Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1869/2025 30.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü tikinti materiallarına görə ona vurduğu zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 120 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus tikinti ləvazimatları olan, beton işində istifadə olunan dəmir dirəkləri və fanerka taxtaları müxtəlif şəxslərə aylıq icarəyə verməklə məşğul olur. 10 ilə yaxındır ki, tanıdığı Cavabdeh 13 iyun 2021-ci il tarixdə ondan dəmir dirəkləri icarə əsasında almaq üçün mebel ustası kimi işlədiyi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Həyat mebel salonuna gəlmiş, Xaçmaz şəhərində tikilən binanın tikintisinə rəhbərlik etdiyini və həmin binanın beton işləri üçün dəmir dirəklər və fanerkalar icarəyə götürmək istədiyini bildirmişdir. Hər bir dəmir dirəyin aylıq icarə haqqı məbləğinin 1 manat olduğunu Cavabdeh bildirdikdə, o, həmin dirəkləri 2 ay müddətinə aparacağını deyib ondan 120 ədəd dəmir dirəyi icarəyə götürmək istədiyini bildirmiş və onlar bu barədə razılığa gəlmişlər. Həmin gün Cavabdeh Qazel markalı avtomabili kirayə götürərək, ona məxsus 120 ədəd dəmir dirəyi ilkin olaraq, 100 manat icarə haqqı ödəməklə avtomobilə yükləyərək aparmışdır. Daha sonra İlqar yenidən onun işlədiyi mebel salonuna gələrək əlavə 53 ədəd dəmir dirəyi aparmışdır. Bundan sonra 07 iyul 2021-ci il tarixdə İlqar yenidən onun iş yerinə gələrək ondan 68 ədəd yeni işlənməmiş taxta materialından olan fanerkaları nisyə alaraq, pulunu bir həftə ərzində ödəyəcəyinə söz vermişdir. Daha sonra İlqar yenidən 118 ədəd işlənmiş taxta materialını, işlənmiş fanerkalar hər biri 1,50 manat olmaqla ümumilikdə 177 manat icarə əsasında aparmış, lakin pulunu ödəməmişdir. 10 iyul 2021-ci il tarixdə İlqar ondan 400 ədəd dəmir dirəklərə bərkitmək üçün nəzərdə tutulmuş cülövüz deyilən dəmir bağlayıcıları da aparmışdır. Sonradan Cavabdeh ondan aldığı ümumilikdə 10.000 manat dəyərində olan dəmir dirəkləri, taxta materialını və fanerkaların pulunu ödəməkdən boyun qaçırmışdır. O, dəfələrlə pulunu və əmlaklarını tələb etdikdə Cavabdeh müxtəlif bəhanələrlə onu aldatmış, daha sonra isə pulunu verməkdən imtina etmişdir. Sonradan Cavabdeh ondan aldığı ümumilikdə 10.000 manat dəyərində olan dəmir dirəkləri, taxta materialını və fanerkaları və s. başqa şəxsə satdığı məlum olmuşdur. Bu səbəblə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Xaçmaz şəhərində yaşayır və ustalıqla məşğuldur. Cavabdehə tikinti materialları vermişdir. Cavabdeh dirəkləri icarəyə götürmüş, lakin, onları geri qaytarmamışdır və ya icarə pulunu da verməmişdir. Cavabdehin evinə getmiş, lakin, cavabdehin anası onun həmin evdə yaşamadığını demişdir. Əvvəllər cavabdehi rayonda görsə də, artıq neçə ildir ki, cavabdehi görmür. Polisə müraciət etmişdir. Həmin materiallarını aparan avtomobilin nömrəsini qeyd etmişdir. Cavabdeh 82 ədəd dəmir, sonradan da 36 ədəd təkrar dəmir almışdı. Ona görə də cavabdehdən icarəyə götürdüyü tikinti materiallarına görə vurduğu zərərin ona ödəməyini tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçının mövqeyindən çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, əvvəllər Emin ilə birgə işləsə də, hazırda işləmir. İlqar 2021-ci ildə onlardan tikinti materialları - 120 ədəd turba, işlənmiş və təzə halda olan fanerkalar götürmüşdür. Sonra onlar tikinti materiallarını geri cavabdehdən tələb etsələr də, o, qaytarmaqdan boyun qaçırmışdır. Cavabdehin apardığı təzə fanerkaların qiyməti 27 manata idi. Lakin, 1.20 metrlik turbaların qiymətini bilmir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh 2021-ci ildə mağazanın anbarından tikinti materialları, dirəklər, fanerkalar aparmışdır. Cavabdehin onlardan götürdüyü materialların ümumi məbləğini dəqiq bilmir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, cavabdeh sözügedən tikinti materiallarını malları 1 ay müddətə nisyə almışdır. Cavabdehin apardığı materiallar, iddiaçıya məxsusdur, lakin ona məxsus obyektdə saxlanırdı. Cavabdehə fanerkaları 3000-4000 manata satmışdır. İşlənmiş materialları isə 1 aylıq arendaya götürmüş və cəmi 120 manat pul qaytarmışdır. Cavabdehə 8000-10000 manatlıq material arendaya vermişlər. Cavabdeh insanları aldadır. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X5 Bölməsinin təhqiqatçısı, poıis baş leytenantı X1 13 mart 2022-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə İddiaçıa Cavabdehla aralarında yaranmış pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. 21 aprel 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericilik dəymiş zərərin əvəzinin ödənilməsi məsələsini dəqiq tənzimləmək məqsədilə Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahid ifadələri, iş materialları, eləcə də, işin müəyyən olunan halları ilə müəyyən olundu ki, İddiaçı Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Həyat» mebel salonunda usta işləməklə 13 iyun 2021ci il tarixdə Xaçmaz şəhər sakini Cavabdeh həmin salona gələrək ondan 120 ədəd tikinti işərində istifadə olunan dəmir dirəkləri 100 manat ilkin icarə haqqı ödəməklə aparmışdır. Bundan sonra Cavabdeh müxtəlif vaxtlarda İddiaçı icarə haqqı ödəmədən nisyə müxləlif sayda dəmir dirəklər, işlənmiş taxta materialları və işlənmiş fanerkalar aparmaqla pulunu bir həftə ərzində ödəcəyini bildirmişdir. Daha sonra Cavabdeh İddiaçı icarə əsasında götürdüyü tikinti ləvazimatlarının icarə haqqını ödəyə bilmədiyi üçün İddiaçı həmin ləvazimatları geri qaytarmasını tələb etmişdir. Lakin, Cavabdeh İddiaçı məxsus tikinti ləvazimatlarını hal-hazıra kimi geri qaytarmamışdır. Belə olan halda, iddiaçı hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76.1-ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, cavabdeh məhkəmə iclaslarına gəlməyərək izahat verməkdən yayınmış, iddia tələbinə etiraz etməmiş, habelə iddia tələbi ilə bağlı öz mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırda cavabdeh iddiaçıdan icarə əsasında götürdüyü tikinti materiallarını sonuncuya natura və ya pul şəklində geri qaytarmamışdır. Nəticədə cavabdeh iddiaçıya 10000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddia tələbinin tam həcmdə sübuta yetirildiyini və əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İş materiallarından görünür ki, iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehdən tələb etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbinin tam təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh icarəyə götürdüyü tikinti materiallarına görə vurduğu zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh icarəyə götürdüyü tikinti materiallarına görə vurduğu zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1869/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1869/2025
30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver