Məhkəmə qərarları › İş №2(067)-2083/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2083/2021

06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2083/2021 06.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 02.08.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli, 2- 311,2007 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq, hər ay sabit məbləğdə 170 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli, 2-311,2007-ci il saylı qətnaməsinə əsasən Cavabdeh ilə bağlanmış 03.03.2003-cü il tarixli rəsmi nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından olan 02.08.2005-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmış və Cavabdeh himayəsində olan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında və ya sabit pul məbləğində 25 manat alimentin alınaraq, ona veriməsi qət olunmuşdur. Qeyd olunmuş qətnamənin qəbul olunmasından 14 il keçmiş və hazırda qızının 16 yaşı vardır. Qət olunmuş alimentin məbləği qızının minimum ehtiyaclarını ödəməyə kifayət etmədiyi halda cavabdeh həmin məbləği də vaxtı-vaxtında ödəməkdən yayındığı üçün Xaçmaz Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 3(067)-282/2021 saylı qərarı ilə barəsində 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Hazırki vaxtda dolanışıq və kommunal xərclər bahalaşıb, ona görə də uşağa geyim əşyaları, dərs ləvazimatı almağa, uşağın minimum zəruri ehtiyaclarını ödəməyə çətinlik çəkir. Cavabdehin uşağın saxlanması üçün alimentin miqdarını artırmağa hər bir imkanı vardır. Belə ki, cavabdeh Xaçmaz rayon mərkəzi bazarının yaxınlığında mobil telefon satışı mağazaları işlədərək, gəlir əldə edir. Cavabdehdən hər ay 170 manatdan az olmamaqla aliment tutularsa, uşağın minimum dolanışıq xərclərini qarşılaya bilər. Göstərilənlərə əsasən o, məhkəməyə müraciət etmiş, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci tarixli qətnaməsinə əsasən iddiaçı ilə boşanmış və qızı Nilufər anasının himayəsində saxlanılmış, qızı üçün ondan hər ay qazancının ¼ hissəsi miqdarında və ya 25 manat alimentin tutulması qət edilmişdir. Onun 1000 manat aliment borcu olmuş, hazırda aliment borcunu ödəmişdir. O, Xaçmaz şəhər bazarı ərazisində parfümeriya mağazası işlədir və uşağının saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə etiraz etmir, bundan artıq aliment ödəməyə maddi imkanı yol vermir. Çünki başqa nikahdan 2 uşağı da vardır. Ona görə də iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli, 2-311,2007-ci il saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03.03.2003-cü il tarixli rəsmi nikah qeydi pozulmuş, həmin qətnaməyə əsasən tərəflərin birgə nikahlarından olan 02.08.2005-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmış və Cavabdeh 02.08.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında və ya sabit pul məbləğində 25 manat alimentin alınaraq, İddiaçı veriməsi qət olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 3(067)- 282/2021 saylı qərarından müəyyən olunur ki, Cavabdehməhkəmə q\tnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən yayındığı üçün onun barəsində 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. İş materiallarında olan 04.08.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçının izahatından aydın olmuşdur ki, tərəflərin arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli, 2-311,2007-ci il saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03.03.2003cü il tarixli rəsmi nikah qeydi pozulmuş, həmin qətnaməyə əsasən tərəflərin birgə nikahlarından olan 02.08.2005-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmış və Cavabdeh 02.08.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında və ya sabit pul məbləğində 25 manat alimentin alınaraq, İddiaçı veriməsi qət olunmuşdur. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay sabit pul şəklində cəmi 170 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli, 2-311,2007-ci il saylı qətnaməsinə əsasən Cavabdeh 02.08.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında və ya sabit pul məbləğində 25 manat alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, 25 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 02.08.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 170 ( yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 02.08.2005-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli, 2-311,2007-ci il saylı qətnaməsinə əsasən Cavabdeh 02.08.2005-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. 02.08.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar