Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2023/2021 17.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 17 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Əmirəh qızı,Cavabdeh2 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına aparılmış tikili və hasarların onların hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə manelərin yaradılmasının cavabdehlərə qadağan edilməsi, yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı vurulmuş maddi ziyan məbləği olaraq 17000 manat məbləğində pul vəsaitinin, mənəvi zərər vurduqlarına görə də 10000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birinci iddiaçı olaraq onun- İddiaçı1 mülkiyyətindədir. Həmin evdə onlar keçmiş ailə üzvləri olan cavabdehlərlə birgə yaşamışlar. Sonradan ailə üzvlərinin sayı çoxaldığından və həmin evdə darısqallıq yarandığından o, İddiaçı1 Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsində yeni yaşayış evi tikmək və bundan sonra əvvəlki evi sökmək üçün icazə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ona məxsus həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra iddiaçı olaraq hər ikisi müxtəlif banklardan kredit məbləğləri götürərək həmin evin tikintisinə başlamışlar. Bu minvalla fərdi yaşayış evinin tikintisi faktiki olaraq həyata keçirilmişdir. Lakin tikilmiş evin dam örtüyünün vurulması mərhələsində Cavabdeh1 iddiaçı həyat yoldaşı İddiaçı2 ilə birgə yaşamaq istəməyərək nikahının pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və onların nikahı pozulmuşdur. Bundan sonra Cavabdeh1 onların vəsaiti ilə tikilmiş fərdi yaşayış evini ələ keçirmiş, digər cavabdehlərlə həmin evə yerləşərək onları öz mülkiyyətlərindən məhrum etmişdir. Bununla kifayətlənməyən cavabdehlər həyətin daxilində darvazadan başlayaraq hasarlama işləri aparmış, köhnə evə girişləri üçün kiçik cığır saxlayaraq həyətin torpaq sahəsini də özlərinin qanunsuz istifadələrinə qatmışlar. Halbuki, yuxarıda qeyd eydikləri kimi, sözügedən həyətyanı torpaq sahəsi mülkiyyətində olan fərdi yaşayış evinin torpağıdır və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həmin torpaq sahəsi üzərində onun- İddiaçı1 əvəzsiz mülkiyyət hüququ yaranmışdır. Baxmayaraq ki, o, bu hüququnu bu günədək həyata keçirməmiş, həmin torpaq sahəsi üzərində onun gözləntili mülkiyyət hüququ artıq formalaşmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlar nəinki öz mülkiyyətlərində olan fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum edilmişlər, həm də kredit və borc müqabilində tikdikləri fərdi yaşayış evi də əllərindən alınaraq ziyana uğradılmışlar. Belə ki, ”Kapital Bahk” ASC və "xxxx" ASC-dən götürdükləri kreditin bir qismi tərəflərindən bağlanılmış, bir qismi üzrə isə banklara ödənişləri hələ də davam edirlər. Ümumilikdə, həmin fərdi yaşayış evinin tikintisinə tərəflərindən 17000 manata yaxın pul vəsaiti xərclənilmişdir.nHesab edirlər ki, cavabdehlərin bu qanunsuz əməllərinə məhkəmə qaydasında son qoyulmaqla yanaşı, onlar tərəfindən dəymiş ziyan məbləği də ödənilməlidir. Cavabdehlərin zəbt etdikləri fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etmələrinə əsas verən hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Buna baxmayaraq onlar qanunsuz olaraq onlara məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, bunun hər hansı bir nəticəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçılar lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçıların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Eyni zamanda iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz şəhəri Əlif Hacıyev küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinə İddiaçı1 Əlibaba qızının adına texniki pasport işlənilmişdir. İş materiallarında olan ********* qeydiyyat nömrəli, **********54-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri Əlif Hacıyev küçəsində yerləşən ev 12, mənzil 1 tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçılar iddia etdikləri torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişlər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, iddianı əsaslandıran hər hansı hüquq müəyyənedici sənədlər iddiçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2023/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2023/2021
17.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver