Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1914/2020 08.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 486.47 manat əsas, 319.68 manat faiz borcu olmaqla, cəmi 806.15 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləyə daxilində ona 500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kreditin ödənilməsini gecikdirib. O, borc məbləğinin bir hissəsini ödəyib və hazırda onun 486,47 manat əsas və 319,68 manat faiz borcu ödənilməmiş qalıb. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 486.47 (dörd yüz səksən altı, qırx yeddi) manat məbləğində əsas borc və 39.68 (otuz doqquz, altmış səkkiz) manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etmişlər və əlavə sübutları yoxdur. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən cavabdehə kredit kartı üzrə bank hesabı müqaviləsi daxilində 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-ci il tarixli müqaviləyə əsasən cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 486.47 manat əsas, 319.68 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit sazişi üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. Qeyd olunanlarla əlaqədar Cavabdeh1 və zamin kimi Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında müştərək qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 486.47 (dörd yüz səksən altı, qırx yeddi) manat məbləğində əsas borc, 39.68 (otuz doqquz, altmış səkkiz) manat məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 486.47 (dörd yüz səksən altı, qırx yeddi) manat məbləğində əsas borc, 39.68 (otuz doqquz, altmış səkkiz) manat məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1914/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1914/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver