Məhkəmə qərarları › İş №2(067)-1931/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1931/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1931/2022 29.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X1 1500 manat pulu və ödədiyi 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu, Balaqusar kəndində ailə üzvləri ilə birgə yaşayır. Yaşadığı ünvanda ona məxsus təzə tikdirdiyi ev üçün dam örtüyü lazım olmuşdur. Dam örtüklərini nağd şəkildə almağa imkanı olmadığı üçün, kreditlə dam örtükləri satılan mağaza getmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən kreditlə dam örtükləri və tikinti materialları satılan mağazaya getmiş, həmin mağazada işləyən X2 dam örtüklərinin kreditlə satılıb-satılmadığını maraqlanmış, və mağazadan ona kreditlə dam örtüklərinin satıldığı bildirilmişdir. Ona lazım olan dam örtüklərini satıcı Adilə Ramazanovaya hesablatdıqdan sonra 3350 manat məbləğində olması ona məlum olmuşdur. Lakin o, ilkin ödəniş kimi 1500 manat ödəniş edə biləcəyini bildirmişdir. Bu zaman A.Ramazanova 3 gün ərzində ona kreditlə dam örtüklərinin satılmasının mümkün olub-olmadığı barədə məlumat veriləcəyini bildirmişdir. Üç gündəın sonra xx.xx.2021-ci il tarixində o, A.Ramazanovaya zəng vurmuş, o, isə əri Vüqarın telefon nömrəsini verərək onunla əlaqə saxlanılmasını bildirdi. O, Vüqarla əlaqə saxladıqdan sonra 1500 manat pul vəsaitini Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən Eynar marketdə yerləşən “Milliön” ödəmə terminalı ilə A.Ramazanovanın adına olan **********10136 saylı kart hesabına göndərmişdir. Həmin məbləğ köçürüldükdən sonra ona, çatdığı barədə məlumat vermişlər. Lakin bu günə qədər nə dam örtüklərini ala bilmiş nə də pulunu geri qaytarmışlar. Dəfələrlə pulunun geri qaytarılması barədə zənglər etməsinə baxmayaraq, heç bir əsas olmadan pulun qayatrılmasından boyun qaçırır. Ona görə də məcbur olub istintaq orqanlarına müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh ondan 1500 manat pulu almış, lakin bu günə qədər qaytarılmamışdır. Bu hal xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda sübut olunur. Cavabdeh Vüqar Haşimov dəfələrlə müraciət edərək mənim borc pulumu qaytarmağı tələb etsə də, o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan qəsdən boyun qaçırır. Bu səbəbdən maddi vəzziyəti əhəmiyyətli dərəcədə pisləşmiş və ağır maddi vəziyyətə düşmüşdür. Xaçmaz RPŞ-nin İB-nə yazdığı ərizə ilə bağlı qərar qəbul edilmiş və pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, keçən il Cavabdeh Xaçmaz şəhərində dam örtükləri satan mağazası var idi. Ona, dəmir dam örtüyü lazım olduğuna görə keçən il iyun ayının 10-da həmin mağazaya getmiş, orada cavabdehin həyat yoldaşı A.Ramazanova işləyirdi. O, ona cəmi 3350 manat dəyərində dam örtüklərini kreditlə almaq istədiyini bildirmiş, Adilə xanım da bunun üçün ilkin ödəniş kimi 1500 manat pul ödəməli olduğunu deyib. Bilavasitə cavabdehlə dam örtüklərinin kreditlə alqı-satqısı barədə razılaşmaları olmayıb. Bu barədə onun arvadı Adilə xanım ilə razılaşma olmuşdur. Lakin sonradan o, dam örtüklərini başqa mağazadan almışdır. Hazırkı vaxtadək cavabdehdə onun 1500 manat pulum qalıb. 1500 manat pulu məhz dam örtüklərini kreditlə almaq üçün ilkin ödəniş kimi ödəməyinə dair sübutu yoxdur. Sonradan öyrənmişdir ki, cavabdeh onu aldadıb və o, onun aldatdığı beşinci şəxsdir. Cavabdeh barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, lakin orada aparılmış araşdırmanın nəticəsində cavabdehin barəsində cinayət işinin başlanması rədd edilib və ona məhkəmədə iddia qaldırmaq tövsiyyə olunub. Ona görə də hazırkı iddianı qaldırmış və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar