Məhkəmə qərarları › İş №2(067)-2026/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2026/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2026/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində pulun və 105 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, öz vəsaiti hesabına əldə olunan, ona məxsus olan ancaq, X2nun adına rəsmiləşdirdirdiyi “Chery Fulwin” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin iyun ayında Cavabdeh məxsus “Opel Astra” markalı avtomobillə dəyişmək barədə cavabdehlə şifahi formada razılığa gəlmişlər. O, “Chery Fulwin” markalı avtomobilə 6500 manat, cavabdeh isə “Opel Astra” markalı avtomobilə 11500 manat qiymət qoydu. Belə ki, onlar razılaşaraq avtomobillərin qiymət fərqindən yaranan 5000 manat puldan ilkin olaraq cavabdehə 2000 manat pul ödəmiş və yerdə qalan pulu aylıq 300 manat olmaqla cavabdehə ödəyəcəyini öhdəsinə götürmüşdür. Razılığa gələndən sonra cavabdeh “Opel Astra” markalı avtomobili heç bir rəsmi sənədləşmə, etibarnamə olmadan ona vermişdir. xx.xx.2021-ci il tarixində isə onun tapşırığına əsasən atası X1 rayon Notariat Ofisində Cavabdeh “Chery Fulwin” markalı avtomobilə görə etibarnamə vermişdir. Lakin, sonradan ona məlum oldu ki, “Opel Astra” markalı avtomobil bankın girovundadır, ona görə cavabdeh ona etibarnamə verə bilmir. Daha sonra ona “Opel Astra” markalı avtomobilə görə kredit ödənişlərinin ödənilməsi ilə əlaqədar bankdan zənglər gəlməyə başlamışdı. Bütün bunlarla əlaqədar həmin avtomobili Cavabdeh geri qaytarmşdır. Lakin, Cavabdeh “Chery Fulwin” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobili satdığından geri qaytara bilmədi. Sonradan o, Cavabdeh ilə razılaşmışdır və cavabdeh “Chery Fulwin” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq 6500 manat pulu və ilkin ödəniş olaraq ödədiyi 2000 manat məbləğində pulu ona ödəyəcəyini öz öhdəliyinə götürdü. X2 həmin razılaşmaya etiraz etməmişdir. Həmin razılaşmanın üzərindən xeyli müddət keçsə də, dəfələrlə cavabdehdən pulu ödəməsini tələb etsə də, cavabdeh həmin pulu ödəməkdən boyun qaçırmışdır. Göstərilən məsələ ilə bağlı Şabran rayon Polis şöbəsinə müraciət etsə də, qeyd olunan məsələnin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Məlumat üçün bildirir ki, Cavabdeh Şabran rayon Polis şöbəsində izahat verərək ona 8500 manat məbləğində pul ödəməli olduğunu etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, xx.xx.2021-ci ildə cavabdehə atasının adına qeydə alınmış “Chery” markalı avtomaşını nisyə satmışdır. Aralarındakı olan razılaşmaya əsasən cavabdeh ilkin ödəniş kimi ona 1-1,5 ay ərzində 2000 manat verərərk, sonrakı aylarda isə 500 manatdan aylıq ödənişlər edəcəkdir. O, atasının adından cavabdehə baş etibarnamə vermişdir. Bundan sonra cavabdeh ondan əlavə olaraq 2000 manat borc istədi və o, cavabdehə 2000 manat borc pul vermişdir. Lakin hazırkı vaxtadək cavabdeh cəmi 8500 manat pulunu qaytarmayıb, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Ona görə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, onun hazırda iddiaçıya 8500 manat borcu var. Yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. İddiaçıya 8500 manat pulu qaytarmağa etiraz etmir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, “Chery Fulwin” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı Cavabdeh etibarnamə əsasında satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunur ki, İddiaçı 105 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə işin hallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, iddia Cavabdeh tərəfindən də etiraf olunduğundan əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8500 manat borc pul və 105 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8500 manat məbləğində pulun və 105 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar