Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1896/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 10 dekabr 2021ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 13150 manat, Cavabdeh1 9000 min manat, Cavabdeh2 700 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla onunla əsaslandırmışlar ki, İddiaçı1 ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10 mənzil 6-da yaşayır. 2014-cü ilin payız aylarında qardaşı Eldəniz “Access” bankdan onun adına 30000 min manat məbləğində kredit götürmüş, qalan pulu isə özü düzəltmiş və Bakı şəhərində adını xatırlamadığı şəxslə görüşüb razılaşaraq ondan “Kamaz euro 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili 80000 min manata onun adına almışdır. Sonraki müddətdə Eldəniz əlavə olaraq 10000 min manat pul xərcləyərək avtomobilin nasaz hissələrini təmir etdirmişdir. Eldənizin həmin avtomobilə birlikdə 90000 min manat məbləğində xərci çıxmışdır. 2015-ci ilin fevral ayında qardaşı Eldəniz ona demişdir ki, əslən İsmayıllı rayon sakini kimi tanıdığı, Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Cavabdeh3 ilə tanış olmuşdur və adına aldığı “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Elşənin göndərdiyi adamın adına etibarnamə vermək lazımdır. O, buna etiraz etməmiş və 02.02.2016-cı il tarixdə Bakı şəhəri 20 saylı notariat kontorunda “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması ilə bağlı Məmmədov Cəlil adlı şəxsə etibarnamə vermişdir. Beləliklə, Cavabdeh3 həmin avtomobildən Xaçmaz şəhərində kanalizasiya çəkilişində istifadə etməliydi və qarşılıqlı razılaşma əsasında qardaşı Eldəniz vasitəsilə onlara hər ay 2000 min manat icarə haqqı ödəməli idi. Cəlil Məmmədov avtomobili Xaçmaz şəhərinə apardıqdan təxminən 20 gün sonra qardaşı Eldənizə zəng vurub avtomobili idarə edə bilmədiyini və bu səbabdən avtomobili Cavabdeh3 təhvil verdiyini bildirmişdir. Bundan sonra qardaşı Eldəniz Cavabdeh3la telefonla danışmış və Elşən ona “Kamaz” markalı avtomobili özünün idarə etdiyini və icarə haqqını vaxtlı-vaxtında çatdıracağını bildirmişdir. Lakin, avtomobilin Cavabdeh3 icarəsində olduğu vaxtdan bir ay müddət keçmiş olsada o, icarə haqqını ödəməmiş, ona görə də qardaşı Eldəniz dəfələrlə Elşənin yaşadığı evə gedib onu axtarmış, hər dəfə Elşənin anası ona bildirmişdir ki, oğlu Elşən evdə yoxdur. X5 digər qohumlarından da onu soruşub axtarsa da bir nəticəsi olmamışdır. Cavabdeh3 isə qardaşı Eldənizin telefon zənglərinə də cavab verməmişdir. Bu səbəbdən də qardaşı Eldəniz 2017-ci ilin yay aylarında DİN-nin 102 xidmətinə müraciət etmiş, bundan sonra o, Bakı şəhəri Nərimanov RPİ-nə dəvət olunmuş və orada ona demişlər ki, avtomobili Xaçmaz rayonundadır, gedib Xaçmaz rayon Polis şöbəsinə şikayət etsin. Bu səbəbdən də 20.07.2017-ci il tarixdə o, qardaşı Eldənizlə birlikdə Xaçmaz şəhərinə gəlib, Xaçmaz rayon Polis şöbəsinə avtomobillə bağlı ərizə vermişlər. Xaçmaz RPŞ-də aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh3 onlardan icarəyə götürdüyü “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz şəhərində kanalizasiya çəkilişində istifadə edərək bir müddət özü idarə etmiş, sonradan digər Cavabdeh1 idarə etməyə vermiş, sonuncu avtomobili kanalizasiya çəkilişində istifadə edərkən aşırmış, nəticədə avtomobilin yük qaldıran silindiri (ştok) sınmış, avtomobilin rama hissəsi yararsız hala düşmüşdür. Bundan sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh1 avtomobili təmir etdirmək üçün digər Cavabdeh2 vermiş, avtomobilin təmir haqqı olaraq aralarında 460 manat məbləğində razılaşmış, həmin puldan Cavabdeh1 100 manat pul verilmiş, qalan pul məbləği ona ödənilmədiyi üçün, sonuncu avtomobilin 2 ədəd şini və 1 ədəd diskini açaraq başqa şəxsə satmışdır. 17.08.2019-cu il tarixdə “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Eldənizə Xaçmaz şəhərində təhvil vermiş və həmin gün o avtomobili Bakı şəhərinə gətirmişdir. Yuxarıda göstərilən hallar Xaçmaz rayon Polis şöbəsində aparılmış araşdırma nəticəsində işin halları ilə, o cümlədən cavabdehlərin və digər şəxslərin izahatları ilə öz təsdiqini tapmışdır. Sonuncu dəfə Xaçmaz rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis mayoru X4 20.08.2020-ci il tarixli qərarı ilə şikayəti əsasında başlanılmış cinayət işi üzrə icraata xitam verilmiş və ona avtomobilinə dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Beləliklə, cavabdehlərdən Cavabdeh3 tanışı Cəlil Məmmədovun adına ona qardaşı Eldəniz vasitəsilə “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə yazdırmaqla həmin avtomobili Xaçmaz şəhərinə aparıb, orada kanalizasiya çəkilişində istifadə etmiş, əvvəlcədən razılaşdıqları kimi avtomobilin icarəsinə görə hər ay ona və qardaşı Eldənizə 2000 min manat icarə haqqı ödəməli olduğu halda icarə haqqını ödəməmiş, avtomobili 5 ay ərzində Xaçmaz şəhərində kanalizasiya çəkilişində istifadə etmiş, sonradan onun və qardaşı Eldənizin razılığı olmadan avtomobil digər Cavabdeh1 idarəsinə verilmiş, sonuncu isə avtomobili aşıraraq rama hissəsini yararsız hala salmış, avtomobilin yük qaldıran silindiri (ştoku) sınmışdır, digər Cavabdeh2 isə özbaşnalıq edərək avtomobilin 2 şini və 1 diskini üzərindən açaraq başqa şəxsə satmışdır. Cavabdehlərin qanuna zidd hərəkətləri ilə avtomobilinə dəymiş ziyan aşağıdakı qaydada hesablanmışdır. Cavabdeh3 avtomobilin icarə haqqı olaraq ona və qardaşı Eldənizə 5 ay müddəti üçün 10000 min manat icarə haqqı ödəməli idi. Lakin o avtomobili Xaçmaz şəhərində 5 ay müddətində mütəmadi yük altında sürərək avtomobilin 9 ədəd şinlərini (hər birinin qiyməti 350 manat) yararsız hala salmışdır. Bu da 9x350=3150 manat təşkil edir. Bundan da əlavə cavabdehlərdən Cavabdeh3 avtomobili onun qardaşı Eldənizin razılığı olmadan digər Cavabdeh1 idarəsinə vermiş və sonuncunun avtomobili aşırması nəticəsində onun avtomobilinə 9000 min manat ziyan dəymişdir. Cavabdeh2 özbaşınalıq edərək avtomobilinin üzərindən 2 ədəd şinləri və 1 ədəd diski açaraq onları başqa şəxsə satmaqla ona 700 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq “Kamaz Euro3” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşını qardaşı İddiaçı2 onun adına bankdan pul götürüb aldığını, onun adına bankdan 2 dəfə, yəni bir dəfə 30000 ABŞ dolları, bir dəfə də 10000 ABŞ dolları pul götürdüyünü, avtomaşının bu gün də bankda girovda olduğunu, avtomaşın bank tərəfindən 23637,53 manat qiymətləndirildiyini, həmin avtomaşını 2014-cü ildə satın aldığını, onun 2008-ci il istehsalı olduğunu, avtomaşını özünün etibarnamə ilə Cəlil Məmmədova verdiyini bildirmişdir. O, Cəlilə etibarnamə verəndə görmüş, onu Cavabdeh3 vasitəsi ilə tanımışdır. Etibarnamə verəndə X7 şəhərində avtomaşınla işləyib əldə olunan gəlirdən ona da verəcəyini, özünün də pul qazanacağını bildirmişdir. Hazırda avtomaşın aşırılmış, təmirsiz vəziyyətdə Bakı şəhərindədir. Bakıya avtomaşın evakuatorla gətirilib, avtomaşından hazırda istifadə etmək mümkün deyil. Cavabdeh2 avtomaşının təkərlərinə görə məsuliyyət daşıyır. Avtomaşını aşıran isə Cavabdeh1dir. Qeyd olunanlarla əlaqədar İddiaçı1 iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq “Kamaz Euro 3” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşını 2014cü ildə satın aldığını, bunun üçün qardaşı Firdovsinin adına bankdan 30000 ABŞ dolları kredit aldığını, qalan pulu da özünün mal-qarasını satıb əlavə etdiyini və 70000 manata avtomaşını satın aldığını, sonra Cavabdeh3la avtomaşını birgə işlədəcəyi və gəliri yarı yarıya böləcəyi barədə razılığa gəldiyini bildirmişdir. Lakin sonra Cavabdeh3 avtomaşının icarəsinə görə ona pul ödəməmiş, o, da məcbur olub qardaşının evi bankda girovda olduğuna görə bankın pulunu özü ödəmişdir. Onlar Cavabdeh3 vasitəçiliyi ilə Cəlil Məmmədova avtomaşını idarə etmək üçün etibarnamə vermişlər. Cavabdeh3 ona avtomaşınından Xaçmaz şəhərində kanalizasiya idarəsində istifadə edəcəyini və qazancı yarı böləcəklərini bildirmişdir. Cavabdeh3 sürücüsü Cəlil Məmmədovu yanlarına göndərmiş və ona etibarnamə vermişlər. O, avtomaşının təkərlərini də almışdır. Sonradan bilmişdir ki, avtomaşını aşırıblarXaçmaz şəhərinə avtomaşını Cəlil Məmmədov gətirmişdir. Cəlil Məmmədov avtomaşını Xaçmaz şəhərində idarə edib, sonra ona Cavabdeh3la razılaşa bilmədiyini bildirmiş, o da Cavabdeh3 tanıdığını bildirərək, onunla razılaşmışdır. Elşən sonradan avtomaşını sənədsiz başqasına idarə etməyə vermişdir. O, digər cavabdehləri təhqiqatda araşdırma aparılarkən tanımışdır. Avtomaşını Cavabdeh1 aşırmışdır. O, avtomaşının icarə haqqını Cavabdeh3 almalı idi. Cavabdeh3 sürücüsü kimi Cəlil Məmmədovu göndərmiş və avtomaşını onun idarə edəcəyini, ona görə də Cəlil Məmmədova avtomaşını idarə etməsi üçün qardaşının adından etibarnamə verilməli olduğunu bildirmişdir. Hazırda avtomaşının özündə olan ehtiyat hissələrini Cavabdeh1 ona qaytarmışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı2 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, cəmi 5 gün “Kamaz Euro 3” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir. Cavabdeh3 ona avtomaşını idarə etmək üçün vermişdir. Həmin vaxt avtomaşının kabinəsi bir tərəfə, gövdəsi digər tərəfə gedirdi, avtomaşının üzərində təzə təkərlər yox idi, buna görə də 35 manata yeni təkərlər alınmışdır. Avtomaşın aşmamış, onun ştoku qırılmışdır. Cavabdeh3 ustalar göndərib avtomaşını sökdürmüşdür. Avtomaşından pu qazanmadığına görə iddianı qəbul etmir. 3 il avtomaşının ehtiyat hissələri həyətində qalmış, sonra onları İddiaçı2 qaytarmışdır. Avtomaşın Xaçmaz şəhərinə gətiriləndən onda olmamış, ona verilənə qədər avtomaşın bir dəfə aşırılmışdır. O, evində xəstəsi olduğuna görə avtomaşının bir reysinə görə 3 manat pul almağı ilə bağlı Cavabdeh3la razılaşmışdır. Lakin sonradan ondan 1 manat belə pul almamışdır. Göstərilənlərə əsasən Cavabdeh1 iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 04.03.2014-cü il tarixli AC ******* nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, “Kamaz 65201 013 yük” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 məxsusdur. Nəqliyyat vasitələrinin istifadə edilməsinə dair 09.04.2015-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, “Kamaz 65201 013 yük” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 tərəfindən etibarnamə ilə idarə etmək üçün X1 verilmişdir. 28 sentyabr 2012-ci il tarixli ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 "xxxx" QSC qarşısında kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və avtomobilin dəyəri 23637 (iyirmi üç min altı yüz otuz yeddi) manat məbləğində qiymətləndirilmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin 20 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı2 2014-cü ildə qardaşı İddiaçı1 adına aldığı “Kamaz euro 3” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobili 2015-ci ildə etibarnamə əsasında idarə olunması üçün X1 vermişdir. Sonuncu bir müddət avtomobili idarə etdikdən sonra Cavabdeh3 zəng edərək avtomobili idarə edə bilmədiyini bildirmiş, İddiaçı2 bir müddət avtomobili idarə etdikdən sonra onun bəzi hissələrini yararsız vəziyyətə salmış, 2015-ci ilin aprel ayında avtomobili idarə etmək üçün Cavabdeh1 vermiş, sonuncu avtomobili aşıraraq yararsız vəziyyətə salmışdır. Bundan sonra Cavabdeh1 avtomobilin təmiri üçün Cavabdeh2 ilə 300 manata razılaşmış, lakin Cavabdeh1 təmir xərclərini tam ödəmədiyi üçün Cavabdeh2 avtomobilin iki ədəd şinini və bir ədəd diskini açıb götürdükdən sonra avtomobili dayanacağa yerləşdirmişdir. 2019-cu ilin avqust ayında Cavabdeh1 avtomobilin sağ və sol qanadlarını, arxa işıqların birini, yanacaq çənini, 2 ədəd akkumulyatoru, təmir alətləri olan balaca dəmir qutunu İddiaçı2 təhvil vermişdir. 06.10.2020-ci il tarixli ziyan aktından müəyyən olunur ki, “Kamaz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği aşağıdakı kimidir: gidravlik qurğu (ist/ olunmuş) 1 ədəd 2500 man, arxa kardan (kiçik, ist/olunmuş) 280 man, ön kardan (böyük, istifadə olunmuş) 1 ədəd 450 man, Generator (ist/olunmuş) 1 ədəd 320 man, starter (ist/olunmuş) 1 ədəd 360 man, mühərrikin üst qapaqları 8 ədəd x 80 = 640 man, interkuller (ist/olunmuş) 1 ədəd 640 man, mühərrikin radiatoru (ist/olunmuş) 1 ədəd 750 man, sükan mexanizimi (ist/olunımış) 1ədəd 750 man, əyləc silinderləri 4əd x 80 = 320 man, təkər (R32 ist/olunmuş) 6 əd x 300 = 1800 man, elektrikin əl işi: 300 man, çilingərin əl işi: 400 manat olmaqla, cəmi: 9510 (doqquz min beş yüz on) manat. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Ona görə də, hazırki mübahisə ilə əlaqədar cavabdehdən tələb olunan məbləğdə ziyanın miqdarının nədən ibarət olması, necə formalaşması barəsində sübutlarını təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin hallarından müəyyən olunur ki, İddiaçı2 2014-cü ildə qardaşı İddiaçı1 adına aldığı “Kamaz euro 3” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobili 2015-ci ildə etibarnamə əsasında idarə olunması üçün X1 vermişdir. Sonuncu bir müddət avtomobili idarə etdikdən sonra Cavabdeh3 zəng edərək avtomobili idarə edə bilmədiyini bildirmiş, İddiaçı2 bir müddət avtomobili idarə etdikdən sonra onun bəzi hissələrini yararsız vəziyyətə salmış, 2015-ci ilin aprel ayında avtomobili idarə etmək üçün Cavabdeh1 vermiş, sonuncu avtomobili aşıraraq yararsız vəziyyətə salmışdır. Bundan sonra Cavabdeh1 avtomobilin təmiri üçün Cavabdeh2 ilə 300 manata razılaşmış, lakin Cavabdeh1 təmir xərclərini tam ödəmədiyi üçün Cavabdeh2 avtomobilin iki ədəd şinini və bir ədəd diskini açıb götürdükdən sonra avtomobili dayanacağa yerləşdirmişdir. 2019-cu ilin avqust ayında Cavabdeh1 avtomobilin sağ və sol qanadlarını, arxa işıqların birini, yanacaq çənini, 2 ədəd akkumulyatoru, təmir alətləri olan balaca dəmir qutunu İddiaçı2 təhvil vermişdir. Ümumilikdə avtomobilə gidravlik qurğu (ist/ olunmuş) 1ədəd 2500 man, arxa kardan (kiçik, ist/olunmuş) 280 man, ön kardan (böyük, istifadə olunmuş) 1 ədəd 450 man, Generator (ist/olunmuş) 1 ədəd 320 man, starter (ist/olunmuş) 1 ədəd 360 man, mühərrikin üst qapaqları 8 ədəd x 80 = 640 man, interkuller (ist/olunmuş) 1 ədəd 640 man, mühərrikin radiatoru (ist/olunmuş) 1 ədəd 750 man, sükan mexanizimi (ist/olunımış) 1ədəd 750 man, əyləc silinderləri 4əd x 80 = 320 man, təkər (R32 ist/olunmuş) 6 əd x 300 = 1800 man, elektrikin əl işi: 300 man, çilingərin əl işi: 400 manat olmaqla, cəmi: 9510 (doqquz min beş yüz on) manat məbləğində ziyan dəymişdir. İşdə olan sənədlərdən və iddiaçıların məhkəmə iclasında verdikləri izahatlardan “Kamaz euro 3” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçi İddiaçı1 tərəfindən 2015-ci ildə etibarnamə əsasında idarə olunması üçün X1 verildiyi müəyyən olunur. Avtomobil mülkiyyətçi tərəfindən avtomobil idarə olunması üçün X1 verildiyindən hüquq münasibəti əmlakın mülkiyyətçisi İddiaçı1 ilə X2 arasında yaranmışdır. Buna görə də, yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçılar Hüseynov İddiaçı1 və İddiaçı2 qarşısında avtomobilin idarə edilməsi ilə bağlı hər hansı bir öhdəlikləri yaranmamışdır və onların məsuliyyətini şərtləndirən hüquqi faktlar mövcud deyildir. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Qeyd edilənlərlə yanaşı avtomobilə ümumilikdə iş materiallarında olan ziyan aktına əsasən 9510 manat məbləğində ziyan dəyməsinə baxmayaraq, iddiaçılar cavabdehlərdən ümumilikdə avtomobilin ipoteka müqaviləsinə əsasən müəyyən edilmiş ümumi dəyərinə yaxın məbləğdə pulun tutulmasını tələb edirlər və hər bir cavabdehdən ondan tutulması tələb edilən məbləğin necə və hansı qaydada hesablanması iddia ərizəsində əsaslandırılmamış, bu hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1896/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1896/2021
10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver