Məhkəmə qərarları › İş №2(067)-2027/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2027/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2027/2022 27.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1la çoxdan tanış olmuşlar, onun oğlu Beyləqan rayonunda hərbi hissədə müddətdən artıq hərbi xidmətdə qulluqçudur. Bir müddətdən sonra oğlu hərbi uyğunsuzluğuna görə qulluqdan azad edilib. Cavabdeh1 onlara oğlunu yenidən işə düzəldə biləcəyini bildirmişdir. Onlar həmin şəxslərlə görüşmüşlər. Həmin şəxslər cavabdehlər Cavabdeh3 və Cavabdeh2, onların oğlunu yenidən işə bərpa etmək üçün 5400 manat pul istəmişlər. O, həmin məbləği Cavabdeh1 onlara çatdırması üçün vermişdir. Cavabdehlərə zəng edərək oğlunun işə bərpa olunması ilə bağlı məsələnin nə yerdə olduğunu maraqlananda onlar müxtəlif bəhanələr gətirməklə yaxın vaxtlarda oğlunun işə qayıdacağını bildirmişlər. Bir müddət keçdikdən sonra cavabdehlər telefon zənglərinə artıq cavab verməmişlər. Aldandığını başa düşərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 4000 manat pul vermişdir ki, oğlunu hərbidə işə düzəltsin. 1300 manat da Cavabdeh3 vermişdir. O, Cavabdeh2 tanıyırdı. Onları Cavabdeh1 tanış etmişdi. Cavabdeh2 ondan 4000 manat pul alıb verib Cavabdeh3. Sonrdan Mirzə ondan əlavə olaraq 500 manat da almışdır. Daha sonra da hissə-hissə cəmi 5400 manat pul alıb. Bununla əlaqədar polis orqanlarına müraciət etmişdir, lakin ona bildiriblər ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı iddianı qaldırmış və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, Cavabdeh2 ilə 6-7 il idi ki, tanış olub. Onunla söhbət əsnasında Bayram kişinin problemi barədə danışdı, o, da dedi ki, onunla oturub söhbət edəcək. Sonradan onlar görüşüb söhbət ediblər. İddiaçı bankdan 4000 manat pul alıb onun yanında Cavabdeh2 verib ki, oğlunu hərbidə işə düzəltsin. Bundan 2 il keçəndən sonra Bayram ona zəng elədi ki, Üzeyirlə Mirzə işi düzəltməyiblər və pulu da qaytarmayıblar. Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar