Məhkəmə qərarları › İş №2(067)-2061/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2061/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2061/2022 26.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1561 manat pulu və ödədiyi 36 manat dövlət rüsumunun, cəmi 1597 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu, Ağaşirin-oba kəndində yaşayır. O, AR Vergilər Nazirliyinin 3 saylı Vergilər idarəsi tərəfindən verilmiş ********** saylı VÖEN əsaında evinin həyətində tikilmiş qarışıq mallar mağazasını işlədir. Cavabdeh həmkəndlisi olmaqla yanaşı həm də qohumudur. Cavabdeh mağazanı işlətdiyi 15 il ərzində ondan dəfələrlə malları nisyə alaraq sonradan gəlib pulunu ödəmişdir. Ona görə də o, cavabdehə etibar edərək mağazadan nisyə mal vermişdir. 2018-2019-cu illərdə cavabdeh ondan nisyə olaraq 1266 manat və 295 manat dəyərində ərzaq və təsərrüfat malları almışdır. Hər dəfə təzə mallar alanda köhnə borcunu qaytaracağını bildirmişdir. Axırıncı dəfə 2019-cu ildə nisyə mal vermiş və yığılan borcları qısa vaxt ərzində qaytarmağı tələb etmişdir. Lakin bu günə kimi cavabdeh pulunu qaytarmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, evinin həyətində qarışıq mallar satışı mağazasını işlədir. Cavabdeh həmkəndlisi və qonşusudur. Ondan nisyə mal alan kənd sakinlərinin adlarını dəftərə adlarını yazır, onlar aldıqları malın pulun ödəyəndə adlarını dəftərdən silir. Cavabdeh də hər dəfə ondan mal alıb pulunu ödəyib. O, cavabdehə inanıb hər dəfə nisyə mal satmışdır. 2018-2019-cu illərdə cavabdeh nisyə olaraq ondan 1266 manat və 295 manat dəyərində ərzaq və təsərrüfat malları almışdır. Hər dəfə cavabdeh nisyə mal alanda söz vermişdir ki, gələn dəfə əvvəlki borcunu qaytaracaq. Ona inanaraq yenidən nisyə mal satmışdır. Axırıncı dəfə cavabdehə 2019-cu ildə nisyə mal vermiş və tələb etmişdir ki, qısa müddət ərzində yığılan borcları, yəni 2018-ci il üçün 1266 manat və 2019-cu il üçün 295 manat, cəmi 1561 manat məbləğində ödəsin. Cavabdeh ona söz vermişdir ki, bütün borcunu gilas mövsümündə ödəyəcək. Lakin bu günə qədər cavabdeh pulunu ödəməmişdir. Ona görə də hazırkı iddianı qaldırmış və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar