Məhkəmə qərarları › İş №2(067)-1948/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1948/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1948/2024 13.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Borc pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 12.000 manat pulun və dövlət rüsümu olaraq ödənilmiş 126 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Hacıyev X1 vasitəsilə ərizə göndərərərk nümayəndəsi və vəkili olduğu Cavabdeh iddianı iddiaçının keçən məhkəmə iclasında etiraf etdiyi kimi 10500 manat həcmində qəbul etdiyini, Fizuli Hərbi məhkəməsində müdafiəçisi olduğu iş üzrə məhkəmə prosesində iştirak edəcəyindən təyin olunmuş hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini və hazırki işə iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının fikrini dinləyərək cavabdehin və nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında dindirilən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh onun qonşusudur. Cavabdeh 2022-ci ilin dekabr ayında ona müraciət edərək borc pul istəmiş, cavabdehə etibar etdiyi üçün istədiyi məbləği ümumilikdə 22,500 manat pulu ona borc vermişdir. Həmin pulu cavabdehə 3 dəfəyə hissə-hissə 4.000, 6.500 və 12000 manat olmaqla vermişdir. Cavabdehlə qarşılıqlı olaraq razılaşmışlar ki, sonuncu özünə məxsus bank kartını ona verəcək və o da hər ay 1.000 manat pul çıxarmaqla bu qaydada borc ödəniləcəkdir. Bu məqsədlə də onlar aralarında 2 ədəd iltizam tərtib etmişlər və həmin iltizamları cavabdeh öz xətti ilə yazmiş və imza etmişdir. Cavabdehin verdiyi kartdan müəyyən müddət ərzində 10.500 manat pul çıxardıqdan sonra cavabdeh kartı bağlatmış, qalan borcu ödəməkdən boyun qaçırmağa başlamış və borc qaldığı hissənin qaytarılması üçün ondan əlavə vaxt istəmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunun qalan hissəsini qaytarmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazırda cavabdeh tərəf iddianı 10500 manat həcmində qəbul etməklə 1500 manat pulun ona qaytarıldığını bildirmişdir. Cavabdehlə aralarında olan pul məsələlərini dəqiqləşdirərək 1500 manat pulun ona qaytarılması məsələsini mübahisələndirmir və iddia tələbinin qismən- 10500 manat həcmində təmin olunmasına etirazı yoxdur. 10 iyul 2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq ondan 12000 manat pul tələb edir. O, həmin iddianı qəbul etmir. Belə ki, həqiqətən də o, iddiaçıdan borc pul alsa da həmin borcu ondan faizlə almış və iddiaçı ondan 2 ədəd qızıl sırğa girov götürmüşdür. Aldığı borc pulun müqabilində o, iddiaçıya hər ay faizi ilə birlikdə 1000 manat pul ödəmiş və bu hesabla iddiaçıya təxminən 17500 manat pul qaytarmışdır. Amma bu barədə hazırda sübutu yoxdur. 30 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı məhkəmədə nümayəndəsi və vəkili olduğu Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 12.000 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlə apardığı söhbətlər zamanı məlum olmuşdur ki, hazırda cavabdeh iddianı qismən qəbul edir və iddiaçıya keçən müddət ərzində aldığı borc pullardan iddia tələbində göstərilən məbləğdə borclu qaldığını, lakin 12000 manat borc puldan 1500 manatını qaytardığını, iddiaçıya hazırda faktiki olaraq 10500 manat məbləğində pul borclu olduğunu, iddianı həmin həcmdə qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasından qabaq cavabdehin nümayəndəsi və vəkili olaraq iddiaçı ilə iddia tələbi ilə bağlı söhbət edərkən, iddiaçı özü də etiraf etmişdir ki, tələb etdiyi 12000 manat puldan 1500 manat hissəsi ona qaytarılmış və cavabdehin hazırda ona 10500 manat borcu qalmışdır. Məhkəmə iclasında da İddiaçı bu faktı etiraf edərək iddianı 10500 manat həcmində tələb edir. Ona görə də göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili olaraq iddianın qismən, 10500 manat həcmində təmin edilməsini xahiş edir. Hazırki məhkəmə iclasına qədər Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə Elektron kabinet vasitəsilə ərizəsini göndərərək ərizəsində göstərmişdir ki, təmsil etdiyi şəxsin verdiyi məlumata əsasən cavabdehin iddiaçıya ümumilikdə 4200 manat borcu qalmışdır. Göstərilən borc məbləğinin əvəzinə ona bank ödənişlərindən əlavə qızıl-zinyət əşyaları və nəğd olaraq pul vəsaiti vermişdir. Bundan əvvəlki məhkəmə prosesində iddiaçı məhkəmə zalında özü də etiraf etmişdir ki, tələb etdiyi 12000 manatdan 1500 manat hissəsi ona qaytarılmış və cavabdehin hazırda ona 10500 manat borcu qalmışdır. Göründüyü kimi iddiaçı məhkəmə zalında iddia tələbinin 10500 manat olmasını etiraf etmişdir. Buna görə də hesab edir ki, iddia qismən təmin edilməlidir. Fizuli Hərbi məhkəməsində müdafiəçisi olduğu iş üzrə məhkəmə prosesində iştirak edəcəyindən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İştirakı olmadan işə baxılıb qərar qəbul edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Xaçmaz şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş pul öhdəliyinə dair iltizam şəkilli sənəddən görünür ki, Cavabdeh iltizam yazıb imzalayaraq İddiaçı xx.xx.2022-ci il tarixdə 4000 manat borc pul aldığını qeyd etməklə həmin borcu iddiaçıya 3 ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş pul öhdəliyinə dair iltizam şəkilli digər sənəddən görünür ki, Cavabdeh iltizam yazıb imzalayaraq İddiaçı 10000+500+12000 manat borc pul aldığını qeyd etməklə həmin borcun yerinə verdiyi kartdan çıxarılmaqla ödəniləcəyini, çətinlik yaransa yaranmış borc məbləğini özü nağd şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflərin izahatıları və iş materialları ilə müəyyən olunmuşdur ki, həqiqətən də Cavabdeh 2022-ci ildə müxtəlif vaxtlarda bir neçə dəfəyə İddiaçı hissə-hissə qaytarmaq şərtilə ümumilikdə 22.500 manat borc pul almış, borc aldığı pulu bir neçə ay ərzində iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, borc aldığı puldan bir qismini qaytarsa da qalan hissəsini qaytarmamış və hazırda iddiaçının və cavabdehin özünün də etiraf etdiyi kimi iddiaçıya 10500 manat borcu qalmışdır. Cavabdeh könüllü olaraq iddiaçının borcunu qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı iddiaçının tələbinin qismən- 12000 manat həcmində deyil, iddiaçının özünün etiraf etdiyi və cavabdehin qəbul etdiyi həcmdə 10500 manat həcmində əsaslı olduğu məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, belə olduğu halda iddia tələbi qismən təmin edilməklə Cavabdeh 10.500 manat pul alınaraq İddiaçı verilməlidir. İddiaçı iddia tələbində tələb etdiyi 12000 manat əsas borcla yanaşı dövlət rüsumu olaraq ödədiyi 126 manat pulun da cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda- alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən- 10500 manat həcmində təmin edildiyindən həmin hissəyə mütənasib olaraq 121,5 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 10.500 (on min beş yüz) manat məbləğində pul və 121,5 manat (bir yüz iyirmi bir manat əlli qəpik) məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar