Məhkəmə qərarları › İş №2(067)-2068/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2068/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2068/2020 23.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və X4 qarşı çəkilmiş xərclərin geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz şəhəri Səttərxan küçəsi ev 16-da yerləşən yaşayış evinə qoyduğu 20.000 (iyirmi min) manat bütün xərcin Cavabdeh1 və X1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə hərbi xidmətdən qayıdandan sonra Xaçmaz rayonunun Niyazoba kəndində yerləşən torpaq sahəsində 4 il ərzində tikilən evin tikintisinə 20.000 manat pul sərf etmişdir. Atası və analığı olan cavabdehlər ona və həyat yoldaşına orada yaşamağa imkan vermirlər. Onlarla bir evdə yaşamaq mümkün deyil. Ona görə qərara gəlmişdir ki, ki, evə çəkdiyi xərci cavabdehlərdən geri alıb özünə şərait qursun. Bu səbəbdən o, hazırkı iddianı qaldırmış və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, hərbi xidmətdən qayıdanda evin bünövrəsi atılmış və ev yarım tikili halda olmuşdur. Evin yalnız qapıları və pəncərələri olmuşdur, sonradan o, öz vəsaiti ilə evin tikintisini başa çatdırmış və buna 20.000 manat pul sərf etmişdir. Hazırda həmin evdə ondan başqa, atası, bacısı və ögey anası yaşayırlar. Evin tikintisinə pul sərf etdiyini şahidləri təsdiq edə bilərlər, bundan başqa heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Xaçmaz rayonunun Niyazoba kəndində yerləşən torpaq sahəsindəki evi o, tikmişdir, ev faktiki olaraq onun sahibliyindədir. Həmin evə dair bu yaxınlarda mülkiyyət sənədi də alacağını bildirmişdir. Bunun üçün DƏDRX-nin 5 saylı X10 müraciət etmişdir. İddiaçının evin tikintisində zəhməti olmamış, o, evin tikintisinə cəmi 1000 manat pul sərf etmişdir. Onu evdən qovan yoxdur, özü onlarla yola getmir və onları əsassız olaraq məhkəmə çəkişməsinə cəlb edir. Hazırda evdə o, arvadı, qızı və iddiaçı öz ailəsi ilə birlikdə yaşayırlar. Onun iddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd edilənlərə əsasən iddiaçının iddiasını əsassız hesab edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında X6 izahatında göstərmişdir ki, Xaçmaz rayonunun Niyazoba kəndində yerləşən torpaq sahəsindəki evi əri Cavabdeh1 tikib və həmin evə dair bu yaxınlarda mülkiyyət sənədi də alacaq. İddiaçı evin tikintisinə cəmi 1000 manat pul sərf etmişdir. Onu evdən qovan yoxdur, özü onlarla yola getmir. Hazırda evdə o, əri, qızı və iddiaçı öz ailəsi ilə birlikdə yaşayırlar. Ev faktiki olaraq əri Cavabdeh1 sahibliyindədir. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Əzizov X8 şəhəri Səttərxan küçəsi ev 16-da yerləşən yaşayış evinin faktiki sahibidir və mübahisəli evə dair mülkiyyət hüququna dair çıxarış alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmişdir. Həm iddiaçı, həm də cavabdehlər qeyd edilən halı qəbul etdiklərindən məhkəmə Cavabdeh1 evin faktiki sahibi və potensial mülkiyyətçisi olması halının müəyyən edildiyini hesab edir. İddiaçı Cavabdeh1 məxsus olan evin təmir və bərpa işləri üçün 20.000 (iyirmi min) manat məbləğində pul xərclədiyini iddia etmişdir, cavabdehlər isə iddiaçının evin təmir və bərpası üçün 1000 (min) manat xərc çəkdiyini etiraf etmişlər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın evin faktiki sahibi Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 1000 (min) manat məbləğində pulun tutulmalı olduğunu, iddianın qalan hissədə təmin edilməməli olduğunu hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X11 Məhkəməsi «X2rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. AR MM-nin 1091-ji maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məjəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 1000 (min) manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 5 (beş) manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 1000 (min) manat məbləğində pul tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 5 (beş) manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar