Məhkəmə qərarları › İş №2(067)-2013/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2013/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2013/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklifi aldığı xx.xx.2023-cü il tarixdən hesablanmaqla, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat mediasiya xərcinin də cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3717/2016 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 80 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə göstərilən hallar müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məlum olduğu kimi hazırda sənaye və ərzaq mallarının qiymətlərində bahalaşma olmuş, uşağın saxlanılması üçün müəyyən olunmuş 80 manat məbləğində aliment uşaqların ehtiyaclarını ödəmir. 2023-cü il üçün bir uşağın saxlanılmasına görə minimal istehlak səbəti 220 manat müəyyən edilmişdir. Cavabdeh hər ay uşaqların saxlanılmasına görə 250 manat məbləğində aliment ödəyəcəyi halda nisbətən uşağın ehtiyaclarını qarşılamaq olar. xx.xx.2023-cü il tarixdə cavabdehə mediator tərəfindən mediasiyaya dəvət məktubu göndərilsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tərəfindən mediasiya xərci olaraq 50 manat ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1482/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 125 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda xx.xx.2005-ci il təvəllüdlü qızı X6 yetkinlik yaşına çatmış, xx.xx.2008-ci il təvəllüdlü X5 isə yetkinlik yaşına çatmamışdır. İstərdi ki, uşağının saxlanılması üçün cavabdehdən hər ay tutulmalı olan sabit məbləğdə aliment heç olmasa 190 manat müəyyən edilsin. Bildiyinə görə cavabdeh fındıq sexində işləyir, o, özü isə işləmir, ürəyində problem var. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddia ərizəsinə dair etiraz və münasibətini bildirməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işəş baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 3717/2016 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 1482/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2589/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 125 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış cavabdehin gəlirləri barədə məlumatlardan müəyyən olunmuşdur ki, Cavabdeh rəsmi iş yeri qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 125 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2008-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 30 manat artırıldığından, iddianın qiyməti 55 manat x 12 aya= 660 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Həmçinin Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(067)-1482/2021 saylı qətnaməsi üzrə təyin edilmiş aliment miqdarı dəyişdirilsin, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar