Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2078/2020 21.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, ddiaçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 300.98 (üç yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 11A000025709 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 2.5% olmaqla 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, götürdüyü kredit borcundan ödəməli olduğu 300.98 manat məbləğində vəsaiti banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2699.02 manat ödəniş etmiş və onun iddiaçıya 300.98 manat məbləğndə borcu qalmışdır. Həmçinin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən o, Cavabdeh1 bank qarşısındakı öhdəliyinə görə müştərək qaydada məsuliyyət daşıyır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankın dəfələrlə şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən kredit üzrə hesablanmış borcun qaytarılması üçün zəruri tədbirlər görülməmiş və o, borcunu ödəməmişdir. İddia ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstəmişdir ki, o, iddianı qəbul edir. Bu günə qədər krediti qaytarmağa maddi imkanı olmamışdır Krediti tez bir zamanda qaytaracaqdır. Ona görə hazırda iddianın təmin edilməsinə etirazı yoxdur və iddia tələbinə qarşı məhkəməyə təqdim edəcəyi heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 11A000025709 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 2.5% olmaqla 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 banka 300.98 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan 11G000022669 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 20(iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. Ona görə də, İddiaçı QSC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300.98 (üç yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı QSCnin xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300.98 (üç yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2078/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2078/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver