Məhkəmə qərarları › İş №2(067)-200/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-200/2022

10.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-200/2022 10.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh X1 nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Arzu kəndində yerləşən cavabdeh X3 məxsus yaşayış evindən onun, oğlu X7 və oğlu X8 istifadə hüququnun müəyyən ediməsi və onların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh onun qaynatasıdır. Nümayəndə2 ilə 11.02.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə 12.09.2007-ci il təvəllüdlü X10 və 01.12.2008-ci il təvəllüdlü X11 anadan olmuşdur. Əvvəllər mehriban bir ailə kimi dolanmışlar. Son zamanlar xasiyyətləri uyğun gəlmədiyindən yerli-yersiz aralarında mübahisələr yaranmışdır. O ailəsinin və uşaqlarının xatirinə onun belə hərəkətlərinə dözüb ailənin dağılmamasını istəmişdir. Lakin onların münasibətləri o həddə çatdı ki, bir ailə kimi yaşamaları qeyri mümkün olmuşdur. Buna görə də, Nümayəndə2 ilə aralarında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsi 2(067)-1193/2019 saylı 07.10.2019-cu il tarixli qətnaməsi ilə aralarında 11.02.2004-cü ildə bağlanmış nikahı ləğv edilmişdir. Hal-hazırda o, iki uşağı ilə birlikdə Quba rayonu, Hacıqayıb kəndində yerləşən valideyinlərinin evində yaşayır. Birgə yaşadığı dövrdə Xaçmaz rayonunun Arzu kəndində 8 sot torpaq sahəsində ikimərtəbəli, 3 otaq, 1 balkon, hamadan ibarət ev tikmişlər. 2007-ci ildən həmin evdə yaşamışlar. Uşaqlarda həmin evdə anadan olmuşdur. Bundan əlavə onun həmin evdə çox zəhməti olmuşdur. O, gəlin köçəndə ona bildirmişlər ki, həmin torpaq sahəsi Habilə məxsusdur. İndi ona məlum olmuşdur ki, torpağın sənədləri dəyişdirilərək, cavabdeh qaynatasının adına keçirilmişdir. Bu günə kimi onun cehiz əmlak əşyaları oradadır. Həmin evin tikilməsində onun qardaşı, atası böyük zəhmət çəkmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2003-cü ildə cavabdehin oğlu Nümayəndə2lə ailə qurmuş və onun babasının adına qeydə alınmış evə gəlin köçmüşdür. 2007-ci ilədək orada yaşamışlar, bundan sonra mübahisəli evə köçüb yaşamışlar. Orada onların iki uşağı anadan olub. Həmin evin tikintisinə onun atası da, qaynatası da köməklik göstəriblər. Ona görə ki, ev onunla Habil üçün tikilmişdir. 2019-cu ildə evdən məcbur olub çıxmış və 07.10.2019-cu ildə Habil ilə boşanmışlar. Həmin vaxtdan iki uşağı ilə birlikdə atasının evində yaşayır. 2003-cü ildə əri Habilin babasının evinə gəlin köçmüş və 2007-ci ilədək orada yaşamış. 2007-ci ildə mübahisəli evə köçmüş və 2019-cu ilin mart ayının 8dək orada yaşamışdır. 08 mart 2019-cu ildə döyülüb evdən çıxarılmışdır. 07.10.2019-cu ildə Habil ilə boşanmışdır. Əmlaklarının mübahisəli evdən çıxarılmasına məhkəmədə özü razılıq vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçı ilə analoji ifadə verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, X5 onun atasıdır. O, iddiaçı ilə 2003-cü ildə evlənmişdir. İki uşağları var. İddiaçı onun babasının adına qeydə alınmış evə gəlin köçmüşdür. Həmin evdə onlar müvəqqəti yaşamışdır. Həmin ev və hazırkı mübahisəli ev ona məxsus deyil, atasına məxsusdur. Boşanma söhbəti olanda iddiaçı mübahisəli evdən çıxıb atasının evinə qayıtmışdır. Hazırkı iddianı tamamilə əsasız sayır və rədd edilməsini xahiş edir. İddiaçının gəlin köçdüyü ev onun babasına məxsus olub. O da, evini atasına vəsiyyət edib. Mübahisəli ev isə 2011-ci ildə inşa edilib, 2019-cu ildə isə həmin evə mülkiyyət sənədləri alınıb. Mübahisəli ev atasına məxsusdur. Atası evi özü üçün tikib, o və keçmiş arvadı, hazırki iddiaçı isə həmin evdə müvəqqəti yaşamışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamamıdır. Belə ki, iş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən 0.06 ha ümumbirgə torpaq sahəsi X1, X4, Nümayəndə2, X2 və X9 adına qeydiyyata alınmış, torpaq sahəsinin üzərində inşa edilmiş 182,2 kv.m sahəsi olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 21.05.2019-cu il tarixli **********09-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən, ümumi sahəsi 182.2 kv m. olan iki mərtəbəli, yaşayış sahəsi 98.6 kv.metr olan fərdi yaşayış evi X3 məxsusdur. İş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən surəti təsdiq olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının” 30 №li Aktın 5-ci bəndindən görünür ki, obyektin tikintisi 10 mart 1997-ci ildə başlamış və 25 fevral 2011-ci il tarixdə başa çatmışdır. Habelə, sözügedən Aktın məzmunundan görünür ki, Xaçmaz rayonu, Arzu kəndində yerləşən Cavabdeh məxsus iki mərtəbəli yaşayış evi “kafi” qiymətlə istismara qəbul edilmişdir. Beləliklə də, tədqiq olunan sənədlərlə müəyyən olunur ki, mübahisəli ev İddiaçı ilə cavabdehin oğlu Nümayəndə2 nikaha daxil olmamışdan əvvəl tikilməyə başlamış və iddiaçı həmin evə köçən zaman ev tikilməkdə olsa da, özbaşına tikili kimi yox, ilkin sənədlərə əsasən qayınatası X1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən iddiaçının qaynatasının adına qeydə alınmış Xaçmaz rayonu, Arzu kəndində yerləşən evdən istifadə hüququnu əldə etməsi üçün həmin şəxslə yazılı razılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq belə bir razılıq dedikdə notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma başa düşülür. İddiaçı isə belə bir yazılı razılaşmanı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən isə belə bir yazılı razılaşmanın olmadığı müəyyən edilmişdir. Belə olan halda MM-nin 228-ci maddəsinə əsasən iddiaçının mübahisəli evdən istifadə hüququ müəyyən edilə bilməz. Göründüyü kimi, mübahisəli ev iddiaçının qayınatasının sahibliyində olmuşdur və iş materiallarında iddiaçının mübahisəli evə istifadə hüquqlarının yarandığını təsdiq edən mülkiyyətçi ilə bağlanan yazılı razılaşma yoxdur. Bu baxımdan iddiaçının mübahisəli evə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə iş üzrə bütün sübutları araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı evə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar