Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1974/2020 12.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Tabeliyində Maraqlı şəxsn Xaçmaz rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin itkin elan edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində anadan olan Rüstəmov Zöhrab Fətəli oğlunun xx.xx.2017-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Rüstəmov Zöhrab Fətəli oğlu ilə 2006-cı ildə faktiki olaraq evlənmişlər, xx.xx.2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə xx.xx.2007-ci ildə Rüstəmov Fətəli Zöhrab oğlu, xx.xx.2009-cu ildə Rüstəmov Sevinc Zöhrab qızı və xx.xx.2017-ci ildə Rüstəmov Məhəmməd Zöhrab oğlu adlı üç uşaqları anadan olmuşdur. Əri maddi vəziyyətləri yaxşı olmadığına görə 2017-ci ilin yay aylarında RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhərinə qazanc dalınca gedib və o vaxtdan geri qayıtmayıb. Onun barəsində heç bir məlumat yoxdur. RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhər Polis Şöbəsinə məsələ ilə bağlı müraciət etmişlər və oradan onlara göndərilən cavab məktubunda qeyd olunur ki, həyat yoldaşı xx.xx.2017-ci ildən xəbərsiz itkin düşmüşdür. Hazırda uşaqları ilə birlikdə dolanmaqda çətinlik çəkir, ona görə də maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Tabeliyində Maraqlı şəxsn Xaçmaz rayon Xidmət Nümayəndəliyinə müraciət etmişdir, lakin ona həyat yoldaşının xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə lazım oliduğu bildirilmişdir. Odur ki, məhkəməyə ərizə ilə müraciət etməli olmuş və ərizənin təmin olunmasılnı xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ayət Bəxtiyarovna ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki,həyat yoldaşının xəbərsiz itkin düşməsi ilə əlaqədar yerli orqanlara müraciət etməmişdir. Ərinin itkin düşmüş hesab edilməsi ona uşaqları üçün müavinət almaqdan ötrü lazımdır. Onun ərizəsi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur, ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Tabeliyində Maraqlı şəxsn Xaçmaz rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X6 izahat verərək göstərmişdir ki, ərizə ilə razı deyildir. Ona görə ki, ərizəçi ərinin itkin düşməsi ilə bağlı heç bir yerli orqana müraciət etməyib, halbuki, onun əri Azərbaycan Respublikasının vətəndaşıdır və o, artıq bir dəfə RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhərinə getmiş və geri qayıtmışdır. Ərizəçinin ərinin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün kifayət qədər sübutlar yoxdur. Ona görə də ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutları tədqiq etməklə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 16414568 saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X4 xx.xx.1993cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 08479973 saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Rüstəmov Zöhrab Fətəli oğlu xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuşdur. İş materiallarında olan ərizədən müəyyən olunur ki, Ərizəçi RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhər üzrə DİN Şöbəsinə məsələ ilə bağlı müraciət etmişdir. İş materiallarında olan X2 vilayətinin Pyatiqorsk şəhəri üzrə DİN Şöbəsinin xx.xx.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində anadan olan Rüstəmov Zöhrab Fətəli oğlu xəbərsiz itkin düşmüş şəxs kimi RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhəri üzrə DİN şöbəsinin axtarışındadır. İş materiallarında olan AZ-İ seriyalı 706188 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Rüstəmov Zöhrab Fətəli oğlu ilə Ərizəçi arasında xx.xx.2011-ci il tarixdə nikah qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 733010 saylı, AZ-İİ seriyalı 733009 saylı, İİİ-DN seriyalı 605941 saylı doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə Rüstəmov Fətəli Zöhrab oğlu, xx.xx.2009-cu ildə Rüstəmov Sevinc Zöhrab qızı və xx.xx.2017-ci ildə Rüstəmov Məhəmməd Zöhrab oğlu adlı üç uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinin tələblərinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə araşdırması zamanı ərizəçinin əri Rüstəmov Zöhrab Fətəli oğlunun itkin düşməsi ilə bağlı onun yaşayış yeri üzrə aidiyyəti orqanlara rəsmi müraciət edilmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinin tələblərinə əsasən fiziki şəxsin olduğu yerin məlum olmaması və iki il ərzində məhz yaşayış yerində görünməməsi hallarında maraqlı şəxslərin ərizəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilə biləcəyini təsbit edir. Lakin, iş materiallarına Rüstəmov Zöhrab Fətəli oğlunun olduğu yerin məlum olmaması və iki il ərzində yaşayış yerində görünməməsini təsdiq edən mötəbər sübutlar əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X11 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığından, ərizə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizəçi şəxsin itkin elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1974/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1974/2020
12.10.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver