dirəyin aylıq icarə haqqını 1 manata razılaşmış və Cavabdeh ona 100 ədəd dəmir dirəyin 1 aylıq icarə haqqı 100 manat pulu nağd şəkildə ödəmişdir. Söhbət əsnasında Namiq ona tikinti işlərinin 3-4 ay müddətində davam edəcəyini və tikinti başa çatan kimi dəmir dirəkləri qaytaracağını, eləcə də hər ay icarə haqqını ödəyəcəyini bildirdi. Hətta şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etdi. Həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq, Namiq hər ay üçün ödəməli olduğu 100 manat icarə haqqını ödəmədiyindən o Namiqə zəng vuraraq icarə haqqını ödəməsini bildirdi. Namiq icarə haqqını yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Lakin icarə haqqını ödəmədiyindən 2021-ci ilin dekabr ayının əvvəllərində yenidən Cavabdeh zəng vuraraq icarəyə götürdüyü dəmir dirəkləri geri qaytarmasını tələb etmişdir. Namiq dəmir dirəklərin tikintisinə rəhbərlik etdiyi ev sahibindən pulunu ala bilmədiyi üçün dəmir dirəklərin həmin evdə olduğunu bildirmişdir. Daha sonra 2021-ci ilin dekabr ayının sonunda Namiq ona məxsus bank hesabına 190 manat pul ödəniş etmişdir. Bundan sonra o, 2022-ci ilin yanvar-fevral aylarında tez-tez Namiq ilə telefon əlaqəsi saxlayaraq dəmir dirəkləri gətirməsini tələb etmişdir. Bundan sonra Cavabdeh sonuncu dəfə icarə haqqından 200 manat pul ödəniş etmişdir. 01 mart 2022-ci il tarixdə Cavabdeh ondan icarə qaydasında aldığı 100 ədəd dəmir dirəyi başqa şəxsə satdığı məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında dəmir dirəklərin alqı-satqısı ilə bağlı borc qalıb. Cavabdeh özü də məhkəmə hazırlıq iclasında etiraf etmişdir ki, iddiaçıdan aldığı dəmir dirəklərə görə ona 1500 manat pul borcludur və pulu ödəyəcəyini bildirmişdir. Bundan başqa o, iddiaçıya 1800 manat icarə haqqı ödəməlidir. Həmin pulların və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş edir. 1300 manat puldan cavabdeh 800 manat ödəsə razılaşarlar. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, o, 1500 manat dirəklərə görə iddiaçıya pul borclu qalmışdır. 1800 manat icarə haqqından isə 500 manatı ödəmiş, qalan 1300 manat puldan isə 500 manat ödəyə bilər. Artıq pul ödəməyə imkanı yoxdur. İddiaçı tərəf razı olsa 500 manat ödəyərdi. İddiaçıya 1300 manat icarə haqqından 800 manat ödəməyə etiraz etmir. Cəmi 2300 manat hissədə iddianı qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 53 manat rüsum ödənilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə İddiaçı Cavabdehla aralarında yaranmış pul tələbi ilə bağlı müraciəti mülki xarakterdi olduğundan mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqnun olması izah edilməklə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borclu olduğu pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 3300 manat pul tələbinə dair 53 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia tələbi 2300 manat hissəsində təmin edildiyindən, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu da iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası dövlət rüsumu haqqında Qanununa əsasən iddianın məbləği 2300 manat olduqda 43 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə də, iş üzrə ödənilmiş 53 manat dövlət rüsumunun 43 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh zərərin əvəzi olaraq 1500 manat, kirayə haqqı olaraq 800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 43 manat məbləği alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar