Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2032/2020 13.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş oğlu X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay cavabdehdən 200 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2079/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə anadan olmuş övladları X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 154 manat məbləğində sabit aliment alınaraq ona verilməsi qət edilmişdir. Halhazırda övladları Emilin 2 yaşı var, uşaq xəstədir, o özü də xəstədir. Onun müalicə xərcləri, tələbatı gündən-günə artır. Mövcud iqtisadi şəraitdə onu saxlamaqda, maddi tələbatının təmin edilməsində çətinlik çəkir. Cavabdehin ödədiyi aliment uşağın aylıq qidasına, iynədərmanına belə çatmır. Hazırda o, uşağı ilə birgə valideynlərinin himayəsində yaşayır. Uşağın bütün qayğı və ehtiyaclarını atası çəkir, cavabdeh isə bunları nəzərə almır və uşağa qayğı göstərmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı onun qızıdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2079/2019 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü oğlu Emilin saxlanılması üçün iddiaçının xeyrinə hər ay 154 manat aliment tutulması qət edilmişdir. Cavabdehin alimenti mütəmadi ödəməsinə baxmayaraq, bu məbləğ yetərli deyil. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2079/2019 saylı qətnaməsi qəbul edildikdən sonra ölkədə uşaqlar üçün yaşayış minumumu artırılmış və istehlak mallarının qiymətləri xeyli artmışdır. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin torpaq sahəsi, avtomaşını var. O, bacılarının hektarlarla torpaq sahələrindən də istifadə edir. Cavabdehin gəlirləri barədə sübutu yoxdur. İddiaçı heç yerdə işləmir və qazancı yoxdur. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək, özünün 37 sot otlaq torpaq sahəsi və avtomaşını olduğunu, amma onunla gəlir əldə etmədiyini, uşaq üçün müəyyən edilmiş alimenti ödədiyini, lakin bundan artıq miqdarda aliment ödəməyə imkanı olmadığını, özünə məxsus otlaq sahəsində mal-qara saxladığını, bəzən günə 10- 15 manat qazanc əldə etdiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2079/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehdən xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat məbləğində sabit alimentin alınaraq İddiaçı ödənilməsi qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2079/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 mənafeyinə zidd olacağı və uşağının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2079/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2032/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2032/2020
13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver