Məhkəmə qərarları › İş №2(067)-1967/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1967/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1967/2021 04.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 681.26 (altı yüz səksən bir manat, iyirmi altı qəpik) manat əsas borc, 10.24 (on manat, iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 691.50 (altı yüz doxsan bir manat, əlli qəpik) manat pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 29.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 700 manat məbləğində kredit verilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli fərmanına əsasən cavabdehlə 02.07.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanılmış, Cavabdeh2 29.05.2013-cü il tarixli kredit müqaviləsi ilə aldığı 700 (yeddi yüz) manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 686.12 manatlıq hissəsinin ödənməsi məqsədi ilə bu məbləğdə illik faiz dərəcəsi 1 % olmaqla, 5 il müddətinə güzəştli kredit verilmişdir. Həmçinin, Cavabdeh2 bank qarşısında öhdəliklərinin təminatı olaraq digər Cavabdeh1 ilə 02.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Ötən müddət ərzində Cavabdeh2 kredit borcunu ödəməkdən yayınmışdır. Cavabdehlərin 04.05.2021-ci il tarixə 02.07.2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə 681.26 (altı yüz səksən bir manat, iyirmi altı qəpik) manat əsas borc, 10.24 (on manat, iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 691.50 (altı yüz doxsan bir manat, əlli qəpik) manat məbləğində borcları vardır və bu borcun ödənilməsi təmin edilməlidir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini dinləyib, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 29.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 700 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli fərmanına əsasən cavabdehlə 02.07.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanılmış, Cavabdeh2 29.05.2013-cü il tarixli kredit müqaviləsi ilə aldığı 700 (yeddi yüz) manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 686.12 manatlıq hissəsinin ödənməsi məqsədi ilə bu məbləğdə illik faiz dərəcəsi 1 % olmaqla, 5 il müddətinə güzəştli kredit verilmişdir. Cavabdeh2 bank qarşısında öhdəliklərinin təminatı olaraq digər Cavabdeh1 ilə 02.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlərin 04.05.2021-ci il tarixə cavabdehlərin 02.07.2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı MMCyə olan borclarının məbləği 681.26 (altı yüz səksən bir manat, iyirmi altı qəpik) manat əsas borc, 10.24 (on manat, iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 691.50 (altı yüz doxsan bir manat, əlli qəpik) manat təşkil edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi üçün cavabdehlərə pretenziya məktubları göndərilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 02.07.2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Eyni zamanda Cavabdeh1 da zamin kimi 02.07.2019-cu il tarixli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 681.26 (altı yüz səksən bir manat, iyirmi altı qəpik) manat əsas borc, 10.24 (on manat, iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 691.50 (altı yüz doxsan bir manat, əlli qəpik) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 681.26 (altı yüz səksən bir manat, iyirmi altı qəpik) manat əsas borc, 10.24 (on manat, iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 691.50 (altı yüz doxsan bir manat, əlli qəpik) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar