Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2043/2020 20.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyəiddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 931,17 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2019-cu ildə X5 adlı uşaqları anadan olmuşdur, uşaq hazırda onun yanındadır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur. O, cavabdehlə birgə nikah dövründə, yəni xx.xx.2019-cu ildə “xxxxxxx” ASC-nin Xaçmaz filialı ilə müqavilə bağlayaraq 1000 manat məbləğində kredit almışdır, həmçinin elə həmin vaxt “Albalı” kart vasitəsilə həmin bankdan 500 manat da əlavə pul çıxarmışdır. Kredit müqaviləsi onunla bağlandığına görə o, cavabdehlə boşanandan sonra kredit öhdəliklərini özü icra etmiş və 1000 manat kreditə görə 1188,73 manat, “Albalı” kartından çıxarılan 500 manat pula görə 673,60 manat pul ödəmişdir. Hesab edirlər ki, kreditlər iddiaçı ilə cavabdehin birgə nikah dövründə götürülərək ailənin xərclərinə sərf olunduğuna görə ödənişin yarı hissəsi, yəni 931,17 manat pul cavabdeh tərəfindən ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki,İddiaçı onun qızıdır. Kreditlərin ailənin xərclərinə sərf olunduğuna dair məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd olunanlara əsasən iddiaının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı xx.xx.2018-ci il tarixli rəsmi nikah qeydi pozulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 280nkXCHZ/19 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı “xxxxxxx” ASC-nin Xaçmaz filialı tərəfindən illik 29% dərəcəsi ilə 14 ay müddətinə aylıq 86 manat ödəmək şərti ilə 1000 (bir min manat) məbləğində kredit verilmişdir, həmçinin elə həmin vaxt borcalan “Albalı” kart vasitəsilə həmin bankdan 500 manat da əlavə pul çıxarmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rusumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan göründüyü kimi müqavilə onun tərəfləri üçün məcburidir və müqavilənin vaxtında və lazımi qaydada icrası üçün həmin müqaviləni bağlamış tərəflər məsuliyyət daşıyırlar.Tərəflərin birgə nikahda olduqları dövrdə iddiaçı ilə “xxxxxxx” ASC-nin Xaçmaz filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin icrası üzrə iddiaçı tərəfindən ödənilmiş pul məbləğinin yarısının cavabdehdən tutulmasını şərtləndirən hüquqi əsas mövcud deyil, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranması üçün hüquqi faktın olması zəruridir. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr – insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2043/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2043/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver