Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1893/2024 07.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1750 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 5-6 ildir ki, tanıyır. Tanışlığı onun qardaşı Mahir vasitəsilə olmuşdur. Belə ki, Mahirlə yoldaşlıq etmişdir. Bilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən ailəlilər üçün yataqxanada yaşayır. 2021-ci ilin avqust ayında Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Heydər Əliyev parkının qarşısında təsadüfən cavabdehlə rastlaşmışdır. Söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov 68B ünvanda yerləşən yataqxanadakı bir otaqlı mənzili satmaq istəyir və xahiş etmişdir ki, müştəri tapmaqda ona köməklik etsin. Onun ərdə olan qızı Turanə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Bir ata olaraq qızına ev almaqda köməklik etmək istəmiş, lakin münasib qiymətə ev tapa bilməmişdir. Cavabdehdən evi neçəyə satdığını soruşduqda bildirmişdir ki, 3600 manat pula satır. Ona demişdir ki, ola bilər həmin mənzili qızı Turanə üçün alsın və ondan bir neçə gün vaxt istəmişdir. Bundan sonra o qızı Turanə və əri Etibar ilə məsələ barədə danışmışdır. Onlar bildirmişlər ki, 3400 manat pula imkanları çatar. Bir neçə gündən sonra yenidən cavabdehlə görüşmüş və ona bildirmişdir ki, satdığı mənzili 3400 manat pula ala bilər. Cavabdeh onunla razılaşmış, 2021-ci ilin avqust ayının sonlarında tanışları X3 və X1 iştirakları ilə cavabdehə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Heydər Əliyev parkında 3400 manat pul vermişdir. Bu zaman cavabdeh ondan xahiş etmişdir ki, bu söhbətdən qardaşı Mahirin xəbəri olmasın, çünki o xəbər tutsa, pulları ondan alacaqdır. Pulu aldıqdan sonra cavabdeh bildirmişdir ki, satdığı mənzildə hazırda şəkilçi Akif adlı şəxs yaşayır, hər ay kirayə pulu olaraq Akif ona 50 manat ödəyir. Əgər qızı təcili həmin evə köçmək istəmirsə, qoy Akif mənzildə qalıb yaşasın və aylıq kirayə pulunu ondan özü alsın. O da razılaşmışdır. Akif həmin mənzildə bir neçə ay yaşasa da, qızı Turanə ondan kirayə haqqı almamışdır. Qızı Akifi mənzildən çıxarmış və orada təmir işləri görərək, ailəsi ilə birlikdə həmin köçmək istəmişdir. Bu ərəfədə cavabdeh yenə də onunla rastlaşmış və xahiş etmişdir ki, əgər mənzil hazırda boşdursa müvəqqəti olaraq ora köçüb yaşasın və ayda 60 manat kirayə haqqı ödəyəcəkdir. 2022-ci ilin oktyabr ayının sonlarında cavabdehi həmin mənzilə buraxmışdır. Cavabdeh ona kirayə haqqı verməmiş və ondan tələb etmişdir ki, mənzili boşaltsın. Lakin o evdən çıxmamış, ona görə də cavabdehə qarşı Xaçmaz rayon məhkəməsində evə görə ödədiyi 3400 manat pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, apellyasiya şikayətinə əsasən Xaçmaz rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilərək cavabdehdən onun xeyrinə 500 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Mübahisəli mənzili cavabdehdən satın aldıqdan sonra orada müəyyən təmir işlərini aparmışdır. Belə ki, mənzilin şüşəbəndi çürümüş vəziyyətdə olmuş, oranı dağıdaraq yeni şüşəbənd saldırmışdır. Materiala 220 manat, köhnə şüşəbəndin dağıdılmasına və yenisinin quraşdırılmasına usta Şahid 670 manat zəhmət haqqı ödəmişdir. Bundan da əlavə həmin mənzildə ona məxsus iki ədəd xalça, bir ədəd divan, iki kreslo, bir ədəd daroşka, qaz balonu və qaz peçi, bir ədəd krosna-antenası, soyuducu və qab-qacaqları olmuşdur. Cavabdeh həmin avadanlıqları mənimsəmişdir. Mənzilin təmirinə xərclədiyi pullarla birlikdə orada qalmış avadanlığı cəmi 1750 manat dəyərindədir. O, cavabdehdən həmin məbləğdə pulun alınıb ona qaytarılması üçün Xaçmaz rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, ərizəsinə şöbənin rəisi cənab Həmid Həsənovun imzası ilə cavab verilmişdir ki, ərizədə qaldırılan məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzildə olan avadanlıqlarını cavabdehdən almağa getmiş, verməmişdir. O, usta gətirib təmir etdirmişdir. Ona 3400 manat pul vermiş, onu da qaytarmamışdır. O, usta kimi Vaqifi gətirib, ona köhnə şüşəbəndi 220 manata düzəltdirmişdir. Ona qapıları, döşəmələri düzəltdirmişdir. Mənzildə onun avadanlığı, qaz sobası, yorğan-döşəyi olmuş, onları da verməmişdir. Demişdir ki, qaynar xəttə zəng edəcək, özünü yandıracaq, ona görə də ehtiyat etmiş və məhkəməyə ərizə vermişdir. Evdə onun çarpayısı, yorğan-döşəyi, qab-qacaq, peyk antenası olmuşdur, amma verməmişdir. Məsələ ilə bağlı polis şöbəsinə müraciət etmiş, cavabdeh oraya da gəlib qışqırıq salmış, o da çıxıb getmişdir. Usta şüşəbəndi sökmüş, bərpa etmiş, rəngləmiş, kanalizasiyanı düzəltmişdir. Su və kanalizasiya xəttini başqaları çəkmişdir. O, mənzili cavabdehdən almış, təmir etdiməyə başlayanda cavabdeh demişdir ki, qalmağa yeri yoxdur, mənzildə qalmasını xahiş etmişdir, O, da onu evə buraxmış, lakin sonra mənzildən çıxmamışdır, pulunu da verməmişdir. 3400 manat pulu cavabdehə verib mənzili qızı üçün almış, o, qızının pullarını verməmiş və mənzildən çıxmadığını bildirmişdir. ondan mənzili qızım üçün almışam. Pulu cavabdehə nə vaxt verdiyi yadında deyil. Mənzili təmir edib köçəcəkdilər. həmin ərəfədə mənzil Arif adlı şəxsə kirayəyə verilmişdi, o, evdə kirayə qalırdı. Sonra o Akifi çıxarmışdır ki, evi təmir etsin, cavabdeh demişdir ki, mənzildə qalmaq istəyir. Həmin vaxt mənzildə bəzi işlər görülmüş, bəziləri görülməmişdir. Vaqif mənzildə iş görəndə cavabdeh orada qalmamış, onu sonradan mənzilə buraxmışdır. Ona demişdir ki, ona ayda pul verəcək, lakin sonradan demişdir ki, özünü yandıracaq. Həmin mənzil Xaçmaz rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat idarəsinin balansındadır. Hazırda da mənzildə cavabdeh qalır. Mənzildə təmir işləri aparanda Xaçmaz rayon İcra Hakimiyyətinin məlumatı olmamışdır. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən mənzilə baxış keçirilmir. O, cavabdehi təsəlli üçün məhkəməyə vermişdir. Onsuz da o, pulunu verən deyil. Özündə təsəlli tapır ki, bəlkə qətnamə çıxsa pulu verər. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı mənzili ona verəndə təmirsiz olmuşdur. İndi də mənzil təmirsizdir. İddiaçı mənzili təmir etdirməmişdir. Məhkəmə tərəfin izahatıını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, iddiaçının evində işləmişdir. İddiaçı ona demişdir ki, şüşəbəndi dəyişmək lazımdır. Bunun üçün qiyməti 700 manata danışmışlar, o, 50 manatını verməmiş, qalan 650 manat pulu vermişdir. Bu pulun müqabilində iddiaçı üçün şüşəbəndi söküb aşağı daşımalı, döşəmələri dəyişib rəngləməli, qapını, kanalizasiyanı düzəltməli idi. Həmin işləri görmüşdür. İddiaçı 650 manat pulu ona nağd şəkildə verib. Qeyd olunan işləri 1 il bundan əvvəl yay aylarında görmüşdür. İşləri görərkən iddiaçı ona demişdir ki, mənzil özünündür. İş materiallarında olan Xaçmaz rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı məktubundan görünür ki, araştırma zamanı göstərilən xüsusatlarda cinayət və ya inzibati xəta xarakterli hadisə müəyyən olunmamışdır. Cavabdeh pul tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 38 manat rüsum ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı iddia tələbində qeyd olunan 1750 manat məbləğin onun tərəfindən xərclənməsini sübuta yetirə bilməmişdir. Yalnız şahid qismində ifadə verən usta təsdiq etmişdir ki, ona İddiaçı tərəfindən 650 manat zəhmət pulu ödənilmişdir. İddiaçı 650 manatdan başqa digər xərclərin əsasını məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi 650 manata dair münasibətdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 650 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 manatı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1893/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1893/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver