Məhkəmə qərarları › İş №2(067)-1939/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1939/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1939/2024 23.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 47000 manat pulun və ödənilmiş 231 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisi olmaqla onunla qohumluq münasibətləri də vardır. Bir neçə il bundan əvvəl Cavabdeh balıqçılıq təsərrüfatı qurmaq üçün ondan 30000 manat borca pul istəmiş, ona 27000 manat borca pul vermişdir. Onunla belə razılaşmışlar ki, 3 ay ərzində aldığı pulla təsərrüfatı quracaq, 3 aydan sonra hissə-hissə aldığı pulu qaytaracaq. Hətta cavabdeh bildirdi ki, qazanacağı gəlirdən də ona əlavə pul verəcək. Həqiqətən də, Susayqışlaq kəndində balıqçılıq təsərrüfatı qurmuşdur. 3 aydan sonra razılaşmalarına əsasən pulu istədikdə cavabdeh bildirmişdir ki, yetişdirdiyi balığı satmışdır, hazırda borcunu verə bilmir, əlavə pula ehtiyacı var, yeni təsərrüfat yaratmaq istəyir və xahiş etdi ki, ona köməklik etsin, borca pul versin. Ona əlavə 6000 manat pul vermişdir. Sonradan yenə təsərrüfata görə pula ehtiyacı olduğunu bildirərək yenidən ondan 6000 manat borc pul almışdır. Beləliklə, həmin müddətdə ondan 39000 manat borca pul almışdır. Bir müddət sonra cavabdeh ona ümumi borcdan çıxmaq üçün 15000 manat dəyərində balıq vermişdir, bundan təxminən sonrakı bir il ərzində təsərrüfatı genişləndirmək məqsədilə əlavə olaraq 16000 manat da borc pul almışdır. Cavabdeh 2023-cü ilin sentyabr ayınadək ümumilikdə 40000 manat borca pul almışdır. 2023-cü ilin avqust ayında Cavabdeh yenidən ona müraciət edərək bildirmişdir ki, torpaq sahəsi alıb baha qiymətə satması üçün real imkan yaranıb, təcili ona 7000 manat pul lazımdır. Torpaq sahəsini alıb baha qiymətə sataraq bütün borcunu bağlayacaq. 40000 manat pul ilə birlikdə onun 47000 manat borcu yaranmışdır. Üstündən 1 ay keçəndən sonra pulunu niyə görə qaytarmadığını soruşduqda ona 50000 manata yaxın borcu olmasını etiraf etmiş, bildirmişdir ki, ona olan borcunu yaxın vaxtlarda bir neçə ay ərzində ödəyəcək. Hətta özünün razılığı ilə video-çəkiliş etmişlər, orada da ona 50000 manata yaxın borclu olmasını göstərmişdir. Video-çəkilişdən başqa cavabdeh özü öz xətti ilə 34000 manat borclu olması barədə xx.xx.2019-cu il tarixdə rəsmi qəbz yazaraq vermişdir. Cavabdehin onu aldatması nəticəsində məcbur olaraq Xaçmaz rayon polis şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı cavabdehin ona 47000 manat borclu olması toplanmış materiallar ilə öz təsdiqini tapmışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Xaçmaz RPŞ TB-nin təhqiqatçısının 12 fevral 2024-cü il tarixli qərarı ilə barəsində cinayət işi başlanılması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə cavabdeh ondan borc pul istəmiş, bildirmişdir ki, balıq yetişdirməklə məşğul olmaq istəyir, yaxşı qazanc olacaq. Cavabdehə 27000 manat borc vermişdir. Sonra isə maraqlananda bildirmişdir ki, borclu olduğu şəxslər gəlib balıqları borcun əvəzinə aparmışlar. Cavabdehə dəfələrlə mal alması üçün borc pul vermiş, oğlunun ipoteka müqaviləsi ilə aldığı evin kredit pulunu cavabdehə vermişdir, oğlu hər ay 700 manat kredit ödəyir. Cavabdeh əvvəlki iclasda bildirmişdir ki, guya ona 10000 manat qaytarıb, əslində isə elə deyil, cavabdeh xahiş etmişdir ki, əlavə olaraq balıq, balıq üçün yem alacaq, təsərrüfatı artıracaq ona borc pul versin. 34000 manatı cavabdeh 2017-ci ildə ilk dəfə almış, qalan məbləği isə hissə-hissə borc almışdır. Cavabdehə 50000 manat verməli idi, 47000 manatı vermiş, münasibətləri pozulduğu üçün 3000 manatı cavabdehə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə birgə iş qurmuşlar. İddiaçıdan 27000 manat borc pul almışdır. Bankdan 10000 manat pul alıb iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 27000 manat borcu vardır. İddiaçı ona demişdir ki, evdəkilərdən xəbərsiz pul xərcləmişdir evində borcla əlaqədar problemi var. Xahiş etmişdir ki, etiraf barədə video çəkilsin, o da razılaşmışdır, ona görə video çəkilişdə təxminən 50000 manat borcunun olduğunu demişdir. İddiaçıdan dəfələrlə borc pul alıb qaytarmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh qohumu İddiaçı 2017-ci ilin sentyabr ayından başlayaraq balıq yetişdirmək məqsədi ilə müxtəlif vaxtlarda 34 min manat pul almışdır. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 231 manat rüsum ödənilmişdir. -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyəti üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, 2017-ci ilin may ayında uzaq qohumu, Xaçmaz rayonu, Susay-qışlaq kənd sakini olan İddiaçı ona zəng edərək görüşmək istəməsini bildirmiş və onun işlədiyi Xaçmaz rayonu Susay-qışlaq kəndində yerləşən balıqçılıq təsərrüfatına gəlmişdir. Belə ki, Nadir ondan balıqçılıq təsərrüfatı barədə məlumat almış və bu sahədə iş qurmaq istəməsini bildirmişdir. Bundan sonra İddiaçı onun işlədiyi balıq təsərrüfatına gələrək ayrı-ayrı vaxtlarda ona müxtəlif məbləğlərdə pullar verərək balıq alıb yetişdirməyini xahiş etmişdir. Belə ki, aralarında olan razılaşmaya əsasən o Nadirin vermiş olduğu pul hesabına balıq almalı və əldə etdiyi gəlirin yarısı ilə birgə aldığı pulları ona qaytarmalı idi. O, baş verənlərin üzərindən uzun müddət keçdiyi üçün tam xatırlamasa da, qeyd etmişdir ki, 2017-ci ilin may ayından 2019-cu ilin dekabr ayınadək olan müddətlər ərzində İddiaçı hissə-hissə olmaqla ümumilikdə 34000 manat borc pul almışdır və həmin pula balıq təsərrüfatı qurmuşdur. Lakin təsərrüfata yaxşı qulluq etmədiyi üçün və özündən asılı olmayan səbəblərdən balıqlar kütləvi şəkildə məhv olmuş və o ziyana düşmüşdür. Bundan əlavə o balıqların az bir hissəsini öz maddi ehtiyacları olduğu üçün sataraq xərcləmişdir. İddiaçı ona pul verən zaman bildirmişdir ki, balıqçılıq təsərrüfatından anlayışı yoxdur, qurulan təsərrüfata qarışacağı yoxdur və ona pulu borc şəklində verir və o balıqları yetişdirib satdıqdan sonra əldə olunan gəlirin yarısı ilə birgə İddiaçı borcunu qaytarmalıdır. O, 2019-cu ildə yazılı şəkildə ona 34 000 manat borcu olmasını etiraf etmişdir. Lakin 2023-cü il tarixdə, ayrı-ayrı vaxtlarda banklardan kreditlər alaraq İddiaçı ümumilikdə 15000 manat pul qaytarmışdır. Həmçinin 7-8 ay müddətində əməkhaqqı kartını ona verməsini və İddiaçı ümumilikdə kartdan 5000 manat pul çıxarmasını qeyd etmişdir. O, hal-hazırda İddiaçı 14000 manat borcu olmasını və Nadirin ona vermiş olduğu pullara balıq almasını, lakin həmin balıqlar məhv olduğu üçün ona nə pul, nə də balıqları qaytara bilmədiyini qeyd etmişdir. O, İddiaçı izahatında qeyd olunanlarla razılaşmayaraq ona hal-hazırda 47000 manat deyil, 14000 manat borcu olmasını bildirmişdir. Həmçinin İddiaçı 2023-cü ilin avqust ayında torpaq alıb-satmaq üçün 7000 manat pul almamasını qeyd etmişdir. -CD formatlı audio-video diskə olan videogörüntüdən müəyyən olunur ki, cavabdeh iddiaçıya pul borclu olduğunu etiraf edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2017-ci ilin sentyabr ayında yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 47000 manat məbləğində borc pul verdiyini bildirsə də, məhkəməyə təqdim edilmiş CD formatlı audio-video diskdə olan videogörüntüdə cavabdeh borcunun “Zaurun 10 mini ilə hardasa 50 min olur” deyə bildirir. Yəni, cavabdeh təkcə iddiaçıya deyil, Zaur adlı şəxsə olan 10000 manat borcu ilə birlikdə ümumilikdə təxminən 50000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Lakin buna baxmayaraq, iddiaçı cavabdehdən yalnız özünə aid olan hissədə borc pulun deyil, ümumilikdə 47000 manat məbləğində pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı məhkəməyə təqdim olunmuş videogörüntüdə cavabdeh tərəfindən 50000 manat pulun etiraf edilməsinə baxmayaraq, 47000 manat pulun qaytarılmasına dair iddia qaldırmasının səbəbi kimi video çəkilişdən sonra cavabdehə 3000 manat da vermək fikrinin olduğunu lakin, sonradan pulun qatarılmayacağını ehtimal edərək həmin 3000 manatı vermədiyini, ona görə də cavabdehin 50000 manat deyil, 47000 manat pulu geri qaytarması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, bu hal da, yəni digər borcla yanaşı hələ alınmayan borcun cavabdeh tərəfindən etiraf edilməsi halı da həmin video çəkilişin əsl həqiqəti əks etdirməsini şübhə altına alır, bu səbəbdən də məhkəmə CD formatlı audio-video diskdə təqdim olunmuş videogörüntünü mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, iddiaçı 34000 manatdan əlavə cavabdehə müxtəlif vaxtlarda borc pul verdiyini bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddiaçıya 10000 manat məbləğində pul qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda “Cavabdeh İddiaçı 47000 manat pul borcunun olması toplanmış materialla öz təsdiqini tapmışdır” qeyd edilsə də, məhkəmə araşdırması zamanı bu hal sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar mülki iş üzrə mübahisəyə baxılarkən məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işə üzrə mübahisəyə mahiyyəti üzrə baxılması və sübutların qiymətləndirilməsi məhkəmənin səlahiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli iltizam (əlyazma-əqd) əsasında Cavabdeh İddiaçı 34000 manat məbləğində borc almış, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.1-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni 34000 manat hissədə təmin olunduğundan, MPMnin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 34000 manat hissəsinə uyğun olaraq 192 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 192 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 34000 manat məbləğində pul və ödənilmiş 192 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 192 manat məbləği Cavabdeh alınaraq İddiaçı verilsin, rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar